إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Zəngilan rayonunun işğalından 26 il ötür

Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür.

Ahlibeyt.az-ın məlumatına görə, 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun - Zəngilanın işğalını başa çatdırıblar.

Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 730 kvadrat km, əhalisi isə 40 mindən çox olub.

İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.

Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib. Rayonun sakinləri məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb. Müharibə dövründə rayonun 44 sakini itkin düşüb, onların taleyindən bu günədək xəbər yoxdur.

Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-cü və 1979-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmışdır. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytınnın məlumatına görə, Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur.

Vaxtilə Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 santimetr, hündürlüyü 8 metr, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 santimetr, hündürlüyü 20 metr, yaşı 120 il olan 1 ədəd şərq çinarı, həmin qəsəbədə diametri 100 santimetr, hündürlüyü 30 metr, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə isə diametri 60 santimetr, hündürlüyü 12 metr, yaşı 160 il olan bir palıd ağacı pasportlaşdırılaraq qorunub.

Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Essentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var.

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunun işğalı kəskin şəkildə pislənilib və Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub.

 

Qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Zəngilan rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrində birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblərə hələ də əməl edilməyib.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2019  10:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!