إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Anar Kərimov ICESCO-nun baş direktoru ilə onlayn görüş keçirdi

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik ilə onlayn görüş keçirib.

Ahlibeyt.az-ın Mədəniyyət Nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, görüş zamanı tərəflər bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıblar.

A.Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya və islam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilmiş, bütün mədəni mülkiyyət talan olunmuş, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılmış, xüsusilə islam irsinə aid olan abidələr və məscidlər təhqir edilmişdir. Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirib.

Dr. Salim bin Məhəmməd Əl-Malik Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik edərək ICESCO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirib və eyni zamanda və bu sahədə əməkdaşlığa dair birgə İş Planının hazırlanmasının tərəfdarı olduğunu qeyd edib. ICESCO ekspertlərinin sözügedən ərazilərə araşdırma səfərinin təşkilinə də hazır olduğu baş direktor tərəfindən ifadə olunub.

A.Kərimov Azərbaycan və ICESCO arasında artıq uzun illərdir davam edən əməkdaşlığın önəmindən bəhs edib və bu iş birliyinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. A.Kərimov qeyd edib ki, hazırda Azərbaycan qarşı bəzi media orqanları və təşkilatlar tərəfindən qərəzli və qarayaxma kampaniyasının aparıldığını və buna qarşılıq olaraq ICESCO kimi beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsində daha fəal olmasının arzu olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq ICESCO-nun bu günə qədər həyata keçirdiyi bütün layihələrə dəstək vermiş və bundan sonra da bu dəstəyi əsigəməyəcəkdir.

Görüşdə mədəni irsin qorunması, yaradıcı sənayelərin inkişafı, “Bakı Prosesi” təşəbbüsünün daha da inkişaf etdirilməsi, İCESCO baş direktorunun Azərbaycana səfəri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

1



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2020  13:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!