إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Prezident İlham Əliyev tariximizin qəhrəman dövlət başçısı salnaməsinin müəllifidir - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevi doğum günü münasibətilə "Twitter"də paylaşım edib.

 

Ahlibeyt.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ad günüdür. Güclü Azərbaycan dövlətinin qurucusu olan Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyaraq və müharibədə zəfərimizi təmin edərək tariximizin Qəhrəman Dövlət Başçısı salnaməsinin müəllifidir".

Qeyd edək ki, 24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

İki dəfə 1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçilib).

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib. Həmin il avqustun 4-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq inamlı qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına başlayıb.

Azərbaycan xalqı sabitliyə, dayanıqlı sosial-iqtisadi inkişafa, tərəqqiyə, müstəqil siyasətə səs verməklə azad və demokratik Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin edib.

Prezident İlham Əliyevin fəaliyyətinin bariz göstəricilərindən biri Dünya Bankının “Doing Business 2020” hesabatıdır. Bu hesabata əsasən Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil olub. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında ölkə hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu, islahatlara yönəlmə səviyyəsi üzrə 5-ci yeri tutub.

2019-cu il Azərbaycan rəhbərliyinin növbəti xarici siyasi uğuru - Oktyabrın 25-26-da Bakıda üzv-dövlətlərin sayına görə BMT-dən sonra ikinci ən iri təşkilat olan Qoşulmama Hərəkatının XVIII Sammiti keçirildi. Bu qurumda sədrlik 2019-2022-ci illər üçün Azərbaycana keçdi.

2019-cu il noyabrın 14-də isə Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilib. Bu, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında vacib rol oynadığını və oynamaqda davam edəcəyini təsdiqləyir.

2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətin ən parlaq zirvəsi oldu. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bu böyük qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı.

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt qoydu - Torpaqlarımızdan rədd olub getmək.

Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və müqəddəs bayrağımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər döyüşlə işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi.

Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanı cənginə almış COVİD-19 bəlası ilə səmərəli mübarizə aparmağı bacardı. Bu mübarizədə dövlət başçısı insanların sağlamlğını və xalqın rifahını əsas götürərək bu istiqamətdə sistemli tədbirlər həyata keçirdi. O cümlədən, ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmək və pandemiya nəticəsində baş verə biləcək böyük itqisadi geriləmənin qarşısını almaq məqsədilə iqtisadi dəstək paketi icra olundu və bu gün də icra olunmaqda davam edir. Bunun nəticəsində bu gün Azərbaycan pandemiyadan ən az zərər görən ölkələrdən biridir. Azərbaycan eyni zamanda pandemiya ilə qlobal mübarizəyə də mühüm dəstək verdi, 30-a yaxın ölkəyə humanitar yardım etdi və BMT Baş Assambleyasının COVİD-19-la mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinə nail oldu.

Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, başa çatmaqda olan il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar, tarixi qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Ahlibeyt.az olaraq Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2020  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!