إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

Milli Məclis dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə müraciət qəbul edib.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, müraciəti deputat Elnur Allahverdiyev oxuyub.

Müraciət səsə qoyularaq qəbul edilib.

Müraciətdə deyilir: “Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sayına, intellektual və mənəvi potensialına görə dünyanın böyük millətləri sırasında layiqli yer tutan qüdrətli Azərbaycan xalqının övladlarını dil, əqidə, əməl birliyinə çağırış günü ərəfəsində hər birinizi səmimi qəlbdən salamlayırıq.

Bu il dünya azərbaycanlıları 31 dekabr – həmrəylik gününü son dərəcə böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Ümummilli məqsəd naminə birləşib dəmir yumruğa çevrilməyi bacarmış Azərbaycan xalqı və onun qəhrəman Ordusu müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızın işğalına son qoymuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın düşmən işğalından azad  edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızı 30 ildən artıq davam edən məğlubiyyət sindromundan qurtarmış və onu qalib xalqa çevirmişdir.

Azərbaycançılıq amalı ətrafında milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcını qoymuş ulu öndər Heydər Əliyevin vəsiyyəti şərəflə yerinə yetirilmişdir. Bu gün Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada və azad edilmiş digər torpaqlarımızda şanlı Azərbaycan bayrağının dalğalanması ölkəmizin tarixində yeni inkişaf dövrünün başlandığını təcəssüm etdirir.

Bu tarixi zəfərə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimiz də dəyərli töhfə vermişlər. Siz doğma Azərbaycanımızın haqq işi naminə qüvvələrinizi birləşdirərək yaşadığınız ölkələrin dövlət orqanlarına və ictimaiyyətinə Vətən Müharibəsi barədə doğru-düzgün məlumatları çatdırmış, lazım gəldikdə kütləvi tədbirlər keçirərək, səsinizi ucaltmısınız.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Bəşər sivilizasiyasının inkişafının indiki mərhələsi dünyanın siyasi mənzərəsinin sürətlə dəyişməsi, millətlərin tarix səhnəsində oynadıqları rolların keyfiyyətcə yeniləşməsi ilə fərqlənir. Həyat sübut edir ki, yalnız öz gücünü bir yerə toplamağı bacaran xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini müdafiə etmək imkanlarını həyata keçirə bilirlər. Dünya tarixinə və mədəniyyətinə misilsiz  töhfələr vermiş Azərbaycan xalqının yeni dövrdə davamlı yüksəlişinin yolu məhz on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.

Son 17 ildə heyrətamiz inkişaf yolu keçərək Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının güvənc yeridir. Tarix boyu xalqımızın istedad və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlərin ənənələri bu gün də yaşadılır və inkişaf etdirilir. Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi gücünü, mədəni zənginliyini durmadan artıran, gələcəyə inamla baxan bir dövlətdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət dövlətimizə çox böyük uğurlar gətirir. Bir neçə il öncə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş Azərbaycan 2019–2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədridir. 120 ölkəni birləşdirən bu mötəbər qurumun rəhbəri seçilməsi ölkəmizin çox böyük beynəlxalq nüfuz və etibarından xəbər verir.

Azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə  yönələn uzaqgörən dövlət siyasəti həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Bu istiqamətdə görülən işlərin bir nəticəsi də budur ki, dünya azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi daha dərindən dərk edirlər. Azərbaycan diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından qoşulurlar. Onlar yaxşı anlayırlar ki, Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən  və mütəşəkkilliyindən çox asılıdır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi ümummilli qayələrimizin gerçəkləşməsi naminə daha sıx birləşməyə çağırır, xalqımızın mənafelərinin qorunması işində ayıq-sayıq olmağa səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, könül xoşluğu, doğma Azərbaycanımıza nurlu sabahlar arzulayırıq”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Dekabr, 2020  14:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!