|
Allahşükür Paşazadə: “Azərbaycan-Ermənistan sərhədində dini liderlərin görüşünün keçirilməsini təklif etdik” - MÜSAHİBƏ"Azərbaycan, Rusiya və Ermənistanın din adamlarından ibarət qrupun yaradılması təşəbbüsü var" Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin sentyabrın 8-də Rusiya paytaxtında keçirilən Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü ilə bağlı APA-nın Moskva müxbirinə müsahibəsi - Hörmətli Şeyxülislam, dünən Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin görüşü keçirildi. Görüşün yekunu barədə ancaq Patriarx Kirill brifinq keçirdi. Ümumiyyətlə, görüşün yekunlarını necə qiymətləndirirsiniz? - Bismillahir-rəhmanir-rəhim! Fikrimcə, üçtərəfli görüşümüz çox faydalı oldu. Ümumi götürdükdə Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin görüşünün özü elə müsbət nəticədir. Belə görüşlər mütləq xalqlar arasındakı münasibətlərə öz təsirini göstərəcək. Rus Pravoslav Kilsəsinin rəhbər Patriarx Kirill, ermənilərin katolikosu II Qareginin və mənim üçtərəfli görüşlərimiz bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır. Üçtərəfli görüşdə erməni katolikosu tərəfindən ittihamlar səsləndi. Biz da öz haqlı mövqeyimizi dilə gətirdik. Erməni əsirliyində, girovluqda olan azərbaycanlıların, Dilqəm Əsgərovun məsələsini II Qareginin diqqətinə çatdırdım. Bu münaqişənin Azərbaycan torpaqlarında getdiyini bildirdim. Erməni katolikos tez-tez ötən ilin aprel hadisələrini xatırladırdı. Mən də ona bu hadisələrin Azərbaycan torpaqlarında getdiyini bildirdim. Azərbaycanın torpaqlarını işğaldan azad etmək istədiyini söylədim. Bundan başqa işğal altındakı dini abidələrimizin, məscidlərimizin vəziyyəti məsələsini qaldırdım. Təkcə Dağlıq Qarabağ və ətraf rayonlardakı dini abidələrimiz və məscidlərimizin vəziyyətini deyil, eyni zamanda indiki Ermənistan ərazisindəki dini abidələrimizin, çoxsaylı məscidlərimizin pis halda olmasını erməni tərəfinə etiraz şəklində bildirdim. Dedim ki, mən bu məscidlərin çoxunda moizələr oxumuşam. Lakin indi həmin məscidlər yoxdur. Erməni katolikosu da öz növbəsində Bakıda erməni kilsəsinin vəziyyətinin pis olduğunu iddia etdi. Mən isə buna cavab olaraq bir ağsaqqal, Azərbaycan və Ermənistan xalqları arasında vasitəçi kimi Patriarx Kirilli Bakıdakı erməni kilsəsinə dəvət etdim. Qoy Patriarx Kirill Bakıdakı erməni kilsəsinin vəziyyəti ilə tanış olsun və oradakı vəziyyəti II Qareginə çatdırsın. Açıq dedim ki, nə biz bu regiondan gedəcəyik, nə siz. Biz bir yerdə yaşayacağıq. Ona görə də dini liderlər xalqlarımız arasında münasibətlərin normallaşmasına kömək etməlidirlər. Biz, xalqlarımıza nümunə olmalıyıq. Ermənistan ilk növbədə Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğaldan azad edilməlidir. Bunu Qareginə söylədim. Dedim ki, bu prosesə yavaş-yavaş başlanılmalıdır. Sonra isə dövlət başçıları, siyasətçilər Dağlıq Qarabağın statusu məsələsinə baxarlar, təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. - Gələcəkdə belə görüşlərin davam etdirilməsi ilə bağlı qərar oldumu? - Qeyd etməliyəm ki, Moskva və bütün Rusiyanın patriarxı Kirill həzrətləri Qarabağ münaqişəsinin sülh yolu ilə həllində çox maraqlıdır. Bu görüşün keçirilməsində onun böyük köməyi oldu. Görüş məhz onun təşkilatçılığı ilə baş tutdu. İstərdim ki, bu görüşün davamı olsun. Lakin biz görüşmək xatirinə görüşməməliyik. Bu görüşlərin mütləq nəticəsi olmalıdır. Biz təklif etdik ki, Azərbaycan-Ermənistan sərhədində də dini liderlərin görüşlərini təşkil edək. Misal üçün bir dəfə Azərbaycan tərəfində - Qazaxda, ikinci dəfə isə Ermənistan tərəfdə görüşlər keçirək. Qərara gəldik ki, daha fəal olaq. Baxmayaraq ki, bizim, yəni dini liderlərin əlində elə bir səlahiyyət yoxdur. Lakin bizim xalqlarımıza, eyni zamanda dövlət rəhbərlərimizə mənəvi cəhətdən təsir etmək imkanlarımız var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupuna bənzər, üç ölkənin (Azərbaycan, Rusiya və Ermənistan) din xadimlərindən ibarət qrupun yaradılması təklif olunub. Patriarx Kirillə görüşümdə bu məsələn də müzakirə etdik. Rusiya tərəfi də bunu erməni tərəfi ilə müzakirə edəcək. Bu qrup baş verən hadisələrə, misal üçün atəşkəs pozulduqda, meyitlərin dəyişdirilməsi zamanı, əsir düşmə halları olduqda mənəvi cəhətdən yardım etməklə məşğul olacaq. Hələlik bu, təklifdir. Hesab edirəm ki, bu təklif müsbət nəticələnəcək. - Ermənilərin katolikosu II Qaregin çıxışında Azərbaycanı aqressivlikdə günahlandırdı. Onun çıxışı din adamının çıxışından daha çox siyasətçinin çıxışına bənzəyirdi... - Qareginin iddialarının hamısına cavab verildi. Həm mətbuatın iştirakı ilə keçirilən hissədə, həm də qapalı keçirilən görüşdə. Yaxşı oldu ki, birinci o çıxış elədi. Daha sonra mən onun bütün iddialarına tutarlı cavab verdim. Qareginə dedim ki, əgər biz gələcəkdə bir yerdə yaşayacağıqsa, o zaman birlikdə müəyyən işlər görməliyik, addımlar atmalıyıq. Əks halda bu münaqişənin sonu heç də yaxşı olmayacaq. Bu gün Yaxın Şərqdə, Myanmada baş verən proseslərin əsas səbəblərindən biri də din adamlarının vaxtında münaqişələrə reaksiya verməmələri, düzgün addım atmamalarıdır. Ermənistan-Azərbaycan münaqişəsinə də vaxtında son qoyulmasa, bu münaqişə bütün Qafqazı bürüyəcək. Bu münaqişənin dini müstəviyə çıxarılmasını istəyən qüvvələr var. Buna imkan verməməliyik. Əks təqdirdə bunun qarşısını almaq mümkün olmayacaq. - Yekun bəyanatda əsirlərin azad olunması məsələsi öz əksini tapıb. Bu məsələ sizin tərəfdən qaldırılan zaman II Qareginin reaksiyası necə oldu? - Qaregin bu məsələ ilə bağlı heç nə demədi. Əsas məsələ əsirlərin geri qaytarılması məqamının yekun bəyanata salınması idi. Hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərin azadlığa buraxılmasının vacib olduğu bəyanatda qeyd olundu. Bu bəyanata da erməni katolikos qol çəkdi. Girov və əsirlərin azadlığa buraxılması, daha sonra dini abidə və məscidlərimizin qorunması məsələsinin yekun bəyanat salınması çox vacib idi. Ümid edirəm ki, bəyanatda qeyd olunanlar kağız üzərində qalmayacaq, biz, yenə əvvələ qayıtmayacağıq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2017 14:38 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |