|
Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötürBeynəlxalq münasibətlər sisteminin tənzimlənməsində əhəmiyyətli rol oynayan Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada sülhün və təhlükəsizliyin təmin olunması kimi mühüm bir missiyanı yerinə yetirir. Bu mənada dünyaya inteqrasiya kursunu seçən müstəqil Azərbaycan Respublikası qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verir. BMT-nin 181-ci üzvü Respublikamız 1992-ci il martın 2-də dünyanın ən mötəbər təşkilatına – BMT-yə üzv qəbul edilib. BMT Baş Məclisinin həmin tarixdə keçirilən 46-cı sessiyasında ölkəmizin bu təşkilatın üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul olunub. Beynəlxalq qurumun 181-ci üzvü olan dövlətimizin üçrəngli bayrağı martın 2-də Nyu-Yorkda qaldırılıb. Həmin il may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. 1993-cü ildən ölkəmizin BMT ilə əlaqələri sistemli xarakter daşıyır Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra, ölkəmizin BMT ilə əlaqələri sistemli xarakter daşıyıb, ölkəmiz bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz ulu öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırıb. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında bu təşkilatda minilliyin sammitində çıxışı zamanı da Ulu Öndər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ölkəmizin mövqeyini bir daha bəyan edib. Bu müddət ərzində Azərbaycan, həm də BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qurub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO, UNICEF və digər qurumlarla sıx əməkdaşlıq edən ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlərlə də əlaqələrini gücləndirib. Tərəfdaşlıq, davamlı sülh və təhlükəsizlik Azərbaycanın BMT ilə münasibətlərinin təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi üç mühüm ümumi prinsip dayanır. Bunlar tərəfdaşlıq, davamlı sülh və təhlükəsizlikdir. Azərbaycanda hüquqi, demokratik və sülhpərvər dövlət quruculuğu kursunun uğurla başa çatdırılması bu prinsiplərin möhkəmləndirilməsinə əsaslı zəmin yaradıb. Ulu öndərimizin böyük, uzaqgörənliklə işləyib hazırladığı xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirərək davam etdirən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət aparmaqla, milli maraqların ən yüksək səviyyədə qorunmasına, Azərbaycan-BMT əlaqələrinin yeni mərhələdə inkişafına nail olub. Azərbaycan mötəbər qurumda söz sahibi olan dövlətə çevrildi Son 16 ildə dövlət başçısı tərəfindən aparılan düzgün xarici siyasət nəticəsində ölkəmiz bu mötəbər qurumda söz sahibi olan dövlətə çevrilib. İlk dəfə Azərbaycan Respublikasının Baş naziri kimi 2003-cü ilin sentyabrında BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək islahatların vacib məsələyə çevrildiyini bəyan edib. BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884 saylı qətnamələr) hələ də yerinə yetirilmədiyini vurğulayıb və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürüb. Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınıb. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilib. 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında – 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə layihəsinin müzakirəsini xüsusi xatırlamaq lazımdır. Həmin qətnamə dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verib, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Dövlətimizin başçısı 2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərək təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Ölkə başçısı münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törədildiyini, etnik təmizləmə siyasəti həyata keçirildiyini diqqətə çatdırıb. BMT Baş Assambleyasının 2017-ci il sentyabrın 20-də Nyu-Yorkda keçirilmiş 72-ci sessiyasında Prezident İlham Əliyevin dərin məzmunlu və konstruktiv çıxışı xarici siyasət sahəsində dövlətimizin prinsipial mövqeyini və prioritetlərini növbəti dəfə dünyaya nümayiş etdirib. BMT-nin üzvü olan 155 dövlət Azərbaycanı dəstəklədi 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycanın 155 dövlətin dəstəyini alması diplomatiyamızın tarixi uğuru hesab edilir. Respublikamız 2011-ci il oktyabrın 24-də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə kimi tarixə düşüb, 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik edib. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bütövlükdə, müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalıb. Bu tarixi hadisə, ilk növbədə, ölkəmizin son dərəcə sabit və uğurlu, eyni zamanda, tarazlı xarici siyasət yürütdüyünü təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilir. Prezident İlham Əliyevin dediyi kimi: “Müstəqilliyimiz dövründə belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu göstərir ki, Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”. Təhlükəsizlik Şurasına sədrlik edən Azərbaycan bütün vəzifələrin öhdəsindən layiqincə gəldi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkilatın qəbul etdiyi qərarların icrası istiqamətində fəal iş aparıb. Məhz bu məqam Azərbaycanın əldə etdiyi uğurun miqyası və mahiyyəti barədə daha dolğun və aydın təsəvvür formalaşdırır. BMT Təhlükəsizlik Şurasına ilk sədrlik ölkəmiz üçün böyük sınaq olsa da, bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına birinci sədrliyi müddətində şura tərəfindən üç qətnamə qəbul edilib. Təhlükəsizlik Şurasına ikinci sədrliyi müddətində şuranın gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə edib. BMT tarixində ilk dəfə olaraq respublikamızın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilib. İclasın məqsədi BMT və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur. Ümumiyyətlə, ölkəmizin bu quruma hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib. BMT-dəki diplomatik uğurumuz deməyə əsas verir ki, respublikamızın regionda və dünyada sülh, iqtisadi və sosial rifah, səmərəli tərəfdaşlıq təşəbbüsləri beynəlxalq miqyasda dəstəklənir və rəğbətlə qarşılanır. Bu gün Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub, BMT-də söz sahibi olan dövlətlərdən birinə çevrilib. Bu isə ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilməsinin nəticəsidir. Ümummilli liderimiz Heydər Əliyev BMT-nin 50 illiyinə həsr edilmiş təntənəli tədbirdə vurğuladığı kimi: “Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə fəxr edirik”. Mənbə:Salamnews
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2019 10:40 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |