إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

Seçki bülletenləri əvvəl Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə paylanacaq.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün Milli Məclis Aparatının mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri bu məqsədlə Milli Məclisinin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.

Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan sədr Məzahir Pənahov, seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.

Eyni zamanda MSK sədri seçicilərin öz konstitusion hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələri üçün mühüm əhəmiyyət kəsb edən bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulan vaxtda və qaydada hazırlanıb çap edilməsi, eləcə də aşağı seçki komissiyalarına verilməsi üçün qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının zəruriliyini diqqətə çatdırıb və tövsiyələrini verib.

M. Pənahov media mənsubları üçün brifinq keçirərək, seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində gerçəkləşdirilən layihələr, həmçinin son hazırlıq işləri barədə ətraflı məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd olunub ki, 125 dairə üzrə ümumilikdə 5 milyon 387 min 600 bülleten çap olunacaq.

Seçki bülletenlərinin çap prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

MSK sədri deyib ki, Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin.Namizədin adının seçki bülletenindən çıxarılması mümkün olmasa, Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək.

MSK sədri bildirib ki, seçki bülletenləri əvvəl Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə paylanacaq. Bülletenlərin ən sonda Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Yanvar, 2020  10:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!