|
“Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilibBakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin və müvafiq dövlət qurumlarının nümayəndələri, dini icma sədrləri, elm və din xadimləri, alimlər, ilahiyyatçılar və gənclər iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbir iştirakçılarına konfransın mahiyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Dövlət Komitəsi bu sahədə aidiyyəti dövlət qurumları, elm və təhsil müəssisələri, qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq qurur, dini maarifləndirmə tədbirlərinə xüsusi önəm verir. Mərasimlərin insanların inanc və mədəniyyətinin simvolik ifadəsi olduğunu vurğulayan Dövlət Komitəsinin sədri onların tarixi kökləri olmaqla yanaşı, müəyyən dəyişikliyə məruz qaldıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, bu mərasimlər müxtəlif mədəniyyətlərdə məzmunca bənzər, lakin formaca müxtəlif şəkillərdə icra edilir. Mübariz Qurbanlı qeyd edib ki, dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar. Bu, adətən məlumatsızlıq, xüsusilə dini savadsızlıqdan irəli gəlir. Dövlət Komitəsinin sədri dini mərasimlərin israfçılıqdan uzaq, mümkün qədər dinin əsas mənbələrinə uyğun, eləcə də ictimai inkişafla ayaqlaşa bilən şəkildə keçirilməsinin önəmini vurğulayıb. Onun sözlərinə görə, bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur. Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israfçılığa yol verir. Komitə sədri bu cür halların qarşısının alınmasında maarifləndirmə işinin daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkib. Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Mərasimlər: tarix, reallıq və din” mövzusunda çıxış edib. Bildirib ki, bəşəriyyətin tarixinə nəzər salsaq, mərasim və ayinsiz bir cəmiyyətə rast gəlinmir. Mərasimlər hisslərimizin təzahürləridir. Onun sözlərinə görə, mərasimsiz heç bir din mövcud olmayıb. Hansısa cəmiyyət yeni dini qəbul etdik də belə, o cəmiyyətin keçmiş adət-ənənələri silinib getmir. A.Şirinov vurğulayıb ki, sosioloqlar ictimai baxımdan mərasimlərin çox böyük əhəmiyyətə malik olduğunu qeyd edirlər. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, Azərbaycanda dini mərasimləri İslam dini, ənənələrlə yanaşı, qanunlarla da tənzimləmək zəruridir. “Mərasimlər elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin, uyğunluq təşkil etsin, israfçılığa yol verilməsin”,- deyə deputat vurğulayıb. Qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə mühüm addımlar atır. Artıq bəzi bölgələrimizdə dini mərasimlər sadələşdirilmiş formada keçirilir. Lakin hələ də bir çox rayonlarımızda israfçılığa yol verilir. “Cəmiyyəti inandırmalıyıq ki, mərasimlərdə israfçılığa yol vermək lazım deyil, dində də belə bir şey yoxdur. Elə etməliyik ki, insanlar mərasimdən sonra uzun müddət maddi çətinlik çəkməsinlər”,– deyə Milli Məclisin komitə sədri bildirib. Məzarlıqlar haqqında da danışan Siyavuş Novruzov diqqətə çatdırıb ki, nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra, kimliyindən asılı olmayaraq hər kəsin eyni səviyyədə və formada dəfn edilməsi təmin olunacaq. Dini mərasimlərin siyasi-hüquqi tərəfinə toxunan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri dünyəvi prinsiplər əsasında qurulub. Dini mənsubiyyətindən asılı olmayaraq dini ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şərait yaradılıb. Amma bu o demək deyil ki, dini mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət olunmalıdır. Ona görə də dini mərasimlər ictimai asayişi pozmadan icra olunmalıdır. Heç kəs dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilməməlidir. A.Əlizadə əlavə edib ki, xarici dairələr tərəfindən idarə olunan və İslam adı altında hərəkət edən bəzi radikal qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə çeviriblər. Dini mərasimləri yerinə yetirərkən ifrat hərəkətlərə və xurafata yol verilməməlidir. Lakin belə neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır. O qeyd edib ki, dini mərasimlər qrup halında, kütləvi şəkildə icra olunur və kütlələr üzərində böyük psixoloji təsir qüvvəsinə malikdir. Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev maarifləndirmə tədbirlərinin israfçılığa, xurafata, eləcə də mövhumatçılığa qarşı mübarizədə əvəzsiz rolundan bəhs edib. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə həm paytaxtda, həm də regionlarda keçirilən tədbirlərin önəminə toxunub. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov və şərqşünas alim Nəriman Qasımoğlu mövzu ilə bağlı ətraflı çıxış ediblər. Konfrans müzakirələrlə davam edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2018 10:35 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |