|
Qədim abidələrimizdə iz qoyan xəttatlıq sənətiAzərbaycan xalqının yaşatdığı qədim sənət növləri içərisində xəttatlığın özünəməxsus yeri var. Tarixi mənbələrə əsasən X-XIII əsrlərdə formalaşan və daim inkişaf edən bu sənət sonralar İslam aləmi tərəfindən mənimsənilib. Təsadüfi deyil ki, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn bu yazı sənəti günümüzdə İslamın simvolu kimi qəbul edilir. Xəttatlığın tarixi hərflərin dekorativ şəkildə təsvir olunması ilə başlanıb. “Qurani-Kərim”i ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətinin meydana gəlməsinə səbəb olub, buna bağlı olaraq təzhib, əbru və cild sənətləri yaranıb. Dekorativ-ornamental sənətlə qovuşan bu bədii yazı mədəniyyəti kitabları, sarayları, məscidləri, saxsıdan, metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəməyə başlayıb. Tədricən xəttatlıq müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə çevrilməklə savadlılıq dərəcəsinin göstəricisi kimi məşhurlaşıb. Ölkəmizdə görkəmli Azərbaycan xəttatlarından Mübarək şah Zərrinqələm Təbrizi, Şeyx Əhməd Sührəvərdi, Xacə Mir Əli ibn İlyas Təbrizi, Cəfər Təbrizi və bu kimi digər istedadlı insanlar bu sənətin inkişafında xüsusi rol oynayıblar. Xəttatların fəaliyyəti nəticəsində müxtəlif xətt növləri yaradılıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru Fəxrəddin Eylazovla söhbətimizdə o, bizə xəttatlıq sənətinin qədim növlərindən olan və Naxçıvan Muxtar Respublikasının tarixi abidələri üzərində daha çox rast gəlinən kufi, nəsx, süls, şikəstə və nəstəliq xətləri haqqında məlumat verdi. Fəxrəddin Eylazovun dediyinə görə, kufi xətti İraqın indiki Kufə şəhərində yayılıb. Bu səbəbdən də sonralar bu xətt “kufi” adlandırılıb. Əsasən, düz və sınıq cizgilərdən ibarət olan kufi xətti əvvəllər nöqtəsiz yazılsa da, sonralar daha da təkmilləşib. X əsrədək həm epiqrafikada, həm də paleoqrafiyada geniş tətbiq olunub. Kufi xəttinin özünün 4 əsas növü var: kufi nəsx, kufi süls, kufi həndəsi və kufi şikəstə. “Qurani-Kərim”in ilk nüsxələri də məhz kufi xətti ilə yazılıb. Əcəmi Əbubəkr oğlu Naxçıvaninin xəttatlıq məktəbinin özündən sonra qoyub getdiyi abidələrdə bu xətt növləri daha çox müşahidə olunur. Bunun bariz nümunəsini Naxçıvan şəhərində əzəmətlə ucalan Möminə xatın türbəsinin giriş qapısında dəqiqliklə görmək mümkündür. Nəsx xətti barədə söhbət açan AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru bildirdi ki, bu xətt XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra ibn Muğlə Şirazi tərəfindən ixtira edilib və bu ad ona özündən əvvəlki xətti, yəni kufi xəttini sıradan çıxardığı üçün verilib. Digər xətlərlə müqayisədə nəsx xətti özünün sadəliyi, rahat oxunuşu və asan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx xətti meydana gəldiyi ilk gündən bədii və elmi əsərlərin yazılışında, üzünün köçürülməsində və dəftərxana işlərində geniş istifadə olunmağa başlanıb. Mədəniyyətlərin beşiyi olan Naxçıvan ərazisindəki daş kitabələrdə və yaxud əlyazmalarda bu xəttə daha çox rast gəlmək olur. Süls xəttinin lüğəvi mənası “üçdəbir” deməkdir. Ərəb əlifbasında yazılan klassik xətt növlərindən olan süls xətti X əsrdə məşhur ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muğlə tərəfindən ixtira olunub. Bu xətt növündə hərflərin üçdəbir hissəsi əyri, qalan hissəsi isə düz cizgidə yazılır ki, bu da sözlərin bir-birinə toxunaraq yazılmasına imkan verir. Süls xətti özünəməxsus gözəlliyə malik olduğu üçün xətt ustadları onu “xətlərin anası” adlandırıblar. XV-XVI əsrlərdə Naxçıvanda da geniş yayılan nəstəliq xətti XIV əsrin sonlarında məşhur xəttat Mir Əli Təbrizi tərəfindən nəsx və təliq xətlərinin əlaqələndirilməsi nəticəsində yaradılıb. Bu xətt növü, əsasən, əlyazma kitablarının üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında geniş tətbiq olunub. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüşdən, bürüncdən, saxsıdan hazırlanan qabların və bəzək əşyalarının bəzədilməsində daha çox istifadə edilib. AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda saxlanılan əlyazmalarda və Naxçıvan Dövlət Tarix Muzeyində mühafizə olunan kəşkülün üzərində həkk olunan xətt nümunələri nəstəliq xəttinə aiddir. Naxçıvan şəhərində indiyədək qalan epiqrafik abidələr təsdiq edir ki, XVII-XVIII əsrlərdə kitabələrin yazılmasında bu xətdən daha geniş istifadə olunub. Sadalanan xətt növlərindən hər biri Orta əsr Azərbaycan memarlığının inkişafında dərin və silinməz iz buraxmış Əcəmi Naxçıvaninin yaratdığı memarlıq nümunələrində xüsusilə nəzərə çarpır. Naxçıvanda və ona yaxın ərazidə tikilən bir neçə abidədə Əcəmiyə xas olan xəttatlıq üsullarının bu və ya başqa şəkildə təzahürü Əcəmi məktəbində istifadə edilən xətt növlərinin hər zaman geniş şəkildə tətbiq olunduğunun əyani sübutudur. Onu da qeyd edək ki, vaxtilə ölkəmizdə geniş vüsət alan və olduqca məşhur olan bu qədim sənət sonralar çap üsulunun meydana gəlməsi ilə sıradan çıxıb. Lakin buna baxmayaraq, Azərbaycan xəttatlarının xəttatlıq nümunələri gələcək nəsillər üçün bu gün də qorunur, onlar üzərində tədqiqatlar aparılır. Çünki əgər xəttatlar və xəttatlıq sənəti olmasaydı, bu gün biz həm də Nizaminin, Füzulinin, Tusinin yaradıcılığı barədə əsaslı məlumatlar ala bilməzdik.
Mənbə:Azərtac-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2015 12:58 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |