إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Komitə sədri: “Təəssüflər olsun ki, indi uşaqlı ailələrdə də boşanma halları var”

“Bu gün bəzi hallarda əxlaqa, tərbiyəyə, milli adət ənənələrimizə zidd halların baş verməsi təəssüf doğurur. 2018-ci ilin 12 ayı ərzində Azərbaycanda 13 651 boşanma halı olub.

Ahlibeyt.az-ın Sia.az-a istinadən məlumatına görə, bunu Bakıda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən konfransda Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib:

“Əvvəllər biz deyirdik ki, ailələrdə boşanma hallarının əsas səbəbi sonsuzluqdur. Ancaq təəssüflər olsun ki, indi uşaqlı ailələrdə də boşanma halları var. Son vaxtlar ailələrin dağılmasında ev, mülk, maşın daha çox üstünlük təşkil edir. Bu hal milli dəyərlərimizə ziddir. Ailələrdə uşaq dünyaya gəlir, o uşağı düzgün tərbiyə etmək lazımdır, ancaq ev, mülk, maşın önə keçir, sevgi, səmimiyyət ailələrdən uzaqlaşır. İndi sanki ailə qurmağa oyun kimi baxırlar”.

Tədbirdə çıxış edən dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva isə deyib ki,  “Ailədəki problemlərin kökü araşdırılmalıdır. Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, ailə institutu deformasiyaya məruz qalıb”.

O qeyd edib ki, Avropada bəzi ailələrdə uşaq əvəzinə, heyvan saxlayırlar: “Bizə həmin yeni modelləri sırımaq istəyirlər. Biz proseslərə nəzər salsaq, Qərbdə ailə dəyərlərinin deformasiya olduğunu görmüş olarıq. Bu da demoqrafik problemlər yaradır. Onlar bu problemləri həll etmək əvəzinə, digər cəmiyyətlərə ötürmək yolunu seçirlər. Bəzi qüvvələr var ki, dünyanın bir nöqtədən idarə etməyə çalışırlar, buna müxtəlif yollarla cəhd edirlər. Amma onlar istəklərinə nail ola bilmədilər. Məqsəd milli dəyərləri qorumaq olmalıdır”.

A.Sofiyeva qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar insan hüquqları adı altında hansısa fikirləri təbliğ edirlər: “Təəssüflər olsun ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir. Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən bəzi dəyərləri var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bugünə qədər qoruyub saxlayıb. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir. Dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir. Bu istiqamətdə müxtəlif addımlar atılır. Biz ailə siyasətinin istiqamətinin vektorunu dəyişəcəyik, yəni yalnız həssas ailələrin deyil, bütün ailələrin sosial rifahının yaxşılaşması üçün addımlar atılacaq”.



 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2019  13:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!