|
Radikal cərəyanlara qarşı ideoloji, inzibati və iqtisadi dayaqların neytrallaşdırılması istiqamətində mübarizə aparır Keçirilən mübarizə tədbirləri təkcə problemin nəticəsinin deyil, öncə onun yaranmasına rəvac verən səbəblərin aradan qaldırılmasına yönəldilib. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin son vaxtlar dini ekstremizmə qarşı keçirdiyi tədbirləri yüksək qiymətləndiririk. Belə hallarda qabaqlayıcı tədbirlər keçirmək və qətiyyətli olmaq çox vacibdir.
Ahlibeyt.az-ın məlumatına görə,bunu Azərtac-a müsahibəsində son günlər dini ekstremist qruplara qarşı aparılan əməliyyatlara münasibət bildirərkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin((DQİK) sədr müavini Səyavuş Heydərov deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizm və ekstremizmlə mübarizəyə böyük önəm verir. Komitə müvafiq dövlət qurumları ilə birgə bu cür qruplara qarşı əsasən ideoloji, inzibati və iqtisadi dayaqların neytrallaşdırılması istiqamətində mübarizə aparır-deyə S.Heydərov bildirib.
O, qeyd edib ki, dindən sui-istifadə edən bəzi xarici dairələrin ölkəmizlə bağlı arzuolunmaz maraqlarını nəzərə alsaq, Azərbaycanda dini radikalizm və ekstremizmin yayılmasına edilən cəhdlər ölkəmizin ictimai və milli təhlükəsizliyinə ciddi təhdiddir. Bu baxımdan dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlara qarşı mübarizədə effektivliyin təmin olunması üçün aidiyyəti hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə kompleks işlər görülməkdədir.
Komitə sədrinin müavini qeyd edib ki, bəzi xarici ölkələrdəki qeyri-qanuni hərbi birləşmələrə cəlb edilmiş, yaxud belə qruplara rəğbət bəsləyən, analoji pozucu fəaliyyətləri ölkə ərazisində də həyata keçirməyə cəhd göstərən şəxslər barəsində qanunvericilik çərçivəsində adekvat addımlar atılmalıdır. Bu baxımdan təhlükəsizlik orqanları tərəfindən dini ekstremizm və terrorçuluq fəaliyyətinə yönəlmiş şəxslərin müəyyənləşdirilməsi və barələrində təxirəsalınmaz əməliyyat tədbirləri keçirməklə neytrallaşdırılması qaçılmaz olur.
S.heydərov vurğulayıb ki, keçirilən mübarizə tədbirləri təkcə problemin nəticəsinin deyil, öncə onun yaranmasına rəvac verən səbəblərin aradan qaldırılmasına yönəldilib. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin son vaxtlar dini ekstremizmə qarşı keçirdiyi tədbirləri yüksək qiymətləndiririk. Belə hallarda qabaqlayıcı tədbirlər keçirmək və qətiyyətli olmaq çox vacibdir.
Qeyd edək ki, ötən il Dövlət Komitəsi tərəfindən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə “Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı” çərçivəsində respublikanın 62 şəhər və rayonunda icra və hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə regional müşavirələr keçirilib.
Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir və Masallıda dini təyinatlı ədəbiyyat və digər materialların satışını həyata keçirən 40 mağazada monitorinqlər keçirilib. Aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə ümumilikdə 53500 manat məbləğində cərimə edilib, eləcə də 17 mağaza sahibi barədə məhkəmə araşdırması və 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər ünvanlardan götürülmüş 856 adda dini ədəbiyyatın dinşünaslıq ekspertizası keçirilib, ümumilikdə onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib. Aşkarlanmış pozuntular üzrə hüquq-mühafizə orqanları ilə birlikdə araşdırma tədbirləri davam etdirilir.
Dini radikalizm və ekstremizmin yayılmasında qanunsuz fəaliyyət göstərən dini icmaların da rolu kifayət qədərdir. Əvvəlki illərin davamı olaraq bu cür icmaların müəyyənləşdirilməsi, araşdırılması üzrə yerli icra və hüquq-mühafizə orqanları ilə birgə tədbirlər keçirilib. Keçən il ərzində respublika üzrə radikal cərəyan mənsublarının təsiri altında olan 13 məscid ətrafında yerli icra və hüquq-mühafizə orqanları ilə birgə tədbir keçirilib. Nəticədə həmin məscidlərdən 9-u onların təsir dairəsindən çıxarılıb. Bu istiqamətdə də tədbirlər davam etdirilir.
Həmçinin şəxsi ünvanlarda müxtəlif radikal cərəyanlara məxsus qeyri-qanuni fəaliyyət göstərən qrupların fəaliyyətinin qarşısının alınması istiqamətində də tədbirlər görülüb. Bakı, Mingəçevir, Zaqatala, Qazax, Bərdə, Göyçay, Şamaxı, İsmayıllı, Şəki və s. şəhər və rayonlarda 20-dən çox ünvanda aşkarlanmış qanun pozuntularının qarşısı alınıb, müvafiq tənzimləmələr həyata keçirilib.
Dini mühitə neqativ təsir göstərən amillərdən biri kimi qanunsuz dini kurslar, eləcə də hazırlıq kursu adı altında dini təbliğatla məşğul olan obyektlər ətrafında da müvafiq tədbirlər keçirilib, Bakı şəhərində bir sıra belə kursların fəaliyyəti dayandırılıb.
Dövlət Komitəsi, eyni zamanda, mütəmadi olaraq kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən monitorinqlərin aparılması istiqamətində fəaliyyətini davam etdirir. Ötən müddətdə bəzi saytlar vasitəsilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn məlumatların yayılması halları aşkarlanaraq, faktlar əsasında 3 sayt barəsində məlumatlar müvafiq qaydada tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.
Ümumiyyətlə, ötən ildə hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə dini radikalizmlə mübarizə istiqamətində 50-dən artıq tədbir həyata keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2017 13:28 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |