إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

AMEA-da XX yüzilliyin böyük şairi Məhəmmədhüseyn Şəhriyara həsr edilmiş elmi-praktiki konfrans keçirilib

Sentyabrın 21-də AMEA-nın Əsas binasında Ədəbiyyat İnstitutu və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə XX yüzilliyin böyük şairi Məhəmmədhüseyn Şəhriyara həsr edilmiş “Şəhriyar şeir ənənələri və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib

Ahlibeyt.az-ən AMEA-nın mətbuat xidmətinə istinadən məlumatına görə,tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın zəngin ədəbi yaradıcılığından, XX əsr Şərq poeziyasının inkişafında rolundan, ədəbiyyata verdiyi töhfələrdən danışıb. Bildirilib ki, qüdrətli söz ustadı M.Şəhriyarın ölməz irsi ümumən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir.

Sentyabrın 15-də İran İslam Respublikasının Təbriz şəhərində ustad şair “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni”nin təqdimat mərasiminin keçirildiyini söyləyən akademik İsa Həbibbəyli tədbir çərçivəsində şairin yaradıcılığını araşdıran görkəmli alimlərə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni”nin təqdim edildiyini bildirdi.

M.Şəhriyarın bədii irsinin həmişə tədqiqatçıların diqqət mərkəzində olduğunu vurğulayan İ.Həbibbəyli bildirdi ki, konfransın işində Azərbaycan alimləri ilə yanaşı, İrandan olan tədqiqatçılar da iştirak edirlər. Alim ədəbi əlaqələrin genişlənməsində, Şəhriyarın yaradıcılığının daha dərindən öyrənilməsində, tədqiq və tədris edilməsində konfransın əhəmiyyətini qeyd etdi, onun işinə uğurlar arzuladı.

Sonra çıxış edən İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Möhsün Pakayin qeyd etdi ki, M.Şəhriyar o taylı-bu taylı Azərbaycanın XX əsrdə yetirmiş olduğu ən görkəmli şairlərdən biri, Azərbaycan və İran ədəbiyyatlarının fəxridir. Ana dilində və farsca yazılmış əsərləri ilə o, hələ öz sağlığında klassiklər səviyyəsinə qalxmış, Yaxın Şərq ədəbiyyatını bədii möcüzələrlə, təravətli obraz və ifadə vasitələri ilə zənginləşdirmişdir.

Azərbaycan-İran əlaqələrindən də söz açan M.Pakayin iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini bildirdi.

Daha sonra AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Ustad Məhəmmədhüseyn Şəhriyar haqqında söz” mövzusunda məruzəsi dinlənildi. Məruzədə bildirildi ki, M.Şəhriyar müasir Azərbaycan ədəbiyyatında təkrarolunmaz simadır. O, özünəməxsus yaradıcılıq üslubu, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə dünya ədəbiyyatının inkişafına böyük töhfələr vermişdir.

Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev, Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı, İran Mədəniyyət Mərkəzinin sədri, doktor İbrahim İbrahimli və başqaları ustad şair Şəhriyarın yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşdülər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2015  16:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!