|
Ali məktəblərə qəbul zamanı vahid qiymətləndirmə sistemi yaradılacaq“Ali təhsil haqqında” qanun layihəsi yaxın günlərdə Milli Məclisin Elm və Təhsil komitəsinə təqdim ediləcək. Ahlibeyt.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında komitənin sədri Bəxtiyar Əliyev deyib. Komitə sədri bildirib ki, “Ali təhsil haqqında” qanunun hazırlanması üçün İşçi Qrupu yaradılmışdı: “Qanun layihəsi üzərində işlər davam etdirilir. Yaxın günlərdə İşçi Qrupu tam hazır şəkildə, ilkin variantda “Ali təhsil haqqında” qanunu müzakirə edib, komitəyə təqdim edəcək”. B. Əliyev qeyd edib ki, payız sessiyasında qanun layihəsinin Milli Məclisdə müzakirələrinə başlanması gözlənilir: “Layihə ilə bağlı geniş müzakirələr aparılacaq. Komitədə müzakirədən sonra geniş ictimai dinləmələr keçirməyi nəzərdə tutmuşuq. Bu ictimai dinləmələr çox vaxt alarsa, qanun layihəsinin qəbulu yaz sessiyasına qala bilər. Ancaq müzakirələr çox vaxt almazsa, payız sessiyasında biz artıq qanun layihəsini qəbul edə biləcəyik”. Komitə sədri bildirib ki, bu gün Azərbaycanda ali məktəblərə qəbul qaydaları bütövlükdə Avropa və dünya məkanında olan qaydalara uyğundur: “Amma qanun layihəsində bir sıra yeni prosedurlar nəzərdə tutulur. Bunlar isə seçim məsələsi ilə bağlıdır. Bu gün ölkəmizdə abituriyentlərin ümumtəhsil məktəblərini bitirdikdən sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qiymətləndirməsi aparılır, daha sonra ali məktəblərə imtahan verilir. Yəqin ki, burada yeni bir prosedur nəzərdə tutulacaq. Bunların gələcəkdə birləşdirilməsi, vahid qiymətləndirmə sisteminin yaradılması nəzərdə tutulur. Digər tərəfdən ali məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi də həyata keçiriləcək. Bu reytinqlərə əsasən abituriyentlərin sərbəst şəkildə seçim etmələri mümkün olacaq. Vahid qiymətləndirmənin ilkin hüquqi bazasının yaradılmasını qanunda nəzərdə tuturuq”. Deputat qeyd edib ki, icra mexanizminin günün tələblərinə cavab verməsi vacibdir: “Təhsil haqqında” qanuna uyğun olaraq kurrikulum əsasında artıq yeni qaydalar tətbiq olunur. Bunlar da şübhəsiz ki, o mexanizmin daha dəqiq işləməsinə xidmət etməlidir. Artıq yuxarı siniflərin təmayüllü siniflər kimi təhsil alması nəzərdə tutulur. Bununla bağlı biz qanuna dəyişiklik etmişik. Bu da gələcəkdə şagirdlərimizin ali məktəblərə hazırlıqları ilə bağlı meydana çıxan praktik çətinlikləri aradan qaldırır. Həmin təmayül siniflərində hər bir şagird gələcək peşəsinə uyğun istiqamətdə öz hazırlıqlarını davam etdirəcək və seçdikləri peşə üzrə ali məktəbə daxil ola biləcəklər. Bununla da gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişə biləcəklər. Yaxud da orta ixtisas məktəblərinə qəbul olunaraq, orada uyğun peşəni seçə və bacarıqlı, lazım olan səriştələrə malik peşəkar kimi öz əmək fəaliyyətlərinə başlaya biləcəklər”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Noyabr, 2020 12:34 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |