إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Əhlibeyt (ə) alimlərinin və məddahlarının iştirakı ilə konfrans keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində İslam dininin təbliği istiqamətində fəaliyyət göstərən  Əhlibeyt (ə) alimlərinin və məddahlarının iştirakı ilə konfrans keçirilib

Ahlibeyt.az-ın AzadXeber.az-a istinadən verdiyi məlumata görə, Əhlibeyt (ə) məddahları və Azərbaycan ruhaniləri tərəfindən mövcud problemlərin müzakirəsi tədbirin prioritet mövzus olub.

Tədbiri “Müsəlman Birliyi hərəkatı”nın İdarə Heyətinin sədri Elçin Qasımov açaraq konfransın təşkilinin əhəmiyyətindən danışıb. O, Əhlibeyt (ə) alimlərinin, məddah və şairlərinin Məhərrəm ayı öncəsi bir yerdə cəm olaraq mövcud problemləri müzakirəyə çıxarmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Konfransda ilahiyyatçı alimlər Hacı Şahin Həsənli,Zülfüqar Mikayılzadə,Tale Bağırzadə, Hacı Fazil ağa, Qürbət Abdulov, kərbəlayi Fərhad Mirzə, Hacı Süleyman Ələkbərov, Əlizaman Əliyev, Seyid Elman Ağazadə, hacı Elgün Axund, hacı Qabil Əliyev, hacı Ramil Əliyev, Vüsal Hüseynzadə, eləcə də məddahlar və Əhlibeyt şairlərindən seyid Nurəddin Dərafərin, hacı Səyyar, Zahir Mirzəli, Elşən Xəzər, Elvin İslam, Oqtay Qubalı, hacı Ceyhun Müəzzin çıxış edərək mövzu ətrafında dəyərli fikirlər səsləndiriblər.

Çıxışçılar ruhanilərin, məddah və Əhli-Beyt şairlərinin həmrəy olmasının vacibliyini vurğulayıblar. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin səsini insanlara çatdırmaq üçün bu cür tədbirlərin təşkilinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. Azərbaycanda tarixən məddahlıq məktəbinin mövcud olduğunu deyən çıxışçılar, ədəbiyyatımızda Əhli-Beytə həsr edilən kifayət qədər nümunənin varlığını qeyd ediblər.

İlahiyyatçılar çıxışlarında bildiriblər ki, bu gün cəmiyyətdə din xadimlərinin, məddah və şairlərin sözü tez yayılır. Ona görə də məddahlar, mərsiyyəxanlar öz çıxışlarında diqqətli olmalıdırlar. Tədbirdə imam Hüseynin (ə) aşura ilə müsəlmanlara yeni bir cığır açdığı vurğulanıb. Kərbəla müsibəti ilə İslam dininin əsl simasının təhrifsiz olaraq insanlara çatdırıldığı qeyd olunub. Çıxışlarda bildirilib ki, Aşuranı duyğu və emosiyalardan daha çox ağıl, zəka ilə dərk etmək lazımdır. Belə olan halda imam Hüseyn (ə) məktəbinin əsl mahiyyəti aydın başa düşülər.

Çıxışlar yekunlaşdıqdan sonra tədbir iştirakçıları tərəfindən səsləndirilən təkliflər oxunub:

1) Alimlər, şairlər, məddahlar imam Hüseyn (ə) məktəbini elə ifadə etməlidirlər ki, ilk növbədə insanlar ağıl və zəka sonra emosiya ilə anlasınlar. Bir sözlə insanlarda oyanış yaradan fikirlər səsləndirilsin.

2) Bayağı ritmlər üzərində mərsiyyələr oxunmasın.

3) Mərsiyyələr kənar təsirlərdən azad olsun, digər təcrübələrdən istifadə edilməklə mədəni özəlliyimizə uyğun tərzdə deyilsin.

4) Hadisənin mahiyyətini təhrif edən, şəxsiyyətlərin dəyərini aşağılayan sözlərə yol verilməsin.

5) Azərbaycan şairlərinin şeirlərinə uyğun mərsiyyə toplusu yaradılsın.

6) Bayağı musiqilərin ritmi üzərində mərsiyyələr deyilməsin.

7) Daha çox Azərbaycan dilində yazılmış şeirlərə üstünlük verilsin.

8) Hər məclisdə bir məqtəl oxunmağı məsləhət görülür.

9) Məqtəl kitabları hazırlansın.

10) Məddahlar Birliyi təsis olunsun.

11) Ruhanilərdən ibarət nəzarət qurumu yaradılsın.

12) Məclisə uyğun rövzələr oxunsun.

12) Hər 2 aydan bir bu cür görüşlər təşkil edilsin.

Təkliflər səsləndirildikdən sonra təşkilatçılar tərəfindən məddah və Əhli-Beyt şairlərinə hədiyyələr təqdim edilib.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2015  16:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!