Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür
Allahın haqqı batildən ayırmaq və hidayət üçün bəşəriyyətə göndərdiyi sonuncu kitab Qurani-Kərimdir. Quran Hz.Peyğəmbərə(s) iki cür nazil olub. Bildiyimiz kimi, peyğəmbərliyin 23 ili ərzində Allah Təala öz Kəlamını Cəbrayıl(ə) vasitəsilə Rəsuləllaha(s) hissə-hissə, müəyyən hadisələr baş verəndə vəhy edirdi. Bundan başqa Qurani-Kərim tam surətdə bir gecə ərzində Hz.Rəsuləllahın(s) qəlbinə nazil olmuşdu. Həmin gecə - Qədr gecəsidir. Qədr gecəsinin Ramazan ayının son gecələrinin biri olduğu bəlli olsa da, Peyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Beləliklə, hədislərdən bəlli olur ki, Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Ona görə müsəlmanlar bu üç gecəni oyaq qalır, xüsusi ibadətləri yerinə yetirir, Allahla münacat edirlər. Qədr gecəsində əhya saxlanılıdğından (oyaq qalmaq) bu üç gecəyə həm də “əhya gecələri” deyilir.
“Qədr gecəsi” ifadəsi bizim dildə “qədər gecəsi” mənasını daşıyır. Quranın “Qədr” surəsində bu gecə barəsində danışarkən, Allah iki məsələyə diqqət yetirir. Birincisi, Quranın bu gecədə nazil olmasına, ikincisi isə, insanların gələn ilə kimi qədərlərinin, qismətlərinin yazılmasıdır. İslam əqidəsində, insan özü öz taleyini müəyyən edir. Allahın qisməti və qədəri insanın öz əməllərinin nəticəsidir.
Mübarək Ramazan ayının 19-cu və 21-ci gecələri İslam aləmində qəmli günlərdən sayılır. 19-cu gecə Hz.Əli(ə) namaz üstündə zərbələnib, 21-ci gecə isə şəhadətə yetişib. Odur ki, bu gecələrdə Hz.Əlini(ə) yad etmək, onu uzaqdan da olsa ziyarət etmək lazımdır.
Qeyd olunmalıdır ki, Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Hədislərin birində deyilir ki, Hz.Peyğəmbər (s) Allaha belə ərz etdi: “İlahi! Sən məndən əvvəlki peyğəmbərlərin ümmətlərinə uzun ömr vermişdin, onlar da Sənə bütün ömrü boyu ibadət ediblər... Lakin mənim ümmətimə az ömr veribsən”... Allah Təala cavab olaraq Peyğəmbərə buyurdu: “Düzdür sənin ümmətinə az ömr vermişəm, lakin sənə və ümmətinə çox dəyərli bir gecə təyin etmişəm. Bu gecənin (Qədr gecəsinin) ibadəti 1000 ayın ibadətindən daha fəzilətli və daha üstündür”.
Qədr gecəsində yerinə yetirilməsi bəyənilən əməllərdən bəzilərini nəzərinizə çatdırırıq:
1. Əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq);
2. Qədr gecəsinin qüslunu almaq;
3. Quran oxumaq
4. Peyğəmbər(s) və onun Əhlibeytinə(ə) slavat göndərmək;
5. İmam Əlinin(ə) ziyarətini oxumaq;
6. İmam Əlinin(ə) qatilinə yüz dəfə lənət oxumaq: “Allahumməl’ən qətələtə əmirəl-mu’minin”;
7. İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinin(ə) ziyarətnaməsini oxumaq;
8. Qədr gecəsinin namazını qılmaq. Həmin namaz iki rükətlidir, hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu ileyh” deyilməlidir.
9. Quranı açıq halda qarşısına qoyub, aşağıdakı duanı oxumaq: “Allahummə inni əs’əlukə bi kitabikəl-munzəli və ma fiha və fihismukəl-əkbəru və əsmaukəl-husnavə ma yuxəfuvə yurca ən təc’ələni min utəqaikə minənnar” (bu duadan sonra Allahdan öz istəyimizi diləyirik);
10. Quranı başa qoyub aşağıdakı duanı oxumaq: “Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu’minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə’rafu bihəqqikə minkə”. Sonra Allahı özünə, Peyğəmbərə (s), xanım Fatiməyə (s) və 12 imama (ə) aşağıdakı qaydada and veririk: “Bikə ya Allah (10 dəfə), bi Muhəmmədin (10 dəfə), bi Əliyyin (10 dəfə), bi Fatimətə (10 dəfə), bil-Həsəni (10 dəfə), bil-Huseyni (10 dəfə), bi Əliy-yibnil-Huseyn (10 dəfə), bi Muhəmməd ibni Əli (10 dəfə), bi Cəfər ibni Muhəmməd (10 dəfə), bi Musə-bni Cəfər (10 dəfə), bi Əliy-yibni Musa (10 dəfə), bi Muhəmməd ibni Əli (10 dəfə), bi Əliy-yibni Muhəmməd (10 dəfə)
Bil-Həsən-ibni Əli (10 dəfə), bil-Huccəti (10 dəfə)” (sonra Allahdan öz istəyimizi diləyirik). Bu gecələr bağışlanmaq və bağışlamaq gecəsidir. Müsəlmanlar bir birinə öz haqqlarını halal etməli Allahdan bağışlanmaq diləməlidirlər.