إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azəbaycanda məhbəsdə İslamı qəbul edən kamerunlu - “Hacı Şahin, mən müsəlman, mən şiə” - FOTO

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planına əsasən 1, 6 və 15 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib.

Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin məsul əməkdaşı Süleyman Salayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli iştirak edib.

Keçirilmiş maarifləndirmə tədbirlərində 2017-ci il – “İslam Həmrəyliyi İli”nin yekunları və 2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması barədə məlumat verilib. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət-din münasibətləri sahəsində müstəsna xidmətləri barədə danışılıb.

Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli və digərləri mövzu ilə bağlı çıxış edib, məhkumları maraqlandıran suallar cavablandırılıb.

"Cəza bir cəmiyyətdə ədaləti qorumaq üçün verilir. Onun əsas fəlsəfəsi "cinayətkar cəzasız qalmasın", "başqalarına da dərs olsun" kimi mesajlar verməkdir. Bu qızıl qayda dünyəvi hüquq sistemində də, fiqhdə də eynidir" - Milli.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib.


Şöbə müdirinin sözlərinə görə, onun məhkumluq həyatı haqqında ilk təəssüratı Tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin 1942-ci ildə faşistlərə əsir düşdüyü zaman lagerdə yazdığı "Quşcuğaz" şeiri ilə formalaşıb: "Cəbr və həndəsədən bizə dərs deyən Xanımağa müəllim bu şeirə həddən artıq məftun idi. "Quşcuğazı" əzbər və intonasiya ilə deyənlərə "beş" vəd verirdi. Mənim şüurumda tikanlı məftillər, bütün əzablara baxmayaraq, şairin quşcuğaza xitabən salamını doğulub boya-başa çatdığı torpaqlara çatdırmaq arzusunda donub qalmışdı. Uşaq təxəyyülümdə tikanlı məftillər təkcə azadlığı məhdudlaşdıran baryer deyildi, həm də sanki Vətənə məhəbbətin simgəsi idi. Çünki bölünən Vətən arasında tikanlı məftillər təqribən həmin illərdə sökülmüşdü.

O zaman əsirlik və məhkumluq arasında fərqi dərk etmirdim. Əsir və əməlləri müqabilində cinayət törədərək həbs edilmişlərin fərqini sonra anladım".

N.Məmmədov qeyd edib ki, cəzaçəkmə müəssisələrində məhkumların özünəməxsus həyat tərzi var: "Şübhəsiz, reallıq məhbəs həyatı haqqında yazılmış kitablardan, çəkilmiş filmlərdən çox uzaqdır. Heç kim heç nədən sığortalanmayıb. Məhbəsdə müxtəlif hüquq pozuntularına yol verib məhkəmə qərarı ilə həbs edilmiş alim də var, müxtəlif peşə sahibləri də. Eyni zamanda, əlindən cinayət törətməkdən başqa heç bir iş gəlməyən, azadlığa çıxanda özünü zindanda hiss edib tezlikdə məhbəsə qayıtmaq arzusu ilə yaşayanlar da var.

Bir çox məhkumlar üçün məhbəs islah yeridir. Bəzisi qəza ilə törətdiyi əməl nəticəsində həbs olunub, onlar çox güman ki, azadlığa çıxdıqdan sonra normal həyatına davam edəcək, cəmiyyətə və ailəsinə ləyaqətlə xidmət edəcəklər. Eləsi də var ki, heç zindandan çıxmasa yaxşıdır...

Komitə rəsmisi etiraf edib ki, baş çəkdiyi cəzaçəkmə müəssisələrində tez-tez heyrətlənir. Bəzən müsbət, əksər hallarda isə mənfi mənada: "Penitensiar Xidmətin əməkdaşlarının yaxşı bir sözü var. Deyirlər ki, əsl məhbəs həyatını məhkumlar yox, illərlə onların yanına gəlib-gedən ailələri çəkir. Bəzi detalları danışanda bunun nə dərəcədə həqiqət olduğunu anlayırsan....

Ümumiyyətlə, cəzaçəkmə müəssisələrində xidmət etmək olduqca çətindir. Hər xasiyyətdə olan, dəfələrlə ağır cinayət törədən məhkumların arasında səhərdən axşama qədər olmaq, zarafat deyil. Onlarla birlikdə - "xidmət çəkən məhkum" olmağa bərabərdir. Bu ifadəni təsadüfdən yazmıram. Bu peşənin ağırlığını təsəvvür etmək üçün sadəcə bir neçə saatlığa cəzaçəkmə müəssisələrinə baş çəkmək yetərlidir".

O, qeyd edib ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində kifayət qədər normal şərait var: "Yemək-içmək, həyat üçün digər zəruri ehtiyaclar təmin edilir. "Barak" adlanan ümumi yataqxanalarda istilik sistemi qurulub. Məhbusların asudə vaxtlarını səmərəli keçirmələri üçün idman meydançaları, klublar, kitabxanalar, ibadətlərini rahat şəkildə həyata keçirdikləri məscidlər fəaliyyət göstərir. İmkan daxilində iş yerləri də yaradılmağa çalışılır. Lakin nə qədər yaxşı şərait yaradılsa da, tikanlı məftillər arasında keçən ömür bihudə yaşamağa bərabərdir. Həyatda ani səhv nəticəsində Allahın insana bir dəfə bəxş etdiyi bir ömrü boş yerə xərcləmək İlahiyə xəyanət etməyə bərabərdir".

Şöbə müdiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisələrində həyata keçirdiyi maarifləndirici tədbirlər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli ilə birgə keçirilən görüşlərdən birində maraqlı hadisənin yaşandığını da açıqlayıb: "Tədbirlərin birinin sonunda bizə yaxınlaşan zəncinin salam verərək, qırıq hecalarla "Hacı Şahin, mən müsəlman", "mən şiə" deməsi istər-istəməz dodaqlarımızı qaçırtdı. Ətrafdakılar dedilər ki, məhbus kamerunludur. Belə başa düşdüm ki, kamerunlu qardaşımız məhkumluq həyatını daha asan başa vursun deyə İslamı qəbul edib, müəssisədəki dindarlara sığınıb. Hər halda Kamerundan onun yanına çətin gəlib-gedən olsun...

Bu gün məlumat yayıldı ki, Novruz bayramına əfv sərəncamı gözlənilir. Allah, Prezident İlham Əliyevin vasitəsi ilə islah olunmuş məhbusların qapısını açsın!-deyə N.Məmmədov bildirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2018  18:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!