إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Milli Məclisdə Fransanın Azərbaycanla bağlı qərəzli mövqeyi sərt tənqid edildi

“Noyabrın 10-da Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiyanın Prezidentinin imzaladığı birgə bəyanatla Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Bu gün bəyanatdan irəli gələn müddəalara əsasən, Azərbaycan Ordusu Ağdama daxil oldu”.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bu münasibətlə hər kəsi təbrik edib: “Bu bəyanat bir çox regional ölkələr tərəfindən dəstəklənib. Lakin təəssüflər olsun ki, bundan narahat olan qüvvələr də var. Bunlar sırasında Fransanın bəzi dairələri də var. Xatırladıram ki, Fransa ilk günlərdən qeyri-obyektiv mövqe sərgiləyib və qərəzli mövqe ortaya qoyub. Bir neçə gün öncə isə Fransa senatında olan əsas 5 fraksiyanın rəhbərləri Azərbaycan torpaqlarında yaradılan qondarma qurumun tanınması ilə bağlı qətnamə irəli sürüb. Hətta Fransadan bəzi nümayəndələr qondarma quruma qarşı loyal münasibət göstərib. Fransanın siyasi rəhbərliyi ATƏT-in Minsk Qrupunun həmsədri kimi qərəzli mövqe ortaya qoyub. Atılan addımlar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli mövqe ortaya qoyur. Vasitəçi mandatı beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsiplərə söykənməlidir. Bu məsələlər beynəlxalq hüquqi sənədlərdə də aydın şəkildə göstərilib. Milli Məclisin Fransa ilə parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvləri, eyni zamanda Milli Məclisin beynəlxalq münasibətlər komitəsi bu məsələni diqqətdə saxlamalıdır”.

“Torpaqlarımız işğal altında olanda bəzi sülh carçıları dialoqdan, sülhdən danışırdılar. Ancaq torpaqlarımız işğaldan azad olunandan sonra əvvəllər “torpaqları unudun, insanları düşünün” deyənlər bunun əksini söyləyir və “status haqqında düşünək” deyə bizə təzyiq edirlər. Bu ölkələr arasında qeyri-səmimi münasibət əsasən Fransa tərəfindən göstərilir” - bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

Onun sözlərinə görə, müharibənin ilk günündən Fransa Ermənistanı dəstəkləməklə məşğuldur: “Sentyabrın 27-də Vətən müharibəsi başladı, ayın 30-da Fransa cəfəng fikirlərlə çıxış etdi ki, bizim Ordunun tərkibində muzdlular var. Ancaq bunu sübut etmədilər və bu fikirlərini geri götürdülər”.

S.Seyidov deyib ki, Parisin meri Fransa Konstitusiyasına tamamilə zidd olan sənəd qəbul etdirib: “Bu sənədin qəbul olunması zamanı 50-ə yaxın nümayəndə bunun qeyri-qanuni olduğunu bildirərək, zalı tərk edir. Ancaq bu sənəd qəbul edilir”.

Deputat Fransa senatının təqdim etdiyi qətnaməyə də toxunaraq, deyib ki, bu, azərbaycanlılara və türklərə qarşı yönəlib: “Minsk Qrupuna daxil olan həımsədrlərdən birinin bu cür fikirləri qəbuledilməzdir. Bu cür həmsədrlik Azərbaycan tərəfindən qəbulediməzdir. Azərbaycan hökuməti Fransa ilə münasibətlərini yenidən təhlil etməlidir. Bu cür fikirlər ölkələr arasında münasibətlərə ciddi təsir edəcək”.

Azərbaycan XİN Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfirini dəvət etməli və izahat tələb etməlidir - bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat təklif edib ki, əgər Senatda sözügedən qətnamə qəbul edilərsə, Fransa ilə bütün əlaqələrə son qoyulsun.

Bir sıra dövlətlər noyabrın 10-da imzalanmış bəyanatı qəbul etmək istəmir. Dövlət başçısı bir daha dünyaya sübut etdi ki, Azərbaycan qalib dövlətdir” - bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Fransa tarixboyu Ermənistanın yanında olub: “Bu gün də onların mövqeyi aydın göstərir ki, Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz. Səməd Seyidovdan xahiş edərdim ki, Milli Məclis bununla bağlı xüsusi bəyanat qəbul etsin. Bunun üçün sənəd hazırlansın. Fransanın ATƏT-in Minsk Qrupu kimi həmsədrliyinin qəbuledilməzliyi bu sənəddə əksini tapmalıdır. Artıq ciddi işlər görmək lazımdır”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2020  11:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!