إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qubada Din-media münasibətləri mövzusunda üçgünlük seminar-treninq işinə başlayıb

Noyabr ayının 27-də Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Mətbuat Şurası, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə keçirilən “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda üçgünlük seminar-treninq işinə başlayıb.

KİV-lərin milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, multikultural və tolerant ənənələrimizin qorunması və təbliği prosesinə cəlb olunması, eləcə də dini mövzuya müraciət edən jurnalistlərin maarifləndirilməsi, peşəkarlığının artırılması məqsədilə təşkil edilən seminar-treninqdə DQİDK sədr müavini Gündüz İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, QMİ  sədr müavini Qəmərxanım Cavadlı, eyni zamanda ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Seminar-treninqdə DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “Din-media münasibətləri: beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib.

Qərb mediasında müsəlman imicinin formalaşdırılması, söz və informasiya azadlığının qorunması məsələləri barədə danışan N.Məmmədli müasir medianın, xüsusilə sosial medianın dünyada dinin rolunun dəyişməsində xüsusi yeri olduğunu vurğulayıb. Şöbə müdiri internet və televiziyanın inkişafının dinin də inkişafına, daha sürətlə yayılmasına gətirib çıxardığını qeyd edib. O, Qərb kütləvi informasiya vasitələrinin İslam dininə aqressiv münasibətinin bir sıra səbəblərlə izah oluna biləcəyini bildirib. İslam haqqında məlumatsızlığın bu səbəblərdən ən başlıcası olduğunu diqqətə çatdırıb.

Daha sonra seminar-treninq iştirakçıları üçün brifinq keçirilib.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, din və media münasibətləri bütün cəmiyyətlər üçün, xüsusilə Azərbaycan cəmiyyəti üçün aktualdır. O qeyd edib ki, dini maarifləndirmə işinin həyata keçirilməsində, dini radikalizm və ekstremizmlə mübarizənin təşkilində, milli-mənəvi dəyərlərin qorunması və təbliğində medianın rolu mühümdür.

Bildirib ki, dinin siyasiləşdirilməsi, milli kimliyimizin dini kimliyimizə qarşı qoyulması, dünyəvi təhsilə və dünyəviliyə qarşı cəhdlər, məzhəbçiliyin yayılması kimi din sahəsində üzləşdiyimiz bir sıra təhdid cəhdləri var  ki, onların aradan qaldırılmasında Azərbaycan mətbuatının rolu danılmazdır. G.İsmayılov vurğulayıb ki, Azərbaycan xalqı bütün dövrlərdə məzhəbçilikdən uzaq olub, məzhəbçiliyə qarşı ən böyük mübarizəni də mətbuat aparıb. Təəssüf ki, bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə də öz təbliğatlarını qurmağa çalışırlar. “Dini dözümsüzlük də əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu onu deməyə əsas verir ki, bu dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ media formalaşdırmağa çalışırlar. Biz həmişə bu cür xəbər portallarına qarşı media ilə birlikdə mübarizə aparırıq”, -deyə o vurğulayıb. Sədr müavini qeyd edib ki, sadaladığı bütün bu dini təhdidlərə qarşı mübarizədə media mühüm dəstək göstərir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dini sahədən yazan jurnalistlər üçün keçirilən tədbirlər, konfranslar, müsabiqələrin önəmi barədə danışıb. Bildirib ki, bu sahədə yazan jurnalistlər dövlət-din münasibətləri, dini durum barədə kifayət qədər məlumatlı olmalı, dini məsələlərə həssas yanaşmalıdırlar. Bu baxımdan bu cür seminar-treninqlərin, Azərbaycanın dini xəritəsinin kütəvi informasiya vasitələri nümayəndələri üçün tam açılmasının böyük əhəmiyyəti var.

QMİ sədr müavini Qəmərxanım Cavadlı Azərbaycan mətbuatının yarandığı gündən dini mövzuları daim diqqətdə saxladığını qeyd edib. Müstəqillik qazandıqdan sonra Azərbaycanda milli-mənəvi, dini dəyərlərə qayıdış prosesinin başladığını deyən sədr müavini bu işdə jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. O, milli-mənəvi, dini adət-ənənələrimizin qorunub-saxlanılmasında və onu düzgün şəkildə insanlara çatdırmasında və təbliğində kütləvi informasiya vasitələri nümayəndələrinin böyük xidmətləri olduğunu bildirib.

Fasilədən sonra seminar-treninqdə  bir neçə maraqlı məruzə dinlənilib.

QMİ-nin sədr müavini Qəmərxanım Cavadlı “Media və din: stereotiplər və problemlər”,  DQİDK-nın sədr müavini Gündüz İsmayılov “Azərbaycanda mövcud dini durum və media”,   Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “Media və din: informasiya və maarifləndirmə” mövzularında məruzələrlə çıxış ediblər.

Sonra mövzular ətrafında geniş müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Noyabr, 2017  12:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!