إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İslam bankçılığı Azərbaycana nə verə bilər..?

Xəbər verildiyi kimi, gələn ilin əvvəlində Azərbaycanda ilk müstəqil Islam bankı açıla bilər. Azərbaycan, Qazaxıstan və Tacikistan şəriət qaydaları əsasında bank yaratmaq istəyən Mərkəzi Asiya ölkələri sirasındadır və onlara mərkəzi ofisi Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən Islam Inkişaf Bankı dəstək verir.

Azərbaycan Beynəlxalq Bankı nəzdində fəaliyyət göstərən və ötən ilin oktyabrında fəaliyyəti dayandırılan Islam bankçılığı Departamentinin keçmiş rəhbəri və yeni layihə ilə bağlı yaradılan işçi qrupunun üzvü Behnam Qurbanzadə deyib ki, hazırda hökumət Islam Inkişaf Bankı ilə birlikdə qanunvericilik üzərində işləyir.

Похожее изображение

B.Qurbanzadə qeyd edib ki,Bankın adı qarşıdakı iki ay ərzində açıqlanacaq. Bu gün bazarda uzunmüddətli maliyyələşməyə ehtiyac var və bu, kredit və borcdan fərqli olaraq investisiya və əməkdaşlığa əsaslanmalıdır.

Ahlibeyt.az-ın faktxeber-ə istinadən məlumatına görə,tanınmış iqtisadçı Oqtay Haqverdiyev dünya ölkələrindəki islam banklarının yaxşı şərtlərlə fəaliyyət göstərdiyini bildirib.

Ekspert müsəlman aləmində faiz məsələsinin olmamasını əsas göstərərək bankların fəaliyyətini belə xarakterizə edir:

“Onlar krediti faizsiz verirlər və vəsaitin hara xərclənəcəyini öncədən aydınlaşdıraraq məsələni nəzarətdə saxlayırlar. Həmçinin, misal üçün,  krediti tikinti üçün verirsə, orada öz şirkətinin də iştirakını təklif edir. Bununla da tenderdə iştirak edən şirkət həm qalib gəlir, həm də gəlirlər olanda bank onun müəyyən hisssəsini özünə götürür. Yəni uzun yolla bank yenə də irəli gedərək heç nə itirmir. Onlarda şərt belədir.  Londonda, Nyu-yorkda və digər yerlərdə Islam bankı fəaliyyət göstərir.

Bizdə də islam bankları yaratmaq istəyirlərsə,  bunu müsbət qarşılamaq lazımdır. Artıq banklar kreditin hara gedib çatmasından əvvəlcədən xəbərdar olurlar və onun nəzarəti də başqa cür olacaq. Faizsiz kredit verilirsə,  pulların doğrudan da təyinatı üzrə xərclənməsi diqqətdə saxlanır”.

Sözügedən bankın mahiyyəti barədə Şərq-ə danışan tanınmış iqtisadçı Natiq Cəfərli isə  qeyd edib ki, dünyada islam bankçılığının mərkəzlərindən biri də London şəhərindədir: "Bu şəhərdə islam bankçılığının yeni şəbəkəsi mövcuddur. Bank, maliyyə sistemi üçün yaxşı şərait olduğundan islam bankçılığı mərkəzlərdən biri kimi oranı seçib.

Sözügedən bankçılığın mahiyyəti ondan ibarətdir ki, faiz olmasa da, təqdim olunan kreditləşmə layihələrindən öz payını götürür. Məsələn, hansısa bir iş adamı yaxşı layihə təqdim edirsə, islam bankçılığı o layihənin gələcək perspektivinə inanırsa, danışıqların nəticəsinə uyğun olaraq o biznesdən müəyyən faizlə paya sahiblənir. İlkin olaraq kredit qazancdan çıxılır. Krediti bağladıqdan sonra, yəni iş adamının banka borcu qalmadıqdan sonra bank həmin biznesdə müəyyən paya malik olur və öz payını hər il götürür. Mahiyyəti budur”.

Ekspert diqqətə çatdırıb ki, islam bankçılığı dinin qəbul etmədiyi sahələrdə maliyyələşməni həyata keçirmir: "Məsələn, içki, siqaret biznesində, halal olmayan hansısa ərzaq məhsullarının istehsalı və satışında islam bankçılığı iştirak etmir. Hətta ora layihə də təqdim etsələr, o, layihələri maliyyələşdirməkdən imtina edir. Bu bankın əsas qayəsi və prinsipi odur ki, biznesə müəyyən faizlə şərik olur. Qazancdan gələcək payını götürür. Bu isə elə dolayısı ilə faiz götürmək kimi bir şeydir. İslamda faiz haram buyrulduğundan birbaşa faizlə işləmir. Lakin biznesdə paya malik olaraq kifayət qədər yüksək məbləğdə qazanc əldə edir”.

"Azərbaycanda bu sistemin tətbiqi realdırmı” sualına gəlincə, ekspert deyib ki, həmin bank ölkəmizdə ciddi xarici investorların iştirakı ilə yaradılacaqsa və geniş biznes şəbəkəsinin qurulmasına xidmət göstərəcəksə, uğur qazanmaq olar: "Yox əgər ənənəvi qaydalar - kreditləşmənin qohumluğa görə aparılması, hansısa biznes layihəsinə kimlərinsə nəzarət etməsi - işə düşəcəksə, heç bir nəticə gözləməyə dəyməz. İslam bankçılığında əsas cəlbedicilik ondan ibarətdir ki, riskləri sığortalayır. Çünki biznesin hər zaman uğurlu olacağına zəmanət yoxdur. İslam bankçılığında risk menecmentliyi yaxşı qurulmalıdır ki, risklərin idarə edilməsinə və layihələrin uğurlu olmasına inam yaransın. Bu bank risk menecmenti yaxşı qurulacaqsa, əsasən ixracyönümlü istehsal sahələrinin yaranmasında ciddi oyunçuya çevriləcəksə, hər şey qaydasında olacaq”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Fevral, 2016  12:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!