إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qarabağ müharibəsi şəhidlərinin xatirəsi Kərbəla şəhərində anılıb

İraqın müqəddəs Kərbəla şəhərində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu ölkənin Nəcəf şəhərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir İmam Hüseyn və Həzrət Abbas məscidlərinin arasında yerləşən Beynəl-hərəmeyn adlı məkanda baş tutub.

Tədbirin keçirildiyi qalereyada Qarabağ müharibəsində şəhid olmuş azərbaycanlı döyüşçülərin şəkillərindən, ermənilər tərəfindən raket atəşinə tutulmuş Gəncə və Bərdə şəhərlərində mülki əhali arasındakı itkiləri, ermənilər tərəfindən təhqirə məruz qalan məscidlərin görüntülərini əks etdirən fotolardan ibarət sərgi açılıb. Fotosərgidə Azərbaycan Ordusunun qələbələrini və mübariz ruhunu canlandıran plakatlar da nümayiş etdirilib.

1

Tədbirdə çıxış edən azərbaycanlı tələbə İslam dinində şəhidə verilən dəyər barədə danışıb. O, Qarabağ probleminin tarixi, Azərbaycan Ordusunun öz torpaqları uğrunda haqlı mübarizəsinin mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, 30 ilə yaxın davam etmiş erməni işğalı nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib, 1 milyondan çox dinc sakin yurd-yuvasından didərgin düşüb. Nəhayət bu il sentyabrın 27-də Azərbaycan Ordusu işğal altında olan torpaqlarını qarış-qarış azad etməyə başlayıb, ağır məğlubiyyətlərə uğrayan erməni silahlı qüvvələri tutduqları ərazilərdən çıxmağa məcbur ediliblər.

1

İştirakçıların diqqətinə çatdırılıb ki, müsəlman coğrafiyasında Azərbaycan xüsusi yerə malikdir. Bu torpaqlarda İslam tarixinin və mədəniyyətinin mühüm abidələri mövcuddur. Azərbaycanın elm və sənət xadimləri müsəlman Şərqinin elm, ədəbiyyat və incəsənət tarixinə böyük töhfələr veriblər. Kərbəla şəhərində dəfn edilmiş dünya şöhrətli şairimiz Füzuli də bu şəxsiyyətlərdən biridir.

1

Digər çıxış edənlər Qarabağ müharibəsi şəhidlərinin xatirəsini anıb, Azərbaycan xalqının bu müharibədə Qələbə qazanmasından məmnunluqlarını bildiriblər. Onlar İraq xalqının Azərbaycanla həmrəy, Nəcəf və Kərbəla şəhərlərinin dini və elmi mərkəzlərinin Azərbaycan xalqının yanında olduğunu bir daha bəyan ediblər.

1

Tədbirdə ölkəmizin İraqdakı diplomatik missiyasının rəhbəri Nəsir Məmmədov, səfirliyin konsulu Hafiz Qocayev, Kərbəla şəhərinin valisi Nəsif C.əl-Həttabi, İraqda böyük nüfuza malik Həkimlər ailəsinin nümayəndəsi Seyid İzzəddin əl-Həkim, Ayətullah Sistaninin Kərkük üzrə nümayəndəsi Seyid Qənbər əl-Musəvi, İraqın əl-Mehdi kanalının müdiri Əla əl-Kəbi və başqaları iştirak ediblər. Bundan əlavə, İmam Hüseyn və Həzrət Abbas ziyarətgahlarının idarə heyətinin üzvləri, Nəcəf və Kərbəlanın nüfuzlu din alimləri, məntəqədə yaşayan ərəb tayfalarının başçıları, Tuzxurmatu məntəqəsindən gəlmiş türkmən nümayəndə heyəti, elm adamları, jurnalistlər, İraqda fəaliyyət göstərən bütün məşhur müctəhidlərin ofislərinin nümayəndələri də tədbirə qatılıblar.

1

Sərgi Kərbəlaya ziyarətə gəlmiş dindarlar və yerli sakinlərdə də böyük maraq doğurub. Sərgidə Azərbaycandakı dini tolerantlığı əks etdirən fotolar da nümayiş etdirilib.

Azərbaycanlı tələbələr sərginin ziyarətçilərinə nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat veriblər.

İraqın yerli KİV-ləri tərəfindən ətraflı işıqlandırılan sərgi daha 2 gün davam edəcək.

1

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2020  14:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!