إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi yekunlaşıb

Azərbaycan İlahiyyat İnstitutunda(Aİİ) III ixtisas qrupu üzrə bakalavriat pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün keçirilmiş müsahibə mərhələsi başa çatıb.

Ahlibeyt.az-ın Aİİ-nin mətbuat xidmətinə istinadən məlumatına görə, müsahibə mərhələsi sentyabrın 9-dan - 16-dək keçirilib.

Abituriyentlərin dünyagörüşü səviyyələrinin və İslamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və DİM-in əməkdaşları daxil ediliblər.

Dövlət İmtahan Mərkəzinin saytında müsahibə mərhələsində iştirak etmək üçün 174 abituriyent qeydiyyatdan keçib. Onlardan 76 nəfər “məqbul” alıb.

Müsahibədən “məqbul” qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə biləcəklər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini sentyabrın 10-dan 20-dək həyata keçirir.

DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq fəaliyyət göstərib. Mövcud vəziyyətlə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasından qeydiyyatdan keçən abituriyentlərlə müsahibə distant (məsafədən) formada keçirilib.

Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Aİİ Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunur.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2020  11:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!