إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Prezident köməkçisi “Charlie Hebdo” jurnalının İslam dini və İslam Peyğəmbəri ilə bağlı təxribatlarına münasibət bildirib

“Charlie Hebdo” jurnalının İslam dini, böyük İslam Peyğəmbəri ilə bağlı təxribatçı əməlləri bütün dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması, müasir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbədir”.

Ahlibeyt.az APA- ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, “Charlie Hebdo” ilk dəfə deyil ki, dini inanclara qarşı belə düşmənçilik əməlləri törədir.

“Jurnal özünün islamofob fəaliyyəti ilə faktiki olaraq söz, mətbuat azadlığından sui-istifadə edir, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edir.

“Charlie Hebdo” jurnalının qardaş Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanı hədəfə almasını da qəbuledilməz hesab edir və kəskin şəkildə qınayırıq.

Bu günlərdə Fransanın TF1 televiziya kanalının cəbhə xəttindən obyektiv reportaj hazırlayan jurnalistinin ermənilər tərəfindən təhqir olunması və hədələnməsinə münasibətdə susqunluq nümayiş etdirib “Charlie Hebdo”-nun təxribatlarına fikir azadlığının arxasında gizlənərək bəraət qazandırılması cəhdləri bir sıra suallar doğurur.

“Charlie Hebdo”nun əməlləri bir daha günümüzdə məsuliyyətli jurnalistika məsələsinin nə qədər aktual olduğunu göstərir”, - deyə Prezidentin köməkçisi bildirib.

Qeyd edək ki,son günlər adı çəkilən nəşrdə gedən karikaturalarla bağlı bir çox ölkələrdə etiraz aksiyaları keçirilmiş, müsəlman ölkələri hökumətləri tərəfindən bunun qarşısının alınması üçün Fransa rəhbərliyinə ciddi iradlar bildirilmişdir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2020  10:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!