إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli Əli Nağıyevə cavab verdi-Mətn

Ahlibeyt.az Teleqraf.com-a istinadən,QMİ-nın səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin Əli Nağıyevin İmam Hüseynlə bağlı səsləndirdiyi fikirlərə cavab mətnini təqdim edir:

İlk öncə qeyd etmək istərdik ki, İmam Hüseyn əleyhissalam bütün müsəlmanlar üçün əziz və müqəddəs bir şəxsdir. Bu səbəbdən, onun barəsində ehtiyatlı və məsuliyyətli fikir söyləmək gərəkdir.  “Qurani-Kərim”in “Əhzab” surəsinin 33 ayəsində  Əhli-Beyt “bütün çirkinliklərdən pak edilmiş” elan olunur.

Peyğəmbərimizin (s) dilindən Əhli-Beytin, o cümlədən, İmam Hüseynin (ə) fəziləti və üstün insan olmasına dair çoxsaylı hədislər nəql olunub. Bütün müsəlman məzhəblərinin yekdil olaraq qəbul etdiyi hədisə əsasən,  Peyğəmbər (s) İmam Hüseyni (ə) cənnət gənclərinin sərvəri, öz qəlbinin meyvəsi adlandırıb. Bütün müsəlmanların qəbul etdiyi digər hədisə əsasən, Peyğəmbər (s) “Quran”la Əhli-Beyti böyük əmanət olaraq ümmətinə tapşırıb dünyasını dəyişdi.

Təbii ki, siyasətdə ciddi səhvlərə yol verə biləcək bir insan barəsində belə söz demək mümkün deyil. Əli müəllimin isə XIX əsr alman ərəbşünası  Avqust Müllerə istinadən fikir söyləməsi təəssüf doğurur. Çünki Müllerin “İslam tarixi” əsəri ehtimallarla, qeyri-obyektiv və qeyri-dəqiq məlumatlarla zəngindir. Müllerə istinad etsək, onda gərək İslam dinini, ümumiyyətlə, siyasi eksperiment kimi qəbul edək. Xüsusən İmam Hüseyn (ə) barədə yazarkən, o çox səthi məlumat verir və istinad mənbələri göstərmir. Hərçənd bu barədə kifayət qədər mənbələr mövcuddur. İmam Hüseyn (ə) özü öz mübarizəsinin məqsədi barədə buyurub ki, fitnə salmaq üçün deyil, cəddi Peyğəmbərin (s) ümmətini islah etmək üçün ayağa qalxır.

Əhli-Beytin (ə) siyasi davranışı həmişə ardıcıl və zamanın tələblərinə adekvat olub. Müaviyə ilə sülh bağlamaqda İmam Hüseyn (ə) qardaşı İmam Həsənlə (ə) həmfikir idi. İmam Həsənin (ə) şəhid olmasından sonra İmam Hüseyn 10 il Müaviyənin xilafəti dövründə yaşayıb. Həmin dövrdə də Müaviyənin Əhli-Beytlə (ə) imzaladığı sülh sazişi qüvvədə idi. Həmin sazişin əsas müddəalarından biri də xilafətin seçkili post olaraq qalması idi. Lakin Müaviyə ölümünə yaxın bu sazişi pozdu. Məsələ orasındadır ki, Müaviyədən sonra Yezidin xəlifə olması ilə şəriət baxımından qeyri-legitim sayılan üsul-idarə təsis olundu. Artıq Əməvilər Peyğəmbər (s) xəlifəliyini öz nəslinin səltənətinə çevirirdilər. İmam Hüseyn (ə) Peyğəmbər (s) nəvəsi olaraq bu hadisənin qeyri-qanuni və dinə zidd olmasını göstərməli idi. Digər tərəfdən, xəlifə, sadəcə, hökmdar demək deyildi, Peyğəmbər (s) varisi olan dini rəhbər kimi qəbul olunurdu. Bu səbəbdən, xəlifələrin hər davranışı şəriət məsələlərində hüquqi presedent hesab olunurdu – eynən Peyğəmbər (s) sünnəsi kimi. Təbii ki, Yezid kimi şəriətdən uzaq bir insanın əlindən bu statusu almaq lazım idi. İmam Hüseyn (ə) hər iki məqsədinə çatdı: monarxiya üsul-idarəsinə qarşı etirazını bildirdi  və xəlifənin hüquqi presedent yaratmaq haqqını əlindən aldı. İmam Hüseyndən (ə) sonra ictimai rəy belə idi ki, xəlifələr, sadəcə, siyasi rəhbərlərdir və dini məsələlərdə səlahiyyətli sayılmırlar. Hazırda da heç bir məzhəb raşidi xəlifələrindən sonra xəlifələrin davranışını sünnə kimi qəbul etmir.  İmam Hüseyn (ə) bu baxımdan öz istəyinə çatdı. O müqəddəs şəxsin bu günə kimi məhəbbətlə yad olunması, düşmənlərinin nifrətlə anılması İmam Hüseynin (ə) qələbəsinin və uzaqgörənliyinin göstəricisidir.  Bu günə qədər  milyonlarla insanın Aşura və Ərbəin günlərində Kərbəlanı ziyarət etməsi, zəvvarların ildən-ilə artması İmam Hüseynin (ə) fəda olduğu dəyərlərin bu gün də aktual olmasını, Kərbəla məktəbinə ehtiyacın artdığını sübut edir.

Mənbə:Teleqraf.com

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2015  16:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!