|
Komitə sədri - Vaxtilə “dini hövzələr” səviyyəsində mərkəzlərin biri də Azərbaycanda olub - MüsahibəSuriyada və İraqda fəaliyyət imkanları məhdudlaşdırılan radikal təmayüllü dini təşkilatların, xüsusən də İŞİD-in çox yaxın gələcəkdə tədricən Cənubi Qafqaz - Mərkəzi Asiya xətti üzrə fəallaşdırılacağı, yeni əsas qaynar ocaqların Rusiyanın cənub sərhədləri boyu qalanacağı fikirləri getdikcə güclənməkdədir. Şübhəsiz, bu ehtimal gerşəkləşəcəyi təqdirdə, əsas hədəf nöqtələrindən biri də Azərbaycan olacaq. Bəs, ölkəmizdə dini durum, dini təşkilatların cəmiyyətə təsir imkanları, eləcə də cəmiyyətin bu təşkilatlara münasibəti necədir? Mövcud şərait radikal dini təşkilatların ölkəmizdə fəaliyyəti üçün nə dərəcədə əlverişlidir?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı strateq.az-ın bu mövzuda suallarını cavablandırıb.
– Mübariz müəllim, artıq üçüncü ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edirsiniz. Uzun illər siyasi fəaliyyətiniz dünyəvi siyasi müstəvi üzərində keçib. Hazırkı siyasi -ideoloji postda topladığınız siyasi təcrübə sizə kömək edirmi? Müqəddəs mətnlərin arasında özünüzü necə hiss edirsiniz?
– Mən bu gün də YAP-dakı vəzifəmdə qalıram. 19 ilə yaxın da Milli Məclisin üzvü olmuşam. İndi çalışdığım sahə ideoloji sahədir. Əlbəttə, həm deputatlıq, həm də partiya fəaliyyətində topladığım təcrübənin Komitə sədri olduqdan sonra mənə böyük köməyi dəydi. O siyasi təcrübə sayəsində bu postda və müqəddəs mətnlər arasında özümü rahat hiss edirəm.
– Bilmək istərdik, hazırda Dövlət Komitəsinin qarşısında hansı önəmli vəzifələr dayanır?
– Bilirsiniz ki, ölkədə şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fəaliyyət göstərir. Bu gün ölkəmizdə islam dininə aid bütün məsələləri QMİ həyata keçirir. Onların özünün ayrıca Nizamnaməsi var, məscidlərin idarəçiliyi, ora kadrların təyinatı, xütbələr, təyin olunmuş kadrların fəaliyyətinə nəzarət QMİ-nin səlahiyyətindədir.
Dini Komitə isə 2001-ci ildə yaradılıb. Buna qədər belə statusda qurum olmayıb. Yaradılan zaman dövlət tərəfindən qurumun qarşısına dövlət- din münasibətlərini tənzimləmək məqsəd kimi qoyulub. Çünki Azərbaycan yalnız müsəlmanlardan ibarət deyil. Ölkə əhalisi 10 milyona yaxınlaşır. Bunun 96 faizi müsəlman, 4 faizi isə müxtəlif dini konfessiyaların təmsilçisidir. Onların içində say hesabı ilə 2-ci yerdə pravoslav kilsəsinin təmsilçiləri olan xristianlar dayanır. Say hesabına görə 3-cü yerdə isə yəhudi icması gəlir. Onların da bir neçə icması mövcuddur və 7 sinaqoqları var. Bunlardan sonra müxtəlif dini konfessiyalar gəlir. Ümumiyyətlə, 28 qeyri-islam təmayüllü icma var.
– Dini şərtlər baxımından yanaşdıqda, Azərbaycanın spesifik xüsusiyyəti nədən ibarətdir?
– Azərbaycan müsəlman dünyasında müəyyən xarakterik xüsusiyyəti olan ölkələrdəndir. İslam coğrafiyasına baxdıqda, görürük ki, planetin quru hissəsinin 19 faizi müsəlman dünyasının payına düşür. Dünya əhalisinin 25 faizi isə islam dininin daşıyıcıdır və sayına görə 2-ci yerdədir. İslam dünyasının tutduğu quru ərazi dünyanın coğrafi baxımından ən strateji məntəqələridir. Bu ərazilər eyni zamanda yeraltı və yerüstü sərvətlərə nəzarət baxımından da mühüm rol oynayır. Hazırda orta hesabla dünyada olan neft ehtiyatlarının 62, təbii qazın isə 60 faizi islam ölkələrinin payına düşür.
Bəlli olduğu kimi, İslamda müxtəlif məzhəblər və təriqətlər mövcuddur. Elə müsəlman ölkələri var ki, orada əhali yekcins məzhəbin daşıyıcılarıdır. Amma Azərbaycan tarixən elə formaşalıb ki, burada fərqli nüanslar yaranıb. Ölkə əhalisinin təqribən 70 faizə qədəri şiədir, qalan hissəsi isə sünni məzhəbinin nümayəndələridir.
Digər bir xüsusiyyət də var: islam ölkələrində dinin idarəçiliyin klassik formaları mövcuddur, bizdə isə bu idarəçiliyin forması fərqlidir. Bu da tarixdən gəlir. Azərbaycan ərazisində lap əvvəldən, orta əsrlərdə belə, şeyxülislamlıq təsisatı olub. Ölkəmiz çar Rusiyasının tərkibinə qatıldıqdan sonra şeyxülislamlıq təsisatı bərpa edilib. Yəni dövlət- din münasibətləri və dini idarəçilikdə Azərbaycanın özünəməxsus bir modeli meydana gəlib. Bu model çar Rusiyası dövründə, Azərbaycan Xalq Cümhuriyyəti zamanında da qalıb. Sovetləşmə dönəmində ləğv edilsə də, 1943-cü ildə yenidən bərpa olunub. AMEA-nın prezidenti akademik Akif Əlizadənin babası Ağa Əlizadə həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də sonra sovet dövründə şeyxülislam vəzifəsini tutub.
Bizim digər islam dövlətlərindən fərqimiz ondadır ki, şeyxülislamlıq modeli din-dövlət münasibətlərində bir klassik forma kimi yaşamaqdadır.
– Belə mürəkkəb məsələdə Dini Komitə sədri kimi, Siz hansı prioritetləri əsas götürmüsünüz?
– Mən Dini Komitəyə sədr gəldiyim zaman din-dövlət münasibətləri, dinin tarixi barədə xeyli ədəbiyyata nəzər salmalı oldum. İxtisasca tarixçi olduğuma görə, ali məktəbdə islam dini barədə bizə keçilmiş dərslərdən, oxuduğum digər kitablardan din barədə məlumatlı idim. Mən demirəm ki, din haqqında mükəmməl bilgiyə malik idim. Xeyr. Amma öz bildiklərimin, kollektivdə çalışanların böyük əksəriyyətinin görülən hər bir işdə özünəməxsus əməyi var.
Komitə sədri olaraq bütün qurumlarla ikitərəfli əlaqələr yaratmışıq. Bu qurumlar içərisində QMİ ilə Dini Qurumlarla İş üzrə Komitəsinin birgə fəaliyyət göstərməsi çox zəruridir. Biz bütün işlərimizi onlarla koordinasiya edərək həyata keçiririk. Bu baxımdan bizim Komitənin vəzifəsi həmin dövlət-din münasibətlərinə aid dövlətin siyasətinin həyata keçirilməsinə nəzarət etməkdir.
Yəni, biz gedib məsciddə kimin necə namaz qılmasına, kimin hansı məzhəbə əməl etməsinə, xütbənin necə oxunmasına nəzarət eləmirik. Əlbəttə, xütbəni oxuyan adam məzhəblərarası qarşıdurmaya, konstitutsion quruluşa qarşı çağırışlar edirsə, biz buna reaksiya veririk və müvafiq addımlar atırıq. QMİ-yə bu barədə dərhal yazılı müraciət olunur. Belə din xadimi varsa, onun işində qalıb-qalmaması məsələsinə baxılması təklif olunur.
– Yəni, faktiki olaraq, QMİ və Komitə birgə cavabdehlik daşıyır…
– Azərbaycanda dövlət dindən ayıdır, amma din xadimi dövlətdən ayrı deyil. O axı ölkə vətəndaşıdır. Dövlət dinin bu və ya digər işlərinə qarışmır. Məsələn, biz vətəndaş olaraq qanunlara tabeyik, amma adət-ənənələrə əməl etməməyə görə yalnız ictimai qınağa məruz qala bilərik. Bir də var dindən gələrək adətlərimzə keçmiş və dinin özünün tələbləri… İslamın özünün vacib bildiyi tələbləri özünü müsəlman sayan şəxs yerinə yetirməlidir. Amma həmin vacibləri yerinə yetirməməyə görə, bizi kimsə ittiham edə bilməz. Azərbaycan dünyəvi dövlətdir. Məsələn, siz Ramazan ayında bir məkanda oturub yemək yesəniz , heç kim sizə heç nə deməz. Amma elə ölkə ola bilər ki, orada bu mümkün olmaz.
Fikrimcə, dövlət-din modeli getdikcə təkmilləşməlidir. Bu təkmilləşdirmə üçünsə qanunvericiliyə müəyyən dəyişikliklər etmək lazım gəlir. QMİ müxtəlif fətvalar verir. Bu fətvalar vətəndaş tərəfindən yerinə yetirilməzsə, vətəndaş məsuliyyət daşımır ki? Xeyr. Dinlə dövlətin burada təmasları var. Bu təmaslarda bir-birinin daxili işlərinə qarışmamaq durur.
Din xadimi qanuna görə siyasətlə məşğul ola, dövlət qulluğunda çalışa, seçkili orqanlara seçilə bilməz. Prezident İlham Əliyev də bu yaxınlarda keçirilmiş Ramazan süfrəsində dedi ki, din siyasətə qarışmır, biz də dinin işinə qarışmırıq. Azərbaycandakı dövlət-din modeli müstəqillik əldə olunduqdan sonra mərhum prezident Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Konstitusiyada təsbit olunub.
– Siz deyirsiniz din dövlətin, dövlət dinin işinə qarışmamalıdır. Amma həm də qarışır axı… Bu gün bütün dünyada bunu görürük.
– Din dövlətdən ayrıdır. Amma din dövlətin qoyduğu qayda-qanunlardan kənara çıxırsa, dövlət, əlbəttə, qarışır. “Din dövlətdən ayrıdır” demək odur ki, din dövlətin fundamental əsasları ilə bağlı hər hansı yönəldici qanun qəbul etmir. Amma dövlət-din münasibətlərində din dövlətin əsaslarına qarşı olursa, bu, artıq başqa məsələdir. Məsələn, İŞİD din adı altında terrorla məşğuldur. Bu zaman, əlbəttə, dövlət də, dünya da qarışacaq.
– Siz bu posta təyin olunana qədər ölkədə din siyasətini həyata keçirilməsində bir ikitirəlik hiss olunurdu. QMİ ilə Dövlət Komitəsi arasında konfliktli vəziyyəti artıq gizlətmək də mümkün olmurdu. Siz gəldikdən sonra bu proses səngidi. Görünür, QMİ lə işləmək üçün yeni bir format tapmısınız. Fikrinizcə, bu gün əlaqələrin ən optimal yolu tapılıbmı?
– Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında heç bir konflikt yoxdur və ola da bilməz. Hesab edirəm ki, biz çox gözəl optimal yol tapmışıq.
Dövlət Komitəsi dini maarifləndirmə, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində QMİ ilə sıx əməkdaşlıq çərçivəsində müəyyən birgə proqramlar tərtib edir. Bu proqramlar üzrə yerlərdə vaxtaşırı konfranslar, icmalarla görüşlər keçirilir. Bu iş bundan sonra da davam edəcək. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və onun sədri şeyxülislam Allahşükür Paşazadə bütün Qafqazın şeyxi olaraq bu sahəyə uzun müddətdir çox səmərəli şəkildə rəhbərlik edir. Şeyxin bu sahədə böyük təcrübəsi var və beynəlxalq dini dairələrdə, dini mərkəzlərdə ona böyük hörmət edilir. Ölkəmizdə qeyri-ənənəvi dini qrupların, cərəyanların yayılmasına qarşı dayanan qurumlardan biri də məhz QMİ-dir. Bu idarə öz fəaliyyətində müəyyən addımlar ataraq ölkədə radikalizmin yayılmasının və qeyri-ənənəvi din və cərəyanların missionerliyinin qarşısını alıb.
Azərbaycanda dini siyasətdə bizim qarşımızda nə dayanır? İnsan özü də bir fikir mübadiləsi apararkən, ilk növbədə qarşıya “biz nə istəyirik?” sualı qoyulur. Dövlətimizin milli maraqları onu istəyir ki, Azərbaycanda islami dəyərlərimiz qorunsun, saxlanılsın, nəsildən- nəslə ötürülüsün. Nə üçün? Birincisi, biz islam ölkəsiyik, ikincisi, islam bizim xalqımızın nəsildən- nəslə yaşatdığı bir dünyagörüşü, həyat düsturudur. Adət- ənənələrimizə hopan, şüurumuzda yer tapmış bir dindir. Biz onu yaşatmalıyıq. Bəs bu dəyərləri yaşadarkən, bu ad altında başqa ölkələrdəki hadisələrdən nəticə çıxararaq, qabaqlayıcı tədbirlər görməliyikmi? Əlbəttə, görməliyik. Müsəlman dünyasına baxdıqda, islam adı altında müxtəlif ölkələrdə terror, qarşıdurma, hakimiyyət davası baş verdiyini görürük. İslamın bir sıra ölkələrdə siyasiləşdirilməsi fakta çevrilib. Halbuki islam dini dünyagörüşdür, mənəvi aləmdir, İlahinin bizə göstərdiyi yoldur. Onun da müqəddəs kitabı “Quran”dır. Oradakı ayələr də İlahinin bizə göstərdiyi yolun əsas qayəsidir. İslamı qəbul edən, ateist olmayan adam bunları deməlidir. Azərbaycan da müsəlman ölkəsi olduğuna görə, başqa islam dövlətlərində islam adı altında baş verən prosesləri və onun fəsadlarını görərək, qabaqlayıcı tədbirlər görür və görməlidir. Azərbaycanda kimsə dini – fərqi yoxdur, islamı, xristianlığı, yəhudilyi – siyasiləşdirməməlidir. Çünki din siyasət deyil. Ona görə siyasət ola bilməz ki, qanunvericilikdə bununla bağlı məhdudiyyət var. Ölkədə etnik və din ad altında siyasi partiya yaradıla bilməz. Çünki din hamıya aiddir. Bizim hamımızın qəbul etdiyimiz dünyagörüşüdür. Əgər biz din adı altında siyasi partiya yaradırıqsa, onda biz burada fərqli düşüncəyə malik olmamalıyıq. Siz partiya yaradıb adını hansısa dinlə adlandıracaqsınız və belə çıxır ki, cəmiyyətin də hamısı siz deyəni deməlidir? Belə mümkün deyil axı? Siyasi partiya məqsəd və məramı olan, onun uğrunda mübarizə aparan təsisatdır. Siz Allahın verdiyi, “Quran”dan, “İncil”dən, “Tövrat”dan gələn dəyərli fikirləri partiya olaraq irəli sürüb nəyə nail olacaqsınız? Allah yolu kitabda göstərib. Odur ki, din siyasiləşməməlidir.
Düzdür, bunu əleyhinə olanlar var. Söhbət təkcə Azərbaycandan getmir. Xristianlıqda, yəhudlikdə də bəziləri düşünür ki, belə olmalı deyil. Amma dünya miqyasında “din siyasətdən kənarda olmalıdır” fikri burjua inqilablarının ana prinsipi olub. Məhz burjua inqilabından sonra dünyada qurulan demokratik dövlətlərin heç birində din dövlətin əsaslarında dayana bilməyib. Avropada bəzi partiyaların adında din var, amma onlar dinə söykənmək məqsədi ilə yox, şərti adlardır. Yəni, teokratik partiyalar deyil. Ona görə, bizim ölkəmizdə dövlət-din modelinə uyğun olaraq siyasəti həyata keçiririk. Bunu həyata keçirərəkən qarşımızda vəzifə dayanır: dindən sui-istifadəyə yol verməməliyik. Bu, dini radikalizmdə, ekstremizmdə, dini siyasiləşdirməkdə, din pərdəsi altında gizlənərək öz merkantil maraqlarını həyata keçirməkdə özünü göstərir. Buna qarşı mübarizənin yolu dini maarifləndirmədən keçir. Çünki dini ekstremist və radikallar dini təhrif edir, “Quran” ayələrini öz bildikləri kimi yozur, hədisləri saxtalaşdırır və bu yolla insanları din adı altında çaşdırırlar.
İslamın yarandığı vaxtda, Raşidi xəlifələr dövründən sonrakı zamanda da fətva vermək səlahiyyəti olanlar vardı. Onların din haqqında fikirləri əsas götürülürdü. İndi islam dünyasında heç kim deyə bilməz ki, mənim verdiyim hamıya aiddir. Xəlifə artıq yoxdur.
– Bu pisdir, yoxsa yaxşı? Vatikan ümumi xütbələri ilə katolik birliyini təmin edir. Bizim dindəki bu pərakəndəlik hansı problemlər yaradır?
– Əlbəttə, çox yaxşı olardı ki, islamın vahid mərkəzi olaydı. İslamdakı parçalanmaların qarşısını almaqda bu böyük rol oynayardı. Çox təəssüf ki, indi hər kəs öz bildiyi kimi “Quran”ı yozmağa çalışır. İŞİD-çi başqa cür, sələfi başqa cür, xəvaric başqa cür yozur. Mən məzhəbləri sadalamıram, onlar bəlidir. Hərəsi bir cür baxır. Amma vahid olsaydı, əlbəttə, burada problem olmazdı. Amma bu, bizim həll edəcəyimiz məsələ deyil. Azərbaycan islam dünyasının bir parçasıdır. Amma biz müsəlman dünyasında belə məsələləri həll etmək üçün yalnız mövqe qoya bilərik. Bununla bağlı islamın aparıcı ölkələrinin nümayəndələrinin Ciddədə, Qüdsdə, İstanbulda, Rabatda dəfələrlə müxtəlif toplantıları olub. Amma hələlik bir yekdil fikrə gələ bilməyiblər. Məsələn, bayram namazları və müxtəlif ayinlərin icrası zamanı, namazların vahid vaxtda qılınması ilə əlaqədar müşavirələr keçirilib. Avropada elə məscidlər var ki, orada hərə öz məzhəbini, zamanını seçir, gəlir namazını qılır. Bu, islamda böyük bir problemdir. Dində olan problem siyasətə sirayət edir, sonra cəmiyyətə, ideologiyaya. Bu qlobal məsələdir…
– Əgər bir Allah, bir peyğəmbər varsa, bu fərqlilik nədən olmalıdır ki?
– Sizi başa düşürəm. Amma bu, əsrlər boyu davam edən problemdir. Bu məsələ Məhəmməd Peyğəmbərin vəfatından sonra yaranıb.
– Azərbaycan cəmiyyətinin bugünkü nəslinin ataları sovet ateist sistemində böyüyüb, övladları isə dinin azad olduğu müstəqil dövlətdə… Siz dinin siyasiləşməsi təhlükəsindən danışdınız. Azərbaycanda son 100 il ərzində islam heç vaxt siyasi faktor kimi çıxış etməyb. Son 90-cı illərin sonundan bu tərəfə dinin siyasi faktor kimi qabardılması cəhdləri mövcuddur. Komitənin müşahidələri necədir: islamın siyasi faktor kimi Azərbaycan cəmiyyətində yeri varmı?
– Bütövlükdə toplum olaraq din bizim ictimai-siyasi həyatımızda hegemon rol oynamır. Elə ölkələr var ki, orada siyasi və məişət həyatında din aparıcı rol oynayır. Bizim cəmiyyətimizdə bu, yalnız ateizmlə bağlı məsələ deyil. Bizdə dinin yayıldığı, islamın tam təşəkkül tapdığı dövrdə belə, Azərbaycanın elə bölgələri olub ki, din yalnız məhdud şəkildə özünü göstərib. Məsələn, dinlə bağlı bilgi insanın dəfn mərasimi səviyyəsində olub. Ondan o tərəfə din hər hansı bir formada cəmiyyət həyatına təsir edə bilməyib. Mən o fikirdəyəm ki, kimsə Azərbaycan cəmiyyətində dindən istifadə edərək öz siyasi, merkantil maraqlarını reallaşdıra bilməz.
– Bu əminlik sizdə hardandır?
– Bizim cəmiyyətə hansı radikal cərəyanları ixrac edə bilərlər? Tutaq ki, vəhhabilik və aşırı şiəlik – yəni, şiəliyi dövlətin idarə modelinə çevirmək…
Vəhhabiliyə baxaq. Vəhhabilik Azərbaycanda yayıla bilər, amma kök ata bilməz. Yayılma arealla, hansısa təsirlə, ya da iqtisadi maraqla ola bilər. Azərbaycanda özünü vəhhabi adlandıran adamlarla söhbətlər etmişəm. Bu ideyaya fanatikcəsinə bağlı olan çox az sayda adam var. Amma böyük hissəsinin islamdan, dindən bilgisi primitiv səviyyədədir. Hamımız sovet vaxtından bəri din də, namaz da, oruculuq da görmüşük. Müəyyən bilgimiz vardı. Niyə bəs bu adamlar həmin yolu davam etdirmir? Mən bir rayonda xaricdə mükəmməl dini təhsil almış sələfi ilə söhbət edirdim. O, məscid tikmək üçün sənədləri mənə vermək istəyirdi. İddia edirdi ki, rayonda olan məscidlərə etiqad uyğunsuzluğu ilə əlaqadar getmirlər. Ona dedim ki, əgər hər məzhəb və təriqətə bir məscid tikilsə, bu rayonda gərək ən azı 10 məscid tikilsin.
Dinimizdə var ki, müsəlman namaz qılmaq üçün lazım gəlsə, kilsəyə də gedə bilər. Sən məscidə get, orda öz bildiyin kimi namaz qıl. Sənə kimsə mane olmur ki? Amma sən namazı idarə etmək, camaat namazı qıldırmaq istəyirsənsə, bu, başqa məsələdir. Qanunvericiliyə görə, namazın idarə olunması rəsmi təyin olunmuş din xadimi tərəfindən həyata keçirilir. Rəsmi din xadimi isə ölkənin ənənəvi söykəndiyi dəyərlərinə uyğun olmalıdır. Siz nə qədər pul sərf etsəniz də, geniş yayılma imkanınız olmayacaq. Niyə? Çünki vəhhabiliyin Azərbaycanda kökü yoxdur. Hər xalqın keçdiyi tarixi yol var. Biz gözümüzü açıb islama gəlməmişik ki? Biz Tanrıçılıqdan, xristianlıqdan, zərdüştilikdən keçmişik. Onların hər birinin izi qalıb. İslam bütövdür. Amma idarəçilyində modellər fərqlidir.
Digər məsələ – Şimal bölgəsində olan ziyarətgahların sayı başqa bölgə ilə müqayisədə fərqlidir. Bunun zərdüştilikdən, tanrıçılqıdan qalanı var. Bu ərazidə Xəzər xaqanlığı olub. Xaqanlıq 3 dəfə dinin dəyişib. Ona görə sənin dövlət-din modelin sənin tarixi keçmişini, keçdiyin yolu nəzərə alır. Ölkəmizdə dini radikal qrupların genişlənməsi imkanı yoxdur. Azərbaycanda din siyasi faktora çevrilə bilməz.
– Bəs o zaman nə üçün həmişə siyasi islam təhlükəsi ilə bağlı rəylər gündəmdən düşmür?
– Kim siyasətlə məşğul olmaq istəyirsə, partiya qursun, siyasəti gəlib məsciddə diqtə eləməsin. Məscidə gələn insan Allahla təmas üçün gəlir. Məscid siyasi məkan deyil.
Digər tərəfdən, məhz təhlükə olmayan zaman danışmaq lazımdır. Təhlükənin özü gələndə yox, gəlməmişdən danışmaq lazımdır. Biz qabaqlayıcı tədbirlər deyəndə, bunu nəzərdə tuturuq.
– Komitə bununla bağlı hansı işləri görür?
– Biz prinsiplər müəyyənləşdirmişik. Dini radikalizmə qarşı mübarizə üçün 3 istiqamət var: birinci, dini maarifləndirmə; ikincisi, iqtisadi; üçüncüsü, hüquqi müstəvidəki yoldur.
Dini-radikal qrupların apardığı təbliğatı mən təfəkkür narkomanlığı adlandırıram. Təfəkkür narkomanlığı insanları zombiləşdirir. Əgər insan öz belinə partladıcı bağlayıb kimisə partladırsa, öz həyatını qiymət verə bilmirsə, bu, artıq zombiləşmiş adamdır. O hesab edir ki, “Allahu-əkbər” deyərək kimisə öldürəcəksə, Cənnətə düşəcək. Biz bu prosesi qabaqlamalıyıq.
Bizdə xaricdən xüsusi emissarların gələrək maddiyyatla adamları ətrafına yığıb, şirnikləndirərək öz yoluna bağlamaq cəhdi var. Ölkədə həmin adama güzəştli mallar, pul verməklə onun ətrafında qrup yaratmaq cəhdlər var. Bunun qabağını almaq üçün həmin maddi mənbənin qarşısını kəsəcəksiniz və həmin vaxtdan bir az sonra o adamların yoxa çıxdığını görəcəksiniz. Mən praktikada bunu görmüşəm.
Hüquqi müstəviyə gəlincə, hüquq-mühafizə orqanları bu sahədə peşəkarcasına fəaliyyət göstərir…
– İllərdi ki, ortada beynəlxaq gündəmi qorxuya salmış İŞİD faktoru var. Birdən-birə Azərbaycanın müxtəlif regionlarından olan gənclərin Suriyada İŞİD sıralarında döyüşməsi barədə xəbərlər gəlməyə başladı. Radikal dini təməlçilik ölkədə özünü necə yer tuta bilib? Qarşısı alınmasında hansı problemlər var?
– Dövlət Komitəsi təkbaşına bunun qarşısını ala bilməz. Mübarizə bütün qurumlarla birgə aparılır. Xüsuslə KİV-in bizə böyük dəstəyi var. Mən həmişə jurnalistlərdən xahiş edirəm ki, ayrı-ayrı yerlərdə filan məzhəbin lideri ifadəsini yazmasınlar. Çünki şüuraltı siz onları təşviq edirsiniz. Onlar kimin lideri ola bilər? Digər tərəfdən, kiçik bir faktdan ümumiləşdirmə aparmaq olmaz.
Dini radikallizm ölkəmizdə fundamental şəkildə bizim üçün heç bir təhlükə törədə bilməz. Nə qədər çalışsalar da… Dövlət başçısı İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tərəfindən Ramazan ayı münasibətilə verilən iftar mərasimində çıxış edərkən bu barədə deyib: “Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır? O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir əsas yoxdur”.
Azərbaycanda İŞİD-ə qatılanlara gəlincə, bəli, bunlar var. DTX-da, biz də bu rəqəmləri bilirik. Onların içində həlak olanlarının da siyahısı bəllidir. Bir çoxunu DTX-nin nə əziyyətlə geri qaytardığını da bilirik. Bununla bağlı “Fitnə” sənədli filmini çəkmişik.
Biz qapalı araşdırmalar və sorğular aparmışıq. Niyə bu terror qruplarına qoşulmağa gedib? Nəticələr bir neçə yerə bölünür: birinci, zombiləşərək müəyyən dini təlimin təsiri altına düşərək gedənlərdir. Bunlar çox azdır. İkinciləri, necə deyərlər, “səadət centlemenləri” adlandırmaq olar. Gənclərin elə yaş dövrü olur ki, onlar atalarının hərəkətlərindən xoşlanmazlar. Maksimalist olurlar. Həmin yaş dövründə onlara elə gəlir ki, bəşəriyyət üçün əvəzolunmaz şəxslərdirlər. Böyük missiya daşıyıcısıdırlar və nə isə böyük bir qəhrəmanlıq göstərəcəklər. Bu, 18-22 yaş dövrüdür. Həmin o “uğur əsgərləri” adlananlar həmin yaş qrupudur. İnsan o yaşda hər cür fədakarlığa hazır olur. Mən tədbirlərdə deyirəm ki, o yaşda olan gənclər ömrünü silaha həsr etmək istəyirsə, Qarabağımız var.
Belə insanları ələ almağın yollarını bilən təcrübəli təbliğatçılar da hazırlıqlı şəxslərdir. Onlar xaricdəki mərkəzlərdə hazırlanaraq göndərilirlər. Dəstə toplayan həmin şəxslər hər göndərdiyi adama görə qonarar alır. Onlar hər adama necə yaxınlaşmağın yolunu gözəl bilirlər.
Bir kateqoriya da maddiyyata bağlı adamlardır. Onları yüksək məbləğdə pulla aldadırlar. Məsələn, deyilər ki, orada ayda 5 min dollar pul verilir. Gərək o qədər avam olasan ki, mühairbə gedən bir qarışıq ərazidə ayda hesab-kitab gözləyib pul alacağına inanasan. Eynşteynin bir sözü var: “İki şeyin hüdudu yoxdur: bir kainatın, bir də insan səfehliyinin”. Azərbaycandan 900 nəfərin İŞİD-ə qoşulması deyilir. O siyahı da nisbidir. Ora gedənlər arasında maddiyyat həvəskarları üstünlük təşkil edir. Onlarla müqayisədə şəhvani hissə və fanatik inanca görə gedənlər çox azdır. Biz qabaqlayıcı tədbirlərimizi görməliyik. Təhlükə həmişə ola bilər. Terrordan da heç kim sığortalanmayıb. Amma biz işimizi görməliyik… Mübarizəmizi bütün istiqamətlərdə aparmalıyıq. Media bu işdə daima bizə kömək etməlidir. Biz Mətbuat Şurasına da məktub göndərmişik ki, TV-lərdə din sahəsində ekspert dəvət edərkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə məsləhətləşsinlər.
Mediada din sahəsində yazan jurnalistlər ixtisaslaşmalıdır. Hərə bildiyi şeydən danışmalıdır. Mənim dindən olan bilgim ilahiyyatçının bildiyi səviyyədə deyil. Həmişə məsləhətləşirəm. Böyük toplantılarda daim mənim yanımda bir ilahiyyatçı olur. Bir söz soruşanda, cavab üçün ilahiyyatçıya söz verirəm. Elə şey var ki, mən onu bilmirəm, bilməmək eyib deyil…
– Məşhur sovet filmində bir aforizm var: “İslam çətin cəbhədir”. Kadr məsələləri həmişə müzakirə mövzusu olur. Xaricdə oxumuş tələbələrə müəyyən məhdudiyyətlər qoyulub. Maraqlıdır, 25 il ərzində ölkədə milli dini kadrların yetişdirilməsi işi necə aparılıb? Azərbaycanın özünün nufuzulu milli ruhani kəsimi formalaşa bilibmi?
– Bizim ingilis dili, ərəb dilini bilən axundlarımız, imamlarımız var. Dini mükəmməl bilir, gözəl izahlar verirlər. Çox təssüf ki, onları Azərbaycan cəmiyyəti hələ çox yaxşı tanıya bilmir. Onları tanıtmaq üçün bəzi işlər aparlımalıdır. Məsələn, bizim xahişimizlə “Space” TV-də “İnam” verilişi açılıb. O verilişə dini yaxşı bilən axundlar, imamlar dəvət olunur. İTV-də “Din və cəmiyyət” verilişi yayımlanır. Güclü milli kadrlarımız artıq yetişib. Onlara tam arxayın ola bilərik. QMİ ilə razılaşaraq milli dini kadrların daha təkmil hazırlığı üçün 8 əlavə mədrəsənin açılması üçün Prezidentə müraciət etdik. Prezident xeyir-dua verdi. Naxçıvanda və Gəncədə bu il açılacaq. Eyni zamanda təklif vermişik ki, Bakı İslam Universiteti dövlət dəstəyi ilə, pulsuz fəaliyyət göstərsin. Buna da nail olmaq istəyirik. Bunlar nə üçün lazımdır? Biz vətəndaşların xaricdə dini təhsil almasının əleyhinə deyilik. Bu cür yanaşma doğru olmazdı. Çünki dünyanın tanınmış dini mərkəzləri var. Əl-Əhzər kimi… İranda, Hindistanda, Türkiyədə, ərəb ölkələrində mərkəzlər var. Vaxtilə “dini hövzələr” səviyyəsində mərkəzlərin biri də Azərbaycanda olub. Amma sovet hökuməti bunu dağıdıb. Azərbaycan özü bir dini hövzə, dini mərkəz yaratmalıdır. Bu, yalnız Azərbaycanı yox, Şimali Qafqazı, Cənubi Qafqazı əhatə etməlidir. Bu, müxtəlif məzhəbləri özündə birləşdirəcək bir mərkəz olmalıdır.
Kadr hazırlığına gəlincə, müstəqillik illərində dini kadrların yaradılması ilə məşğul olunub. Mədrəsələr vardı. Amma indi mərkəzləşməyə ehtiyac var. Bakı İslam Universiteitinin, BDU-nun İlahiyyət fakültəsinin hazırladığı kadrlar aparıcı rol oynayır. Dövlət Komitənin kadrlarının 70 faizi BDU-nun və Bakı İslam Universiteinin hazırladığı kadrlardır. Onlar dini marrifləndirmənin ön cəbhəsində gedirlər. Amma hələ yetərli deyil. Qarşıda dindən sui-istifadə ilə əlaqədər böyük güclərin oynadığı oyunlardan xilas olmaq üçün biz milli ruhlu kadrlarmızı hazırlamalıyıq. Dinin müxtəlif fəsadlarını bura idxal etmək istəyənlərə qarşı milli kadrlarımızı qoymalıyıq.
– Sizcə, indiki – dinin siyasi faktor kimi çıxış etdiyi mürəkkəb zamanda buna nə dərəcədə nail olmaq mümkündür?
– Bunun üçün milli kadrları hazırlamaq lazımdır. Milli kadrlarımız dünyada gedən proseslərin siyasi tərəflərini mükəmməl bildikdə, o, gənclərin həmin təsirə düşməsinin qarşısını ala biləcək. Bizim azərbaycançılıq ideologiyamızı mənimsəyən jurnalist heç vaxt milli maraqlarımızı tapdalamaz. Bu, din xadiminə, siyasətçiyə də aiddir. Bizim milli kimliyimiz öndə olmalıdır, yoxsa dini kimliymiz?
– Bu tezis üstündə qarşıdurma illərdir davam edir…
– Mən düşünürəm ki, indi milli kimlik öndə gəlməlidir. Niyə? Bu gün Avropa İttifaqı 28 ölkəni birləşdirir. Millilik özünü futbolda göstərir. Fransız öz komandası üçün can qoyur. Din də öz yerindədir. Amma biz imkan vermərik ki, ümməti millətin qabağına keçirsinlər.
– Ümmət siyasəti bəzi ölkələrin ideoloji xəttinə çevrilib….
– O ölkələr də ümmət adı altında öz milli siyasətlərini yeridirlər. Biz milli və dini kimliyimizi, əhalinin əksəriyyətinin söykəndiyi məzhəblərimizi qoruyub saxlamalıyıq. Amma bunları bir-birinə qarşı qoymalı deyilik. Bu, milli maraqlarımza ziddir. Mən Şimalda, Cənubda yaşayan əhalinin milli kimliyini, etnik kimliyini nəzərə almalıyam, etnik kimliyini aşağılayacaq fikirlər söyləməməliyəm. Biz onlarla azərbaycanlı kimi birləşmişik. Onun marağı ilə mənim marağım bir coğrafiyada birləşib. Bir dində birləşmişik. Ola bilsin, onun məzhəb fərqi var. Amma bu məzhəbləri üz-üzə qoymalı deyiləm. Ona görə də din siyasəti çox incə siyasətdir. Mən bu Komitəyə rəhbərlik edənlərin hər birinin əməyini dəyərləndirirəm. Hər biri öz zamanında özünəməxsus fəaliyyət göstərib, öz işini görüb. Heç kim onların fəaliyyətini inkar etmir. Amma mən hesab edirəm ki, Dini Komitə ilə dini konfessiyalar arasında olan məsələlərdə mətbuatın yaratdığı hay-küyün qabağını almaq lazım idi. Mən bura təzə gələndə, kimlərsə istəyirdilər yenidən bunu hansısa formaya salsınlar.
QMİ ilə biz bu işləri birgə görməsək, nə edə bilərik? Bizim əldə etdiyimiz naliyyətlər verilən dəstəklə bağlıdır. Cənab Prezidentin yüksək dəstəyini xüsusi qeyd etmək istərdim. Həmçinin PA-nın, Milli Məclisin hərtərəfli dəstəyi, YAP-ın funksioneri olaraq partiyanın yerli təşkilatlarının dəstəyi qiymətlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2017 13:42 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |