|
Naxçıvanda genişmiqyaslı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEONaxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilmişdir. Ahlibeyt.az-ın Müdafiə nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri salamlamış, onları Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik etmiş, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirərək Azərbaycanda aparılan ordu quruculuğu və iki ölkə arasına olan yaxın qardaşlıq münasibətlərinə toxunmuşdur. Məclisin Sədri çıxışını "Azərbaycan-Türkiyə dostluq və qardaşlığına eşq olsun!" ifadəsi ilə tamamlamışdır. Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay demişdir: Birgə təlim Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrildi. Ordular arasında ikitərəfli əlaqələrin genişləndirilməsi nəticəsində təlim planauyğun şəkildə icra olundu. Müasir silah və texnikalara sahib olmaq döyüşün qazanılması demək deyil. Vacib olan bu silah və texnikalardan peşəkarlıqla istifadə edə bilən şəxsi heyətin olmasıdır. Döyüş cəsur və igid əsgərlərlə qazanılır. Bu gün keçirilən təlim bunun bariz nümunəsidir. Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə göz dağıdır. Türkiyə Respublikasının 3-cü Ordu Komandanı birgə təlimin keçirilməsinə göstərilən diqqətə görə minnətdarlıq etmişdir. Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev demişdir ki, təlimin hazırlanması və keçirilməsinə, ümumilikdə 5 min nəfərə qədər, döyüşatışlı mərhələnin keçirilməsinə isə 2 min 600-dən artıq şəxsi heyət cəlb edilmişdir. Bundan başqa 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlifçaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 18 təyyarə, helikopter və pilotsuz uçuş aparatı, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 320-ə yaxın avtomobil texnikası cəlb edilmişdir. Təlimə hazırlıq dövründə birgə qərargahlar tərəfindən keçirilən məşqlərdə müxtəlif səviyyədə qərərgahlar arasında qarşılıqlı əlaqənin təşkili diqqət mərkəzində saxlanılmışdır. Düşmən fəaliyyətlərinin təqlid edilməsi məqsədilə təlim sahəsində 28 hədəf rayonunda 800-ə yaxın hədəf və 90-dan çox maketdən istifadə edilmişdir. Yaradılmış hədəf rayonunun 100 faizi, hədəflərdən 85 faizdən, maketlərdən isə 90 faizdən çoxu məhv edilmişdir. İdarəetmənin və atəşin düzgün planlaşdırılması nəticəsində 32 raketə, 220 iriçaplı mərmiyə, 4 aviasiya bombasına və 7800-dən çox atıcı silahların döyüş sursatına qənaət edilmişdir. Tədbirdə Azərbaycan Respublikası təltiflərinin təqdimatı olmuşdur. Ali Məclisin Sədri Azərbaycan Respublikası orden və medallarının döş nişanını və vəsiqələrini təqdim etmişdir. Təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Sonra xatirə şəkli çəkdirilmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Sentyabr, 2020 10:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |