إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ə.Qarayev - Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur

“Müxtəlif ölkələrdə təşkil edilən mədəniyyət günləri Azərbaycanın təbliğinə, beynəlxalq aləmdə müsbət imicinin yüksəlməsinə töhfədir. İranda uğurla keçirilən mədəniyyət həftəsi də bu amala xidmət edirdi”

Ahlibeyt.az-ın məlumatına görə, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranda Azərbaycan mədəniyyəti günlərinin yekunlarını barədə açıqlaması zamanı bildirib.

İyulun 3-dən 8-dək İran İslam Respublikasında Azərbaycan mədəniyyəti günləri keçirildi. Tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə rəsmi nümayəndə heyəti, incəsənət xadimləri – musiqi və teatr kollektivləri iştirak edirdi. İki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın mədəni irsinin, incəsənətinin, müasir inkişaf səviyyəsinin qonşu ölkədə təbliği, eləcə də turizm əlaqələrinin genişləndirilməsi məqsədi daşıyan mədəniyyət həftəsinin zəngin proqramı vardı.

Mədəniyyəti günləri çərçivəsində gerçəkləşən görüşlər, silsilə tədbirlər hər iki ölkənin mediasında geniş işıqlandırıldı.

Budəfəki mədəniyyət günlərinin yüksək səviyyədə keçməsi üçün İran tərəfdən hər cür təşkilatı tədbirlərin görüldüyünü, Azərbaycan nümayəndə heyətinə xüsusi diqqət göstərildiyini, konsert proqramları, sərgi, kino və teatr nümayişi üçün ən böyük salonların ayrıldığını deyən nazir bunu son illərdə dövlətlərarası münasibətlərinin inkişafının göstəricisi kimi səciyyələndirir.

Nazirin sözlərinə görə, görüşlərdə gələcək əməkdaşlığa dair bir çox vacib məsələlər nəzərdən keçirilib, təkliflər səslənib, o cümlədən İran tərəfdən müəyyən təşəbbüslər irəli sürülüb:

“Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da genişlənməsi, həmçinin beynəlxalq səviyyədə, məsələn, UNESCO və Dünya Turizm Təşkilatı kimi qurumlar çərçivəsində birgə fəaliyyət üçün imkanlar var. Ötən il UNESCO-da Azərbaycan və İran digər dost ölkələrlə birgə lavaş çörək mədəniyyəti ənənəsinin ortaq bir dəyər kimi qurumun qeyri-maddi mədəni irs siyahısına salınmasına nail oldu. Bununla da ermənilərin lavaşla bağlı əsassız iddialarına cavab verildi. İranla beynəlxalq turizm sərgilərində də əməkdaşlıq edə, birgə turizm marşrutları təqdim edə bilərik. Azərbaycan və İranın oxşar mətbəx mədəniyyətindən adət-ənənə, folklor, mədəni və ədəbi irsədək bir ortaq nöqtələri var ki, bu nümunələri əlbir şəkildə dünyaya tanıda bilərik”.

Nazir qeyd edib ki, Azərbaycanın Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilib. İranın Təbriz şəhəri isə gələn il islam dünyasının “Turizm paytaxtı” elan olunub:

"Bununla bağlı Azərbaycanda Təbriz şəhərinin, İranda isə Naxçıvanın təqdimat və tanıtım tədbirlərinin keçirilməsini təklif etdik və düşünürəm ki, 2018-ci il həm mədəni, həm də turizm əlaqələrimizi genişləndirmək üçün mühüm bir fürsətdir. Bundan əlavə, Azərbaycanda turizmlə bağlı ali təhsil sahəsi inkişaf edib və biz İranla bu sahədə də əməkdaşlıq edə bilərik.

Azərbaycanda keçirilən ənənəvi beynəlxalq muğam festivalına, beynəlxalq teatr konfransına, Bakı kitab sərgi-yarmarkasına, digər mədəniyyət tədbirlərinə İran həmişə dəvət edilir. Nəşriyyat işi, kitabxana sahələrində əlaqələr inkişaf edir.Qarşı tərəf də buna təşəbbüs edir.

Məsələn, qərara gəldik ki, İran Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında anlaşma memorandumu hazırlansın və payızda Bakıda keçiriləcək beynəlxalq kitab sərgisi-yarmarkasında imzalansın. İranın Milli Kitabxanasında çox qədim əlyazmalar saxlanılır. Onların birgə tədqiq edilməsi xalqlarımızın tarixinin, ədəbi irsinin daha dərindən öyrənilməsinə töhfə olar. Yeri gəlmişkən, İran Milli Kitabxanasında Azərbaycanla bağlı guşə var, orada 200 adda kitab yer alır. Onlar bizdən əlavə kitablar istədilər və həmin guşə üçün yeni nəşrlər göndəriləcək. Həmçinin nəşriyyat sahəsində əməkdaşlıq, fars və Azərbaycan dillərində kitab çapı ilə bağlı təkliflər dəyərləndiriləcək”.

Əbülfəs Qarayev mədəniyyət günləri çərçivəsində İranın İsfahan və Ərdəbil şəhərlərində keçirilmiş tədbir və görüşlərin əhəmiyyətini də vurğulayıb. Bildirib ki, hər iki vilayət rəhbərliyi Azərbaycanla həm mədəni, həm də turizm əlaqələrini genişləndirməyə maraq göstərir: “İsfahan valisi tərəfindən Azərbaycanın şəhər və bölgələri ilə qardaşlaşma sazişi imzalanması təşəbbüsü səsləndirildi.

Onun sözlərinə göə, növbəti ildə Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərin paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də reallaşması, eləcə də İranın şəhər və vilayətlərinin, o cümlədən Ərdəbilin təqdimatının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir sonda Azərbaycan mədəniyyəti günlərinin yüksək şəkildə keçirildiyini bir daha vurğulayaraq İran tərəfinə nümayəndə heyətimizə göstərdiyi qonaqpərvərliyə, xoş münasibətə görə minnətdarlığını ifadə edib.

Əbülfəs Qarayev həmçinin bütün görüş və tədbirlərin təşkilində və keçirilməsində Azərbaycanın İrandakı səfirliyinin fəal rolunu xüsusi qeyd edib, başda səfir Bünyad Hüseynov olmaqla səfirliyin kollektivinə təşəkkürünü bildirib:

“Müxtəlif ölkələrdə təşkil edilən mədəniyyət günləri mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycanın təbliği deməkdir, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da yüksəlməsinə töhfədir. İranda uğurla keçirilən mədəniyyət həftəsi də bu amala xidmət edirdi”.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyul, 2017  12:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!