Sədərək TM məscidinin imamı Əkrəm Əliyev: “Bizim məsciddə 20 ilə yaxındır müxtəlif məzhəblərin nümayəndələri birgə ibadət edir”
Azərbaycanda bəlli olduğu kimi, son illərdə hökumət dini tolerantlığın təbliğinə xüsusi diqqət ayırır. Bu istiqamətdə böyük layihələr həyata keçirilir, məscidlərdə birgə namazlar təşkil olunur. Tolerantlıq bir milli sərvət olaraq dünyada da təbliğ olunur.
Ancaq aydın məsələdir ki, Azərbaycanda dini tolerantlıq son bir neçə ilin məhsulu deyil. Azərbaycanda tolerantlıq min illərdir formalaşmış ənənədir.
Fərqli dinlərin, məzhəblərin, etnik qrupların bir arada yaşadığı ölkəmizdə dini tolerantlıq təbii şəkildə formalaşıb. Məhz ölkəmizdə xüsusən də müstəqillikdən sonra təbii şəkildə ortaya çıxmış ən bariz milli tolerantlıq nümunələrindən biri də Sədərək məscididir. Söhbət eyni adlı ticarət mərkəzində yerləşən ibadət evindən gedir. Artıq 20 ilə yaxındır Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən məsciddə fərqli məzhəb və cərəyanların ardıcılları dinc yanaşı, heç bir münaqişə olmadan ibadət edir, dini məclislərini təşkil edirlər. Bu məscidin digər məscidlərdən fərqi ondadır ki, bura sabit bir dindarları olmayan, yaşayış yerindən uzaq, əsasən ticarətçilər və yarmarkaya gələn müştərilərin ibadət etdiyi bir məsciddir.
Sədərək TM məscidinin imamı Hacı Əkrəm Əliyev deyir ki, ölkənin digər məscidlərindən fərqli olaraq onların iş üslubu fərqlidir və özəlliklərə sahibdir.
Kərbəla ziyarəti zamanı yol yoldaşımız olan Hacı ilə bu barədə söhbət elədik. Ə.Əliyev deyir ki, Sədərək TM-də məscid 2000-ci illərdə tikilib, ilk gündən də məscidin imamı özü olub:
- Sədərək bazarı Binə qəsəbəsində olan zaman məscidimiz fəaliyyətə başlayıb. Artıq 20 ilə yaxındır. Bazar Lökbatana köçəndən sonra məscidimiz də ora köçdü. Mən də ilk gündən məsciddə fəaliyyət göstərmişəm.
- Ticarət Mərkəzində məscid tikmək kimin təşəbbüsü idi? Necə oldu ki, bazarda məscid tikmək, dini fəaliyyət aparmaq fikri ortaya çıxdı?
- İlk dəfə bazarda çalışan dindarlar məscid tikmək qərarına gəldilər. Bazarda dindar insanlar çox idi, məscid isə Ticarət Mərkəzinin yerləşdiyi ərazidən uzaqda idi, dindar işçilər gündəlik namazlara və cümə namazına gedə bilmirdi. Buna görə də dindarlar toplaşıb məscid tikilməsi ilə bağlı bazar müdiriyyətinə müraciət etdilər. Tezliklə bazarda dindarların o zamankı sayına uyğun olaraq müdiriyyət tərəfindən bir məscid tikildi. Sonradan məscidə gələn insanların sayı sürətlə artdı və məscidin genişləndirilməsi zərurəti meydana çıxdı və bu dövrdə məscidimiz iki dəfə genişləndirildi. Bazar məscidində həm gündəlik namazlar, həm də Cümə namazı qılınır, eyni zamanda əlamətdar dini günlərdə məclislər təşkil olunurdu. Bu səbəbdən də məscidə gələnlərin sayı sürətlə artırdı.
Yeni əraziyə köçəndə artıq daha geniş və memarlıq baxımından daha yüksək səviyyəli məscid tikildi. İndi isə hazırda yenidən genişlənmə işləri və təmir aparılır. Tezliklə Sədərək TM-də Azərbaycanda ən böyük məscidlərdən biri istifadəyə veriləcək.
- Hacı, sizin məscid digər məscidlərdən fərqlənir. Məscidlər adətən yaşayış yerlərində, əksər məscid əhli yaxın ərazidə yaşayan yerli sakinlərdən ibarət olur. Amma sizin məsciddə vəziyyət bir qədər fərqlidir. Yəni məscid əhli müxtəlif bölgələrdən gəlib işləyən ticarətçilər, eləcə də gündəlik tələbat malları almaq üçün gələn təsadüfi adamlar olur. Bu fərq üçün çətinlik yaratmır?
- Çətinlik deməzdim, amma daha diqqətli və həssas yanaşmağı tələb edir. Nəzərə almaq lazımdır ki, bizim məsciddə əsasən günorta namazları təşkil olunur. Çünki yaşayış yeri deyil, işçilər sabah işə gəlir və axşam artıq evlərinə dönür. Bizim təşkil etdiyimiz ibadətlər günortaya, yəni işin qızğın dövrünə təsadüf edir. Bu səbəbdən də başqa məscidlərdən fərqli olaraq daha yığcam keçirir və insanların işinə çətinlik yaratmamağı nəzərə alırıq.
İkinci məsələ odur ki, bizim məscidin belə desək bir qismi gündəlik ticarət məqsədilə bazara gələn insanlardır. Bu insanlar fərqli bölgələrdən və fərqli görüşlərdən olur, biz də bu fərqliliyi nəzərə alırıq.
- Sizin məscid bəllidir ki, fərqli məzhəb və cərəyanlara aid müsəlmanların çalışdığı bir yerdə fəaliyyət göstərir. Bu fərqliliyi necə həll edirsiniz?
- Azərbaycanda digər məscidlərdən fərqli olaraq bizim məscid təbii olaraq ilk gündən fərqli məzhəb və cərəyanların ardıcıllarının ibadət yeri olub. Bazarın reallığı və zərurətindən irəli gələn xoşgörü mühiti yaranıb. Bizim məsciddə ilk gündən hər bir məzhəb öz ayinlərini sərbəst şəkildə yerinə yetirib.
- Məsciddə ötən zamanda dini zəmində hansısa fikir ayrılığı, qarşıdurma olubmu?
- Xeyr, heç zaman olmayıb. Bura bir iş yeridir, fərqli inanclardan olan insanlar gəlib burda həm də sabahdan axşama dinc yanaşı çalışır və birgə ibadətlərini yerinə yetirirlər. İlk gündən məscidimizdə hansısa bir qrupa və ya camaata ayrı seçkilik qoyulmayıb. Bizim üçün çox qürurverici haldır ki, ötən 20 ilə yaxın vaxt ərzində məscidimizdə dini zəmində hər hansı gərginlik və ya narazılıq olmayıb.
- Məscidiniz icma olaraq rəsmi qeydiyyata alınıb?
- Xeyr, bizim məscidin qeydiyyatı yoxdur. Bunun da səbəbi bizim məscidin yerləşdiyi yerlə bağlıdır. Azərbaycan qanunlarına görə məscidlər yerləşdiyi ərazidə sakinlər tərəfindən təsis olunan icmada qeydiyyata alınır. Bizdə isə situasiya fərqlidir, yaşayış məntəqəsi deyil, orda daimi qeydiyyatda olan yoxdur. Bu səbəbdən də hüquqi baxımdan icma yaratmaq mümkün deyil. Bizim məsciddə olan istisna halla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib qeydiyyatla bağlı problemi onlara bildirmişik. Ümidvarıq ki, Dövlət Komitəsi bizim müstəsna vəziyyətimizi nəzərə alar.
- Şərq ölkələrində bir qayda olaraq bazarlar həm də ictimai-siyasi gündəmi müəyyən edən mərkəzdir. Azərbaycanda tam olaraq belə olmasa da, hər halda bazarlar əhalinin ən fəal kəsiminin çalışdığı yerdir. Bazar işçiləri ilə işləmək, din təbliğ etmək çətin olmur ki?
- Bazarda dini təbliğ etməyin çətinliklərindən birini yuxarıda toxundum, bura bir iş yeridir. Geniş şəkildə çıxış etmək, uzun-uzadı məclislər təşkil etmək üçün vaxt yoxdur. Əksəriyyət iş adamlardır, onların əsa məqsədi gündəlik ibadətlərini yerinə yetirməkdir. Bu baxımdan bizim məsciddə gündəlik ibadətlərdən kənar dini fəaliyyətlər çətindir, demək olar ki, mümkün deyil. Məsələn, bir nümunə deyim. Digər məscidlərdə insanlar axşamlar, boş zamanlarda məscidə gedir, söhbətlərdə, məclislərdə rahat iştirak edirlər. Amma bizdə bu vaxt yoxdur, hər kəs iş başındadır. Buna baxmayaraq, lazımı, zəruri mövzularla bağlı işlər aparılır. məhdud imkanlar çərçivəsində tolerantlıq, birgəyaşayış, vətənpərvərlik mövzularında söhbətlər, çıxışlar təşkil olunur. Məsələn, hər il ənənəvi olaraq 20 yanvar günü “Sədərək” TM işləmir, məscid əhli Şəhidlər Xiyabanını ziyarət edir.
- Yuxarıda da qeyd etdiyimiz kimi, siz ölkənin ən aktiv təbəqəsi ilə işləyirsiniz. Müşahidələriniz nə deyir: Azərbaycanda dini vəziyyəti necə qiymətləndirmək olar? Dini zəmində nə zamansa gərginlik yarana bilərmi?
- Şəxsi təcrübəmiz onu deyir ki, məscidlərdə maarifləndirmə və düzgün təbliğat işi aparılarsa, dini zəmində heç bir gərginlik və ya problem yaşana bilməz. Azərbaycan xalqı bu mərhələni geridə qoyub. Tarixən bizdə birgəyaşayış olub, fərqli din və məzhəblər dinc yanaşı yaşayıblar. Bunun ən bariz nümunələrindən biri artıq 20 ilə yaxındır fəaliyyət göstərən bizim “Sədərək” məscididir.
Kənan Rövşənoğlu
Musavat.com