|
Azərbaycan dövlət başçısı: “Vasitəçi ölkələr ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını icra etmədilər”“Düşünürəm ki, bunu Ermənistan dayandırmalıdır. Beynəlxalq güc - sizin qeyd etdiyiniz bu üç ölkə Minsk qrupunun həmsədrləridir. Onlar dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir”. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Atəşkəs 3 dəfə pozulub. Onlardan biri Fransa, biri Rusiya, biri isə ABŞ-la danışıqlar nəticəsində elan edilmişdi. Bu müharibəni hansı beynəlxalq güc dayandıra bilər” sualına cavabında deyib. Azərbaycan Prezidenti bildirib ki, bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: “Lakin bu ölkələr bu qətnamələrin icrası üçün heç nə etməyiblər. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onu göstərir ki, bu vasitəçilik səmərəli olmayıb. Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa ölkələr barədə düşünməyə bilmərik. Ona görə də, müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayanda onlar inanmırdılar. Biz dedik - biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da dayana bilərdilər. Dayanmadılar”. Dövlət başçısı Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyinin uğurlu olmadığını vurğulayıb: “Bəli, uğurlu olmadı, çünki onlar Ermənistana sanksiya tətbiq etmədilər. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistana qarşı sanksiya tətbiq olunmalı idi, necə ki, Səddam Hüseyn Küveyti işğal edəndə İraqa qarşı sanksiyalar tətbiq edilmişdi, dərhal. İraqa qarşı ciddi sanksiyalar var idi. Əgər eyni şey Ermənistana edilsəydi, onda onlar qüvvələri geri çəkərdilər”. Prezident qeyd edib ki, bu üç ölkə hər zaman hərbi həllin olmadığını bildirib: “Onlar bu vəziyyətin bu və ya digər dərəcədə eyni qaydada davam etməsini istəyirdilər. Düşünürəm ki, münaqişənin dondurulmuş kimi görünməsi onları qane edirdi. Onlar düşünürdülər ki, bu, həmişəlik dondurula bilər və onlar yalnız bəzi etimad yaratma tədbirləri, bəzi monitorinqlər barədə düşünməyə çalışırdılar ki, heç bir toqquşma olmasın. Amma onlar ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını icra etmədilər. Onlar Ermənistanı məcbur etməli idilər. Düşünürəm, bu ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, o, ona qulaq asmalı olar. Lakin onlar etmədilər”. Müxbirin “Siz onlara qulaq asırsınız” sualına dövlət başçısı “Mən hər bir tərəfdaşa qulaq asıram. Lakin bu, mənim qulaq asdıqdan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram” cavabını verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2020 14:32 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |