إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Yüksəliş” müsabiqəsi sentyabrın 12-də əyani mərhələnin imtahanlarına başlayır

İmtahanlar Təhsil, Gənclər və İdman nazirlikləri və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 11 regionda təşkil olunan 24 imtahan mərkəzində keçiriləcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, əyani mərhələnin imtahanına müsabiqənin əvvəlki mərhələlərini uğurla keçən 940 nəfər qatılacaq. İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanan təlimata uyğun təşkil ediləcək.

Əyani mərhələ 2 imtahandan - qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqlarından ibarətdir. İki saat ərzində keçirilməsi nəzərdə tutulan qabiliyyət üzrə yoxlama imtahanında iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında doğru cavablandırdıqları sualların ümumi sayının ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdıqları sualların isə ən azı 50 faizini təkrar etməlidir.

Əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanına qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq.

Əyani mərhələnin qabiliyyət üzrə yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq. Üç saat ərzində keçirilməsi nəzərdə tutulan idarəetmə bacarıqları üzrə imtahanın nəticələri isə 2 həftə müddətində yoxlanılıb iştirakçıların şəxsi elektron kabinetinə göndəriləcək.

İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsində - yarımfinalda iştirak etmək hüququ qazanacaq.

İmtahana gələrkən iştirakçılar ölkədə sanitar-epidemioloji qaydalara uyğun sosial məsafəni qorumalı, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidir. İmtahan zalına girməzdən əvvəl iştirakçıların temperaturu yoxlanılacaq. Temperaturu 37°C-dən yuxarı olan iştirakçılar imtahana buraxılmayacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

2019-cu il dekabrın 27-də müsabiqənin qeydiyyat mərhələsinə başlanılıb və bu proses 2020-ci il fevralın 2-də yekunlaşıb. Ümumilikdə 11760 nəfər qeydiyyat üçün müraciət edib və onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Sentyabr, 2020  17:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!