إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlər müzakirə olunub

İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yanında yaradılan İctimai Şuranın videokonfrans formatında görüşü keçirilib.

Ahlibeyt.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsi səlahiyyətlərini icra edən Azad Cəfərlinin sədrliyi ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı yaradılan İctimai Şuranın üzvləri ilə videokonfrans formatında təsis görüşü təşkil edilib. Görüşdə işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irs nümunələrinin Ermənistan Respublikası tərəfindən dağıdılması, mənimsənilməsi və vandalizmə məruz qalması, dağıdılmış daşınmaz tarix və mədəniyyət abidələrinin vəziyyətinin qiymətləndirilməsi və bərpası ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Videokonfrans iştirakçılarını salamlayan Azad Cəfərli işğaldan azad edilmiş ərazilərimizdə yerləşən daşınmaz tarix və mədəniyyət abidələri, onların əhəmiyyəti və Ermənistan Respublikasının dağıdıcı və vandalizm aktları nəticəsində məhv edilmiş və mənimsənilmiş abidələrimizin hazırkı vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin və mədəniyyət müəssisələrinin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlərə başlayıb. Aparılan ilkin monitorinqlər zamanı 177 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, habelə 368 mədəniyyət müəssisəsinə baxış keçirilib. Monitorinqlər zamanı mədəniyyət müəssislərinin və abidələrin əksəriyyətinin dağıdıldığı, mənimsənildiyi və vandalizm aktlarına məruz qaldığı aşkar edilib. Hazırda monitorinq davam edir.

Azad Cəfərli Şuşa şəhərində də ölkə başçısının müvafiq tapşırığına əsasən inventarlaşdırma işləri aparıldığını diqqətə çatdırıb və daha sonra bu məqsədlə Şuşa şəhərinə ezam edilmiş Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu MMC-nin direktoru Telman Kərimliyə söz verib.

Telman Kərimli Şuşa şəhərində yerləşən abidələrin ümumi vəziyyəti barədə məlumat verərək qeyd etdi ki, şəhər ərazisində yerləşən bir çox abidə tamamilə məhv edilmiş, mənimsənilmiş, bəzi abidələr isə memarlıq quruluşu, bədii estetik görkəmi dəyişdirilərək yararsız hala salınmışdır. Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu MMC-nin direktoru abidələrə dəyən zərərin qiymətləndirilməsi, həmçinin onların gələcək bərpası üçün hazırda aparılan işlərin əhəmiyyətindən danışıb.

Daha sonra söz “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri, Şuşa şəhərinə ezam olunmuş nümayəndə heyətinin üzvü Faiq İsmayılova verilib. O, çıxışında işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələrinin qorunması, təbliği və bərpası ilə bağlı işlərin həyata keçirilməsində vətəndaş cəmiyyətinin, elm dairələrinin və bu sahənin fəallarının iştirakının əhəmiyyətindən danışıb.

Sonra söz videokonfrans iştirakçılarına verilib. Memarlıq və İncəsənət İnstitutunun dosenti Rahibə Əliyeva, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Şəhla Xəlili, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq-alim Səfər Aşurov, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, “İrs” jurnalının baş redaktoru Musa Mərcanlı və digərləri çıxış edərək abidələrin qorunması və bərpası ilə bağlı təkiflərini, ideyalarını diqqətə çatdırıblar.

Çıxışlarda belə bir ümumi fikir ifadə olundu ki, Qarabağda tarixi abidələrin bərpasına təcrübəli mütəxəssislərin cəlb olunması, Şuşanın unikal tarixi-mədəni simasının qorunması istiqamətində fəaliyyətə hər kəs töhfə verməyə hazırdır. Bu cür görüşlərin təşkilini yüksək qiymətləndirdiklərini qeyd edən İctimai Şura üzvləri buna görə təşəkkür ediblər. Üzvlər tərəfindən təqdim olunacaq məlumatların vahid bir elektron mühitdə cəmlənməsi təklifi irəli sürülüb. Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsi səlahiyyətlərini icra edən Azad Cəfərli həmin elektron mərkəzin yaradılmasını vacib hesab etdiyini bildirib. Bununla əlaqədar saytın yaradılması ilə bağlı işlərin icrasının Dövlət Xidməti tərəfindən həyata keçiriləcəyi qeyd olunub.

Videokonfransa yekun vuran Azad Cəfərli iştirakçılara fəallığa görə təşəkkürünü bildirib. O, İctimai Şura üzvləri ilə görüşlərin davamlı bir platforma ehtiva etdiyini diqqətə çatdırıb və bununla əlaqədar görüşlərin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Dekabr, 2020  13:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!