إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün İmam Əliyyən Nəqi(ə)ın şəhadət günüdür

Bu gün, qəməri təqvimi ilə Rəcəb ayının 3-ü, müsəlmanların 10-cu imamı Әliyyən-Nəqinin (ə) şəhadət günüdür

Adı: Əli

Ləqəbi: Hadi və Nəqi

Kunyəsi: Əbül-Həsən

Atası: Həzrət imam Muhəmməd Təqi (ə)

Təvəllüdü: Hicri 214-cü il

İmamlıq müddəti: 34 il

Ömrü: 40 il

Şəhadəti: 254-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi

Mötəzil tərəfindən şəhid edilmişdir.

Məzarı: İraq, Samirra şəhəri.

Hadi ləqəbi ilə məşhur olan müsəlmanların 10-cu imamı Əliyyən-Nəqi (ə) 214-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra imamlıq məqamına çatdı.Yaşının az olmasına baxmayaraq Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.

Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz bir şəxsiyyət idi.Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı.

Mütəvəkkilin anası imam Hadinin (ə) zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibn Xaqanı o Həzrətin evinə göndərdi ki, imamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını Həzrət yoxsullar arasında payladı.

Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o Həzrətin yaşadığı ən ağır dövr Mütəvəkklin xəlifə olduğu dövrdür. Mütəvəkkil imansız və şöhrətpərəst bir adam idi. Zahirdə özünü dindar göstərsə də bu oyun, yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. Mütəvəkkil 226-cı hicri ilində əmr etdi ki, imam Hüseynin (ə) qəbrini Fərat çayının suları altında qoyaraq uçurdub yerində əkin əksinlər. Beləliklə də o, bu əməli ilə xalqı Kərbəla şəhidlərinin qəbrini ziyarət etməkdən məhrum qoymaq istəyirdi. Mütəvəkkil yaxşı bilirdi ki, bu qəbirlərdən hər biri ürəyi yanmış aşiqləri dünyanın hər tərəfindən özünə tərəf çəkən m möhkəm bir səngərdir.

Bir gün məmurlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: «İmam gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, imamın dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcəkdir».

Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, imamla əvvəllər olduğu kimi davranaraq o Həzrətə daha artıq hörmət etsinlər.

Mütəvəkkilin Əli (ə) övladlarına qarşı etdiyi hörmətsizlik hətta o dərəcəyə çatmışdı ki, bir gün öz məktublarının birində Mədinə valisinə belə yazdı: «Hər kim Əli (ə) xanədanına yardım etsə, yaxud onlarla oturub-dursa, onu ağır şəkildə cəzalandır!»

Mütəvəkkil 243-cü Hicri-qəməri ilində imam Hadini (ə) Mədinədən Samirraya sürgün etdi və o Həzrəti oğlu imam Həsən Əskəri (ə) ilə birlikdə ömürlərinin sonuna qədər hərbi bazasının yanında nəzarət altında saxladı. Elə buna görə də 11-ci imam (ə) Əskəri ləqəbi ilə məşhur oldu.

İmam Əliyyən-nəqi (ə) Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, zalımlarla saziş etmir. İmamın ilahi bir şəxsiyyət olması, onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mübarizə o dövrün hökuməti üçün dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Sonda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-Nəqi əleyhissəlamı öldürmək fikrinə düşdülər. Beləliklə, o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil, xəlifə Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayının 3-də şəhadətə yetirilir və Samirra şəhərində öz evində dəfn edilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2016  12:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!