إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Aqil Abbas: Şiəliyi yıxıb sürüyənlərə bir xatırlatma

Son zamanlar bir para ziyalı qılınclarını çəkib düşüblər şiəliyin üstünə. Əslində əsas hədəf Şah İsmayıldı, bu barədə yaxın nömrələrin birində fikrimi bildirəcəm.

İndi şiəliyi az qala İslamın düşməni elan edənlərə bir balaca xatırlatma.

Məhərrəmlik başlayanda Bakıda qeyri-müsəlmanlar, yəni nə ruslar, nə ermənilər, nə də yəhudilər toy eləmirdilər. Toy etsəydilər də onlara kimsə güldən ağır bir söz deməyəcəkdi, amma etmirdilər. Niyə? Yaşadıqları şəhərdəki insanların adət-ənənələrinə, inanclarına hörmət əlaməti olaraq. Qeyri-müsəlmanlar şiələrin inanclarına hörmət edirdilər. Bildiyiniz kimi də Bakının 90 faizi şiədi. İndi müsəlman qardaşlarımız niyə bu şiəliyi topa tuturlar, bu insanların inanclarına hörmət etmirlər, başa düşmürəm.

Bəlkə dünyanın sonuncu peyğəmbərinin övladlarını, sevimli kürəkənini (həm də əmisi oğlunu, özü də onu boya-başa çatdıran əmisinin oğlunu), nəvələrini, nəticələrini bu şiələr qırıblar, diyarbadiyar ediblər?

Sizin ayrı işiniz-gücünüz yoxdu, ayrı bir probleminiz yoxdu, inancları niyə qarşı-qarşıya qoyursunuz? Əvvəllər bunu Avropa ölkələri edirdi, müsəlmanları bir-birinə qırdırırdı, indi sizə nə düşüb bu missiyanı öz üzərinizə götürmüsünüz?

Mən yazmışam, yenə yazıram. Həzrəti Əlini nə qədər sevirəmsə həzrəti Əbubəkrə, həzrəti Ömərə, həzrəti Osmana da bir o qədər sevgim və hörmətim var. Siz niyə həzrəti Əliyə bu qədər düşmənçilik edirsiniz və onun nəslinə və onu sevənlərə də düşmənçilik edirsiniz, nifrət edirsiniz? Mən «Tarixi-Nadir»i də oxumuşam, Yunus Oğuzun «Nadir şah» əsərini də, yenə sizi başa düşə bilmirəm.

İki qəribə hadisəni də xatırladım, bəsdi. Ağdam əhalisi şiədi, yalnız bir kəndindən başqa: Xıdırlı. Bu kənddən də çox böyük ziyalılar çıxıb, bəziləri də xaricdə təhsil alıb.

Fransada tibb təhsili almış bir bəy dönüb vətənə, çıxıb kəndin təpəsinə, camaat da yığışıb başına. Aşura günüymüş.

Bəy camaatdan soruşur:

- Aşağıdan, Şellidən ağlaşma səsi gəlir. Orda kim ölüb?

- Bəy, heç kim ölməyib ey, Aşuradı, imamlara yas saxlayırlar.

Bəy deyir:

- Hə, hə, başa düşdüm.

Sonra yenə soruşur:

- Yaxşı, bu Əhmədavar tərəfdə də ağlaşmadı, orda kim ölüb?

- Bəy, orda da heç kim ölməyib, imamlara yas saxlayırlar.

Bəy yenə deyir:

- Hə, hə, başa düşdüm.

Yenə soruşur:

- Bəs bu Qiyaslı tərəfdən də ağlaşma səsi gəlir, orda kim ölüb?

Camaat yenə deyir:

- Bəy, alim adamsınız, dedik axı, orda da imamlara yas saxlayırlar.

Bəy üzünü tutur dağın döşündəki Xoramurd kəndinə:

- Bəs ordan niyə ağlaşma səsi gəlmir?

Camaat:

- Bəy, onlar niyə ağlasın ki, onlar ermənidi axı.

Bəy istehza ilə deyir:

- Bəs siz niyə ağlamırsınız, siz də ermənisiz?

O gündən sonra Xıdırlı camaatı da Məhərrəmlik keçirməyə başlayıb.

Bir dəfə 1 Mayla Aşura günü eyni günə düşmüşdü. Qarabağda məscid kimi fəaliyyət göstərən yalnız Ağdam məscidiydi. Aşura günü Qarabağın bütün bölgələrindən - Kəlbəcərindən, Laçınından, hətta Qubadlıdan tutmuş, Fizulisi, Ağcabədisi, Şuşası, Tərtəri, Ağdərəsi… hamı axışırdı Ağdama. Yollar bağlanırdı, çünki məscildin ətrafında bəlkə əlli minə yaxın insan olurdu. Kimi ehsan verirdi, ehsana gücü çatmayan şərbət paylayırdı, yuxanın arasında halva paylayırdı, Qasım otağı bəzədilirdi, nə isə…

1 Mayda axı həm də nümayiş olurdu. Lenin heykəlinin önündən kolxozlar, kəndlər, məktəblər, ictimai təşkilatlar əllərində palitbüro üzvlərinin şəkilləri, bayraqlar, şuarlara «ura» deyə-deyə keçərdilər. Mən də orta məktəbdə oxuyurdum və ordan «ura» deyə-deyə keçənlərin arasında mən də olurdum.

Bəli, vəziyyət ağırdı, həm nümayiş, həm də Aşura. Sadıq Murtuzayev rayon Partiya Komitəsinin birinci katibidi. Ağdamın inkişafında müstəsna xidmətləri olmuş çox görkəmli bir ziyalıdı.

Çağırır Ağdamın Axundunu yanına ki, sabah 1 Maydı, bilirsən nümayiş var, nümayiş də saat 10-da başlayır. Sən tədbiri keçirt günortadan sonraya.

Axund:

- Sadıq müəllim, mənim əlimdə televiziya yox, qəzet yox, özünüz də bilirsiniz ki, bura Qarabağın hər yerindən gəlirlər. Mən onlara necə çatdırım ki, siz saat on birdən-on ikidən sonra gəlin Ağdama. Mən neyləsəm camaat saat ondan məscidin önünə yığışmağa başlayacaq. Sizin əlinizdə imkanlar var, bəlkə siz nümayişi bir saat önə çəkin, qarışıqlıq düşməsin.

Sadıq müəllim bir qədər fikrə gedib deyir:

- Düz deyirsən, biz bir saat önə çəkərik, çalışarıq nümayiş tez də bitsin.

Elə də oldu. Hər katibin işi deyildi ey bu.

Biz də ayın 1-də «ura»mızı çığırdıq, sonra da sinif yoldaşlarıyla birlikdə getdik məscidin qabağına, şərbət içməyə.

Bir də belə bir bayatı oxuyardıq, xorla:

İmam gəlir atında,

Qızıl çalma başında.

İmamı harda saxlayaq?

Ürəyimizin başında.

Mən dini mövzulardan uzaq adamam. Amma bəzi adamlara nələrisə xatırlatmaq məcburiyyətində qaldım. İmamı ürəyinin başında saxlamaq istəyənlərlə və saxlayanlarla düşmənçiliyinizi necə başa düşək?!

Aqil Abbas

Mənbə: Adalet.az

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2016  13:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!