إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Erkən nikah probleminin yaranmasında ictimaiyyət də məsuliyyət daşıyır - Yaqut Əliyeva

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, tədbirdə DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Zaqatala bölgəsi üzrə söbəsinin müdiri Mehman İsmayılov, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, RİH-in Hüquq və İctimai-siyasi şöbələrinin əməkdaşları, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi, Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına liseyin direktoru Kəmalə Əhmədova, Zaqatala Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova, Zaqatala rayon qeydiyyat şöbəsinin müdiri Aybəniz Kələşova, Zaqatala Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayonun orta məktəblərinin müəllim-psixoloqları, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Zaqatala korpusunun, eləcə də Dövlət idarəetmə və texnologiya kollecinin tələbələri, Zaqatalada fəaliyyət göstərən Quran kurslarının müəllimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev bölgədəki dini durum, dini icmaların fəaliyyəti, dini maarifləndirmə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının təkcə ölkəmiz üçün deyil, bütün İslam dünyası üçün əhəmiyyətini qeyd edən natiq həmrəylik ideyasının və çağırışlarının məhz Azərbaycandan səsləndirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb.

DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “Erkən nikah və onun fəsadları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda erkən nikahla bağlı ölkə qanunvericiliyində təsbit olunan hüquqi prosedurlar, problemin yaranmasının səbəbləri, aparılan araşdırmalar və statistik göstəricilər haqqında ətraflı məlumat verilib. Y.Əliyeva erkən nikaha zəmin yaradan səbəblər - təhsildən uzaqlaşma, uzun illərdir formalaşmış stereotiplər, ailələrin “qayda-qanun”ları, maddi vəziyyət, eləcə də erkən nikahın törətdiyi fəsadlar - ailədaxili zorakılıq hallarının, ana və uşaq ölümlərinin, boşanmaların sayının artması, qadınlarda müxtəlif psixoloji, fizioloji xəstəliklərin yaranması və digər problemlər haqqında danışıb.

Qeyd edib ki, erkən nikah, ilk növbədə, insan hüquqlarının ciddi şəkildə pozulmasıdır və problemin yaranmasında valideynlərlə yanaşı, gənclərin təhsil aldığı məktəb, ətrafdakı insanlar, ictimaiyyət də məsuliyyət daşıyır. Y.Əliyeva dünyəvi təhsilin və ictimai qınağın problemin həll olunmasına çox böyük fayda ola biləcəyini diqqətə çatdırıb.

Sonra çıxış edən Zaqatala rayon qeydiyyat şöbəsinin müdiri Aybəniz Kələşova və Zaqatala Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova tədbirin mövzusunun əhəmiyyətindən danışaraq Zaqatalanın kəndlərində, orta məktəblərində davamlı olaraq maarifləndirmə tədbirlərinin keçirildiyini, problemin həlli istiqamətində cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyət göstərməsinin zəruriliyini qeyd ediblər.

DQİDK-nın Zaqatala bölgəsi üzrə söbəsinin müdiri Mehman İsmayılov çıxış edərək mövzunun əhəmiyyətindən, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışıb. Bildirib ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. Qeyd olunub ki, cəmiyyətin bütün təbəqələri - dövlət qurumları, təhsil, səhiyyə, pedoqoji sahədə çalışanlar, QHT-lər və s. bu sosial problemə ciddi yanaşmalı, qarşısının alınması üçün birlikdə tədbirlər həyata keçirməlidirlər. ​




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2017  15:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!