إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“İslam və incəsənət” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda “İslam və incəsənət” mövzusunda seminar keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, institututdan Salamnews-a verilən məlumata əsasən, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Mübariz Camalov bildirib ki, ölkəmizdə bütün ənənəvi dinlərə, o cümlədən İslam dininə, İslam mədəniyyətinə dövlət qayğı ilə yanaşıb. Azərbaycanda bütün tarixi və dini abidələrin qorunduğunu qeyd edən M.Camalov, müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə – məscidlər, kilsələr, sinaqoqlar tikildiyini və təmir edildiyini vurğulayıb.

Bildirilib ki, ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla bərabər, İslam dininin yayılmasında mühüm rol oynayıb. Bütün bunların Azərbaycan mədəniyyəti və incəsənətində dərin izlər buraxdığını deyən M.Camalov, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının ölkədə tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin, eləcə də milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Daha sonra əsas məruzəçi kimi çıxış edən Zaur Orucov bildirib ki, dövründən və məkanından asılı olmayaraq insan övladı möhtəşəm əsərlər ərsəyə gətirib. Bu gün yer üzərində mövcud olan hər bir dinin mənsubunda incəsənətin izlərinin görüldüyünü qeyd edib. O, incəsənətin insanın fitrətində var olduğunu, dinin isə insanın yaradılışında var olan bu fitri qabiliyyətə təkan verdiyini qeyd edib.

Dinin insanalara bu həyatda gözəlliyi və gözəl olan şeyləri təlqin etdiyini vurğulayan Z.Orucov, dinin istəklərini həyata keçirən insan mənsub olduğu dindən aldığı ilahi güc ilə hər sahədə axtardığı gözəlliyi tapmağa çalışdığını qeyd edib.

Məruzəçi incəsənət Allahı tanımağın ən gözəl yoludur, gözəlliyin yalnız incə yollarla dərk edildiyini bildirib. Z.Orucov, “Qurani-Kərim”in ayələrinin zahir və batindən ibarət olduğunu, İslam incəsənət nümunələrinin də zahiri və batini xüsusiyyətlərə malik olduğunu qeyd edib. “Zahiri gözəlliklə yanaşı, İslam incəsənətinin gizli, gözlə görünməyən, lakin qəlblə duyulan gözəlliyi vardır”. O, sanki, Quranın “düşünənlər üçün bunda bir ibrət vardır” ibarəsi hər bir memarlıq nümunəsində, şeirində, nəğməsində, rəsmində, yazısında, zinət əşyasında öz əksini tapdığını bildirib.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2018  10:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!