|
"Pir Məhəmməd" - Xəlvətdə tikilən “Diri Baba” türbəsiQobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsində qayaların içərisində abidə yerləşir. Bu abidəni əsas yoldan keçənlərin görməsi çətin məsələdir. Qədim abidənin cənuba baxan bir fasadı var, o biri tərəfləri isə qayanın içərisindədir. Abidə qayada oyulmuş mağarada 1402-ci ildə ağ əhəng daşından tikilib. Bu məlumat binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində əks olunub: hicri 805-ci il. Ahlibeyt.az Report.az-ın Diri Baba” türbəsi adlandırılan abidə ilə bağlı hazırladığı reportajı təqdim edir. Şirvanşahlar saray kompleksinin memarlıq üslubu Deyilənə görə, abidəni Şirvanşah I Şeyx İbrahim tikdirib. “Diri Baba” türbəsi Orta əsr Şirvan-Abşeron memarlığına aiddir. Abidənin günbəzli salonu Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir. Burada həkk edilmiş yazıya görə, bu türbə ustad Hacının oğlu tərəfindən tikilib. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır. Əsrlər boyu camaat arasında abidə ilə bağlı müxtəlif rəvayətlər olub, elə indi də var. Reallıq budur ki, türbə müqəddəs məkan sayılır və insanlar bu türbəyə tapınıb və tapınır. Abidə 1956-cı ildə yenidən bərpa olunub. 2001-ci ilin avqustun 2-i Nazirlər Kabinetinin qərarı ilə “Diri Baba” türbəsi ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. Abidənin ətrafında əsaslı abadlaşdırma işləri aparılıb, yolu qaydaya salınıb.
Xəlvətdə tikilən abidə Türbə, özünün fövqəladə bir görkəmi və plan quruluşuna görə Azərbaycanın başqa türbələrindən fərqlənir. Abidənin qayaların ortasında mağaranın içində tikilməsi "Diri Babanın əqidəsi" ilə əlaqələndirilir. Rəvayətə görə, Diri Baba xəlvətiyyə təriqətinə məxsus sufilərdən olub, türbənin tikilişində də bu xəlvətilik qorunub. Hücrə Abidə 2 mərtəbəlidir, türbə gümbəz formasındadır. Dar, ensiz və hündür daş pilləkənlərlə mərtəbələrə çıxmaq olur. Birinci mərtəbədə ikitağlı pəncərə və qapısı olan bir cüt otaq var, tavan isə taxtadandır. Sol tərəfdəki otağın bir pəncərəsi var. Ondan sağdakı kiçik kvadrat otağın tavanı isə səkkizkünc günbəzlə örtülüb. Abidənin əsas hissəsi ikinci mərtəbə sayılır, bura geniş kvadrat salon və əsas mağara hissədən ibarətdir. Həmin mağarada “Diri Babanın hücrəsi” var. Güman edilir ki, hücrədə “Diri Baba”nın qəbri var. Salonun tavanı incə, xırda bir günbəzlə bitir, arxa otağın tavanını isə mağaranın təbii qatı təşkil edir. Yeri gəlmişkən, orada ikən hava çox isti olmasına baxmayaraq, müşahidə etdik ki, abidənin içərisindəki pilləkənlərlə çıxanda hava axınına düşmək olur.
Rəvayətlər Ehtimala görə, Diri Baba deyilən bu şəxsin adı Pir Məhəmməd olub, o namaz qılarkən vəfat edib. Hətta iddia olunur ki, onun bədəni 300 ildən çox bir müddətdə çürüməyib. Başqa bir rəvayətə görə, Atam ibn Əmir adlı şəxs öz dəstəsi ilə Şirvana gəlib və burada vəfat edib və hazırda onun qəbri “Diri Baba” türbəsində yerləşir. Həmin şəxs Məhəmməd peyğəmbərin (s. a. s.) davamçısı olub, o, peyğəmbərin şəcərəsinə mənsub adamların əsasını qoyduğu və geniş yayılan sufiliyin "Xəlvətiyyə" təriqətinin nümayəndələrindən olub. Atam ibn Əmir Xəlvətiyyə adəti ilə yaşadığı ərazinin yaxınlığındakı mağaraya çiləyə çəkilirmiş. Növbəti çilə vaxtı vəfat etdiyinə görə, oradaca dəfn ediblər. Bundan sonra bura ziyarətgaha çevrilib. Foto: Orxan Əzim P.S. Abidəni ziyarət etməyə gələnlərin bəziləri burada "iz" qoyublar, daha doğrusu türbənin divarlarını cızıblar: kimisi tarix, kimisi öz adını, fərqli sözlər, fikirlər, ixtisarlar, cızıqlar və s. yazmağa çalışıb...
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2017 14:33 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |