إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Amerika məhdəviyyəti

Dünyaya praqmatik siyasət və dini idealların puçluğu barədə dərs keçən böyük fövqəldövlətlər özləri məhdəviyyətə etiqad bəsləyirlər.

Nə qədər də qəribə görsənsə, dünyaya praqmatik siyasət və dini idealların puçluğu barədə dərs keçən böyük fövqəldövlətlər özləri məhdəviyyətə etiqad bəsləyirlər. Sadəcə olaraq burada messiya və ya məhdi hansısa konkret şəxs deyil, millət təqdim olunur.

Beləki, Amerika Birləşmiş Ştatlarının dövlət ideologiyasının əsasını təşkil edən və respublikaçıların siyasətində daha qabarıq tərzdə özünü büruzə verən konsepsiyaya əsasən ABŞ xalqı Allah tərəfindən seçilmiş bir millətdir. Hələ “bəni-atalar” (ABŞ-ın əsasını qoyan siyasətçilər) ABŞ-ı Yeni İsrail adlandırırdılar. İncilə əsaslanan bu bənzətməyə görə, vaxtı ilə Allah Bəni-İsraili üstün millət olaraq seçib “Vəd olunmuş torpağa” göndərdiyi kimi, amerikalılar da azadlığın tərənnümü olan yeni “Vəd olunmuş torpağa”, “Yeni İsrailə”, yəni Amerikaya köç etdilər və burada azad və ədalətli cəmiyyət qurdular. Bu quruluşa “demokratiya” adı verildi, Amerika milləti və dövləti isə demokratiyanı dünyada bərqərar edən bir xilaskar kimi təqdim olundu. Bu ali missiyanı yerinə yetirmək üçün Allah onları himayə edir və onların bu cür ali məqsədə xidməti istənilən vasitələrə əl atmaqlarını doğruldur. Amerikalı mütəfəkkir Frensis Fukuyamanın təbiricə desək, bütün batil əqidələr demokratiya ilə mübarizədə məğlub olduqdan sonra tarixin sonu başa çatacaq. Yəni bəşəriyyət anlayacaq ki, ABŞ-ın təqdim etdiyi demokratik ideallara alternativ bir sistem yoxdur və hamı azadlıq arzusu ilə demokratiyaya üz tutacaq. Amerika milləti və dövləti bəşəriyyəti düzgün yaşamağa öyrədən bir qüvvədir və onun səyləri nəticəsində qloballaşma  hamının vahid bir demokratik cəmiyyətə birləşməsi ilə bitəcək.

Ancaq demokratik blokun başında duran ABŞ azadlığın sərhədsizliyinin absurd olduğunu artıq anlamağa başlayır. Çörçel vaxtı ilə deyirdi: “Mütləq demokratiya anarxiyadır”. “Sən başqasının azadlığını məhdudlaşdırmayana kimi azadsan” ifadəsinin ədalətliyi artıq Qərbin özündə şübhə yaradır. Avropanın özündə demokratik azadlıqlar Avropa sivilizasiyasının təməl dəyərlərinin aradan getmə təhlükəsini yaradır. Bu səbəbdən müsəlman miqrantların azadlıqları müxtəlif bəhanələrlə məhdudlaşdırılır ki, Avropa gələcəkdə avropalılığını itirib müsəlman qitəsinə çevirilməsin. Eyni zamanda ABŞ-ın siyasi və iqtisadi maraqları anti-demokratik addımların atılmasını tələb edəndə demokratiya bir növ əngələ çevirilir.

ABŞ  messianizm idealları üzərində qurulmuş yeganə dövlət deyil. Yuxarıda qey etdiyimiz kimi yahudilər də İsrail dövlətinin qurulmasında messianizmi əsas tuturlar. Maraqlısı isə odur ki, Rusiya da məhdəviyyət amallarından yan ötməyib. Rus İdeyasının kökündə əsrlər boyu rus messianizmi durub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2009  23:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!