إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda İslam Əməkdaşlıq Təşkilatının kibertəhlükəsizlik üzrə beynəlxalq konfransı işə başlayıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatının “Uncovering Future Threats” beynəlxalq konfransı başlayıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin “Uncovering Future Threats” adlı 9-cu beynəlxalq illik konfransı başlayıb.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, konfransda İslam Əməkdaşlıq Təşkilatına üzv olan 21, üzv olmayan 11 ölkədən 97 nəfər, Azərbaycandan isə 140 nəfər iştirak üçün qeydiyyatdan keçib.

Tədbirin təşkilatçısı AR Xüsusi Dövlət Mühafizə Xidməti, yerli sponsorları “Delta Telecom LTD” və “Azinfosec”, xarici sponsorları isə “May Cyer Technology”, THALES və “Videntifier” şirkətləridir. Tədbirə akademik dəstək ADA Universiteti tərəfindən həyata keçirilir. Beynəlxalq illik konfrans mütəmadi olaraq hər il İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən birində təşkil olunur.

Dörd gün keçirilməsi nəzərdə tutulan tədbirdə yeni nəsil kibertəhdidlər, gizli kiberindikatorların işlənilməsi, kibercinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və s. mövzuların müzakirəsi aparılacaq. Müzakirələrlə yanaşı, konfransın proqramında praktik təlimlər üçün də vaxt ayrılıb. Praktik təlim proqramında kibersimulyasiyalar vasitəsilə təhdidlərin analizi və qorunma yollarının nümayişi planlaşdırılır.

Tədbirdə açılış nitqi ilə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini-Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi, general-leytenant Mürsəl Vəliyev deyib ki, heç bir sərhəd tanımayan kibertəhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyəti effektivlik baxımından yetərsiz olur: "Bu baxımdan dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən islam ölkələrinin müvafiq mərkəzlərinin birgə fəaliyyətini çox yüksək qiymətləndiririk. Bu əməkdaşlığın hər bir ölkə üçün faydalı olacağını əminliklə söyləmək olar. Qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirmək və bu sahədə təcrübə mübadiləsi aparmaqla qlobal və regional kibertəhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etmək mümkündür. Beynəlxalq CERT təşkilatlarının illik konfranslarının hər il fərqli ölkələrdə keçirilməsi həmin regionlarda müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha da çox ayrılmasına öz töhfəsini verəcək. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifəni uğurlu yerinə yetirir".

İslam Əməkdaşlıq Təşkilatı İnformasiya texnologiyaları bölməsinin direktoru Vajdi Alquliti qeyd edib ki, hazırda terrorizm istənilən cəmiyyət üçün dəhşətli düşməndir: "Terrorizm sərhədlər tanımır, dinlər və millətlər arasında fərq qoymur, dağıdıcı mahiyyətə malikdir. Biz xüsusilə kiberməkan üzərindən törədilən cinayətlərdən narahatıq və bu cinayətlərin qarşısını almalıyıq. Bunun üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılıb ki, bu cür təhdidlərə qarşı mübarizə aparılsın. Çağdaş dünyada texnologiyaların inkişafı həyatımızı daha da asanlaşdırır. Bununla bərabər, bu texnologiya və alətlər fərqli məqsədlər üçün istifadə oluna, beynəlxalq sabitliyə təhdid kimi çıxış edə bilər. Bu təhdidlərə qarşı mübarizə aparmaq bizim əsas vəzifəmizdir".

“Delta Telecom LTD”nin texniki direktoru Atəş Rzayev “Delta Telecom LTD”nin Azərbaycanda kiber təhdidlərə qarşı mübarizəsindən danışıb.

 

 

 

 

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2017  12:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!