إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həzrət Əli(ə) İslamda ilk parçalanma yaradaraq müsəlmanları qətlə yetirdimi?...

Bir neçə gün əvvəl keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyev Modern.az saytının “Siyasətçi və din” rubrikasının qonağı olub və müsahibə zamanı səsləndirdiyi fikirlər,xüsusən bütün müsəlmanların ehtiram etdiyi həzrət Əli və imam Hüseynlə bağlı qeydləri cəmiyyətdə müəyyən polemikalara səbəb olub.

Ahlibeyt.az məsələ ilə bağlı İlahiyyatçı alim Hacı Şahin Həsənliyə müraciət edib. İlahiyyatçı qeyd olunan müsahibə zamanı səsləndirilən müəyyən fikirlərlə aydınlıq gətirilməsi üçün ona ünvanlanan sualları cavablandırb.

Professor Ə.Nağıyev müsahibə zamanı islam dini ilə bağlı tarixi araşdırdığını qeyd edərək xüsusən hz.Əli və İmam Hüseynlə bağlı bəzi məqamlara toxunaraq onların səhv etdiyini və ümumilikdə islam dinin parçalamaqda ittiham edib. İstərdik bu məqamlara aydınlıq gətirəsiniz.

- Son zamanlar mətbuatda İslam dininin müqəddəsatı olan Peyğəmbər (s) ailəsinə, o cümlədən İmam Hüseynə (ə) qarşı bir sıra əsassız və məsuliyyətsiz ittihamlar irəli sürülüb. İmam Hüseyn (ə) və Əhli-Beyt (ə) bütün müsəlmanlar üçün ortaq dəyərdir. Peyğəmbər (s) Əhli-Beyti daim ümmətin birləşdirici amili olub, elə bir məzhəb yoxdur ki, Peyğəmbər (s) ailəsinə məhəbbəti imanın göstəricilərindən saymasın. Qurani-Kərimdə Allah-Təala Peyğəmbərə (s) tapşırır ki, təbliğatı müqabilində Əhli-Beytinə (ə) məhəbbət bəsləməyi ümmətindən istəsin.

Bildirilib ki,“İmam Hüseynin ambisiyalı olmasını sübut edən çoxlu fakt var, onu qəhrəmanlıq səhifəsi kimi təqdim etmək doğru deyil".Sizcə bu nə qədər həqiqəti əks etdiir.

İlk öncə ondan başlayaq ki, İmam Hüseyn (ə) Quran tərəfindən “bütün çirkinliklərdən pak edilmiş” Əhli-Beytin (ə) üzvüdür. Yəni, ən azı Qurana istinad etsək, İmam Hüseynin (ə) səhvə və xətaya yol verilməsi istisna edilməlidir. Bundan əlavə, Peyğəmbər (s) ölüm ayağında ikən, ümmətinə ən mühüm vəsiyyətini edir: “Sizlərə iki böyük əmanət qoyuram – Quran və Əhli-Beytim, onlar Qiyamətə qədər bir-birindən ayrılmazlar”. Bu məzmunda hədislər həddən artıq çoxdur. Bu hədislər də, həm deyilmə şəraitinə, həm də məzmununa görə, Əhli-Beytin (ə) davranışını hüquqi mənbə, həqiqətin və düzgünlüyün meyarı olduğunu bəyan edir. Belə bir müqəddəs şəxsin siyasi səhvlər buraxdığını, hesablamalarında yanlışdığa yol verdiyini iddia etmək tarixdən kifayət qədər məlumatlı olmamaqdan irəli gələ bilər. Bu səbəbdən, tarixi iradları tarixi cəhətdən bir-bir cavablandırmağa çalışacayıq.

Müsahibədə qeyd olunub ki,İmam Hüseyn qəhrəman idisə sülh sazişinə qoşulmamalı, ordunu toplayıb qardaşı İmam Həsənlə bərabər Müaviyyəyə qarşı döyüşüb qalib gəlməli idi.Bu həqiqətən də belə idimi?...

-İmam Həsən (ə) xəlifə olarkən də, xilafətdən imtina etdikdən sonra da İmam Hüseyn (ə) onun sadiq silahdaşı idi. İmam Hüseyn (ə) qardaşı İmam Həsəni (ə) özünə rəhbər bildiyi üçün onun itaətində idi. Bundan əlavə, İmam Hüseynin (ə) Kərbəladakı əsas qüvvələri – Bəni Haşim qəbiləsi də İmam Həsənin (ə) tərəfində idi. İmam Həsənin (ə) ordusu Müaviyənin intiriqaları sayəsində param-parça olduqdan sonra belə, İmam Hüseyn (ə) qardaşını tək buraxmadı və onun yanında qalan çox az saylı insanlardan biri idi. İmam Həsən (ə) də Müaviyə ilə sülh bağlamalı olduqda, İmam Hüseyn (ə) onu dəstəklədi və hətta İmam Həsənin ölümündən sonra belə bu sülhə sadiq qaldı. Həmin sülh müqaviləsini Müaviyə oğlunu vəli-əhd təyin etməklə pozdu. Çünki, sülh sazişinə əsasən, xilafət monarxiyaya çevirilməməli idi. Bu səbəbdən, qeyd olunan iddia əsassızdır.

Səsləndirilən iradlardan biri budur ki,İmam Hüseyn Müslümü Kufəyə göndərdi ki, oradakı vəziyyəti öyrənib xəbər versin. Cavab gözləmədən Kufəyə yola düşdü. Halbuki, artıq Kufənin valisi Ubeydullah Müslümün də, onunla birlikdə bir çox tərəfdarlarının da boynunu vurmuşdu."

- Məsələ orasındadır ki, Yezidin xəlifə elan olunmasından sonra cəmiyytədə ciddi narazılıqlar yaranmışdı. Bir çox tanınmış simalar, o cümlədən Peyğəmbər (s) nəslinin böyüyü – İmam Hüseyn (ə) xəlifəyə beyət etmək fikrində deyildi. Elə Muaviyə də sağ ikən, oğluna tapşırmışdı ki, ictimai nüfuza malik olan İmam Hüseyni (ə) beyətə vadar etməsin. Yezid də siyasi səhvə yol verərək, vəsiyyətə əməl etmir. Parallel olaraq, kufəlilər Mədinəyə məktub yazır və İmam Hüseynə (ə) beyət etdiklərini bildirirlər. Onlar Yezidi xəlifə kimi tanımadıqlarını yazırdılar. İmam Hüseyn (ə) Kufədə uzun illər yaşadığı üçün, onların xasiyyətinə yaxşı bələd idi və onlara güvənmirdi. O, əmisi oğlu Müslüm ibn Əqili həqiqətən də Kufəyə göndərir ki, vəziyyəti yaxından öyrənib məruzə etsin. Kufəlilərin dönük çıxması və Müslümü qətlə yetirməsi xəbəri İmam Hüseynə (ə) Kufəyə çatmamışdan öncə çatır. İmam (ə) buna rəğmən mübarizəsindən imtina etməyəcəyini elan edir. Çünki mübarizəni yalnız hərbi müstəvidə aparmaq niyyətində deyildi. Siyasi mübarizə baxımından Kufənin strateji mövqeyi Mədinədən daha münasib idi.

Yezid İmam Hüseynə (ə) qayıtmaq, beyət etmək yaxud da xarici düşmənlərlə savaşmaq təklifi veribmi?

Tarixdə belə bir təklifin olması qeyd olunmayıb. Əksinə, İmam Hüseyn (ə) vəziyyətin hərbi münaqişəyə doğru getdiyini görəndə, Mədinəyə qayıtmağını təklif edir. Qoşun rəhbərliyi də bu təklifi Kufəyə və Şama çatdırır. Lakin, paytaxtdan gələn əmrə əsasən, İmam Hüseyn (ə) bəyətlə savaş arasında seçim qarşısında qalır. İmam (ə) özü bu barədə buyurur: “Bu alçaq məni zillətlə ölüm arasında seçim etməyə məcbur edir. Lakin, zillət bizdən uzaqdır”. İmam Hüseyn (ə) beyəti onun üçün seçə bilməzdi ki, bu addım xilafətin monarxiyaya çevirilməsinə və islam hökuməti fəlsəfəsinin təhrif olunmasına dəstək olardı.

Yezidin ölümündən sonra onun yerinə keçən oğlu II Müaviyyənin haqsevərliyinin müctəhidlər tərəfindən gizlədilirmi?

Ən azından tarixlə məşğul olan istənilən müctehidin əsərinə nəzər salsaz, Yezidin oğlu Muaviyənin hakimiyyətinin qeyd olunduğunu görərsiz. Hətta həmin alimlədən bəzilərinə tutulan iradlardan biri də budur ki, II Muaviyəni Əhli-Beyt (ə) təəssübkeşi kimi göstərirlər.

Müsahibin sözlərinə görə,"ilk növbədə iman Allaha olmalıdır, söhbət dindən gedəndə isə Allah var. Onun göndərdiyi kitablar var. Bu kitabı gətirən peyğəmbərlər var. Musəvilikdə Musa və “Tövrat”, xristianlıqda İsa və “İncil”, İslamda “Quran” və Məhəmməd. Qalanlarının adı hörmətlə çəkilə bilər. Ancaq onlar səviyyəsinə qaldırıla bilməz"

İlk növbədə, nə yəhudilik, nə də xrsitianlıqda belə bir tezis yoxdur. Yəhudiliyə əsasən, Musa (ə) müqəddəs kitabın - Tanahın bir hissəsini gətirib, onun davamçıları olan digər məsumlar isə başqa hissələrini. Xristianlığa görə isə, Həzrət İsa (ə) peyğəmbər deyil, Allahın təcəllisidir, İncil isə həvarilərin onun barəsində topladığı hədislərdir. Bunlar İslamdakı nübuvvət və ilahi kitab konsepsiyasından köklü şəkildə fərqlənir. Bundan əlavə, Əhli-Beytlə (ə) Quranın bir birindən ayrılmaz əmanət olduğunu bildirən hədisi  yuxarıda qeyd etmişik.

Həzrət Əli (ə) İslamda ilk parçalanmanı yaradan və xəvaric partiyasının timsalında müsəlmanları qətlə yetirən şəxs olubmu?

Əksinə, İmam Əli (ə) 23 il müddətində siyasi fəallıq göstərmədi. Osman xilafəti dövründə başlayan və tarixə ilk fitnə kimi düşən birinci vətəndaş müharibəsi zamanı Həzrət Əli (ə) üçüncü xəlifəni qoruyurdu. Gələcəkdə xəlifənin intiqamını almaq iddiasına düşəcək Muaviyə isə, Osmanın qətlə yetirilməsini soyuqqanlıqla gözləyir və ona heç bir yardım göstərmirdi. Məhz bu çətin zamanda müsəlmanların təkidi ilə Həzrət Əli (ə) xəlifə seçilir. Xəvaricin qətlə yetirilməsinə gəlincə isə, birincisi, onlar müasir təbirlə desək, dini ekstremistlər idi, siyasi partiya yox. Onların din adından etdikləri cinayətlər barədə bütün məzhəblərin qəbul etdiyi mənbələrdə kifayət qədər məlumat var. İkincisi də, görəsən, Həzrət Əlini (ə) kafir bilib onu qətlə yetirənlər nə zamandan müsəlman sayılırlar?

Hz.Əli hər hansı bir cəhətdən dünyapərəst kimi təqdim oluna bilərmi?

- Həzrət Əlinin (ə) dünyaya rəğbətsizliyi barədə danışmaq  artıq olardı. Ən azından xristian müəllifi olan Corc Cordakın o müqəddəs şəxs barəsində yazdıqlarını mütaliə etməyi tövsiyə edirik.

Vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Dekabr, 2015  14:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!