|
Vətən təəssübü çəkmədən, “Qarabağ” sevdası ilə yaşamadan İmam Hüseyn (ə.) əzadarı olmaq mümkün deyilMəlum olduğu kimi, sentyabrın 11-də Məhərrəm ayı başlanır. Aşura günü sentyabrın 20-sidir. Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası məhərrəm ayı ilə bağlı fətva verib. Fətvada bir sıra mühüm məqamlara toxunulub ki, bu haqda bir qədər geniş məlumat verməyi məsləhət bildik. Beləliklə, məhərrəm cahiliyyət dövründən savaşların qadağa edildiyi dörd aydan biridir. Lakin, çox təəssüf ki, məhərrəm ayının onuncu, yəni Aşura günü İslam tarixinə Həzrəti Məhəmməd (s.) peyğəmbərin əziz nəvəsi İmam Hüseyn (ə.) və Əhli-Beyt tərəfdarlarının Haqq uğrunda şəhid olduqları gün kimi düşüb. Bu hadisənin faciəvi tərəfi haqda deyilənlərə rəğmən, unutmamalıyıq ki, onun qəhrəmanları əks qütbdə duran insanlar idi – nikbin, səmimi, həyat eşqi ilə alışıb-yanan fədakarlar. Ona görə, məhərrəm əzadarlığı sırf keçmişə köklənməməli, tarixi ədalətsizliyi aşılamaqla kifayətlənməməlidir. Bu müsibətə kədərlənməklə yanaşı, onun baş qəhrəmanları kimi yaşamaq şövqü ilə ruhlanmaq lazımdır. Əzadarlıq məclisi bədbinliq aşılaya bilməz, bu, onun hədəfləri ilə daban-dabana ziddir. Əzadarlıq onun üçün yaşadılıb ki, səmimiyyət və fədakarlığın qələbəsinə ümid güclənsin. Kərbəla hekayəti insanlığı qəhrəmanlığa təşfiq etmək, haqqı dəyərli saxlamaq üçün yazılıb. Bu hekayə ilə tanış olanın ürəyində nə fərdi, nə ictimai məsələlərdə bədbinliyə yer qala bilməz. İmam Hüseyn (ə.) xalqımız üçün həmişə şəhidlik örnəyi olub. Hüseyn (ə.) kimi ölmək üçün onun kimi yaşamaq gərəkdir. O, şəhid həyatını xoşbəxt yaşayan, bu xoşbəxtliyi hamı ilə paylaşmaq istəyən və bu yolda canını fəda edən şəxsdir. Ona görə, şəhidlik ölüm deyil, həyat fəlsəfəsidir. Kərbəla da həyat məktəbidir. Bu məktəbi xalqımız içində yaşadanlar həyatları bahasına bizə həyat verən əziz şəhidlərimzidir. Onları yad etmədən, onların işinə sədaqət göstərmədən, Vətən təəssübü çəkmədən, Qarabağ sevdası ilə yaşamadan İmam Hüseyn (ə.) əzadarı olmaq mümkün deyil. Özü də elə bir Qarabağ ki, İmam Hüseyn (ə.) adı onun hər qarış torpağına, hər daş-divarına hopub. Qeyd olunduğu kimi, Kərbəlanın faciəvi tərəfini yaradan saxta, qeyri-səmimi, düşüncəsiz əxlaq və inancın hakim kəsildiyi toplum idi. Deməli, İmam Hüseynlə həmdərd olmaq istəyən bu xüsusiyyətlərdən uzaq düşməlidir. Əxlaq və inanc insanlığın xoşbəxtliyinin zamini olmalıdır, insan eqosunun xidmətçisi yox. Fətvada toxunulan digər mühüm məsələ Vətənimizdə dövlət və xalq birliyi sayəsində dünyanı, xüsusilə müsəlman aləmini bürüyən terror və təxribatçılığın qarşısının alınmasıdır. Xalqın əsrlərlə yaşatdığı bu məktəb kimlərinsə siyasi ambisiyaları naminə siyasi alətə çevirilməməlidir. Aşura insanlıq sevgisi ətrafında hamını bir araya gətirən bir dəyərdir. Ondan parçalanma, təxribat, ayrı-seçkilik üçün istifadə etmək həm İmam Hüseynə (ə.), həm xalqımıza, həm də Allahın bizə lütf etdiyi ən böyük nemət olan müstəqil dövlətçiliyimizə qarşı xəyanətdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2018 17:19 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |