إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: Ölkədə inanca doğru prosses getməkdədir-MÜSAHİBƏ

Bəzi dini dünya görüşlərdən imtina etməyin vaxtı yetişmişdir. Biz əsrlər boyu xurafat və mövhumatı din adı ilə yaşatmışıq. Bu fikirlərdən qətiyyətlə imtina etməliyik. Bəzi baxışları isə yanlış deyil, doğru olsa da, zamana uyğun olmayıb.

Ahlibeyt.az-ın məlumatına görə,bunu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi "Məşədi Dadaş" məscidinin imam cüməsi ilahiyyatçı alim Hacı Şahin Həsənli AzadNews qəzetinə müsahibəsi zamanı bildirmişdir.Müsahibəni tam olaraq təqdim edirik:

Azərbaycanda din və cəmiyyət münasibətlərinin necə dəyərləndirmək olar?

- Din və cəmiyyət  haqqında danışarkən öncə onu vurğulamaq istərdim ki, Azərbaycan xalqının əksər kütləsi dindar hesab oluna bilər. Dindarlıq təkcə gündəlik ayinləri icra etmək demək deyil. Vacib hökmləri yerinə yetirməyən, lakin Allaha inanan şəxsin dinə inanclı hesab olunması sadə məntiqdir. Bəzən olur, Azərbaycanda dindarları ayrıca, məhdud sayda bir qrup kimi təqdim etmək istəyirlər. Bu səhv yanaşmadır. Azərbaycanın mütləq əksəriyyəti dindar və dinə etiqadlıdırlar. Sadəcə dinə imanın mərhələ və pillələri arasında bəziləri ibadət və vacibləri yerinə yetirməklə fərqlı məkanda qərarlaşıblar. Xalqın içində bu fikirləri parçalamaq Azərbaycan maraqlarının əksindən xəbər verir.

Din siyasi və ictimai mövqeyin bölüşməsindən asılı olmayaraq xalqın ortaq dəyəridir. İslamın da missiyası bundan ibarətdir, insanları bir, ortaq dəyər ətrafında birləşdirmək. Bu dəyər xalqımızın əsrlərlə zamanın sınağından çıxardığı bir dəyərdir. Buna görə də, bu dəyəri hansısa bir qrupa aid etmək olmaz. Universal bir dəyər olan İslam Azərbaycan xalqı üçün eyni halda bir milli dəyərə çevrilib. Həssas olan dönəmimizdə dinin birləşdirici funksiyasını qabartmağa ehtiyac görürük. Din xalqın bölüşdüyü dəyərlər sistemidir və onu kimə isə aid edib, guya Azərbaycanda çoxsaylı ateist varmış kimi dindarları onların qarşısında qoymaq bölgüsü heç bir məntiqə uyğun deyildir. Təbii ki, hər bir cəmiyyətdə ateistlər ola bilər və bu bizim cəmiyyətimiz üçün də məqbuldur. Lakin bizim cəmiyyət üçün belə şəxslər çox cüzi bir rəqəm təşkil edirlər. Bütün xalqa gəlincə, xalqımız inanca çox ehtiram və həssaslıqla yanaşır və qəbul edirlər. Ölkədə inanca doğru da prosses getməkdədir. Xüsusi olaraq gənclər arasında bu prosses genişlənməkdədir.

Bu gün ölkəmizdə dini təblığatı necə realizə edə bilərik? Birtərəfli şəffaflıq, yoxsa maraqların qatqısı olaraq planlaşdırılmış?

- Biz ənənəvi İslamı qoruyub saxlaya bilmişik. Amma təkcə qorumaq yetərli deyildir. Gərək zaman keçdikcə bəzi məsələlərdə islahatlar apara bilək. İslam cəmiyyətinin dini baxışlarını təftiş etmək həmişə zəruri olmuşdur, bu gün isə bu, xüsusi əhəmiyyətə malik olub. Din dünyada aktuallaşıb və bu, pozitiv bir haldır. Lakin hər pozitivlik içində mənfi çalarların olması da mümkündür. Bunu bilməliyik ki, istənilən aktuallıq özü ilə bərabər cəmiyyətdə sui-istifadələrə də yol aça bilir. Bir şey dəyərə minirsə, mütləq saxtası da yaranır. Din aktuallığını artırdığı üçün ondan istifadə edib müxtəlif cərəyanların meydana gəlməsi halı çoxalmağa başlayıb. Bu əsrdə də bunun nişanə və əlamətlərini görürük. İslamın aktuallaşdığı dünyada böyük dövlətlər din adı altında müxtəlif siyasi, dinə zidd cərəyanlar yaratmağa başlayıblar. Hədəf isə din daxilində parçalanma yaratmaqdır. Bu layihə icraçıları İslamın geniş potensialını cüzi nöqtələrdə cəm etməklə, cəmiyyəti bu nöqtələrdə yanlış istiqamətə çəkərək İslamı gözdən salmağa çalışırlar. Belə bir dövrdə ehtiyatlı olmaq lazımdır. Gərək biz, həqiqi dini saxta dindən ayırmağı bacarmalıyıq. Bu gün din və dinsizlik savaşı dünya üçün bağlanmışdır. Savaş həqiqi və saxta din arasında alovlanmaqdadır.

Bu hallarla üzləşməmək üçün din, zamana uyğunlaşdırılmalıdır.Bəzi dini dünya görüşlərdən imtina etməyin vaxtı yetişmişdir. Biz əsrlər boyu xurafat və mövhumatı din adı ilə yaşatmışıq. Bu fikirlərdən qətiyyətlə imtina etməliyik. Bəzi baxışları isə yanlış deyil, doğru olsa da, zamana uyğun olmayıb. Bu baxışlarda isə dəyişiklik yaradıb onu zamana uyğunlaşdırmalıyıq. Qeyd olunan fakt dinin təhrif edilməsi deyil, dinin zamanını dilində təbliğ etməkdir. Müasir dildə dinin təbliği dinin dəyişdirilməsi mənasına gəlməz. Dində olan ictihadın mənası da məhz buna xidmət etməkdir. Müasir dövrümüzdə də din xadimlərinin dünyagörüşünün zənginləşməsinə, dünyəvi elmlərlə əlaqələrinin genişləndirilməsinə, öz zamanını tanımasına ehtiyac vardır. Bu günün XXI əsrdə yaşayan gəncliyi bəzən haqlı olaraq bəzi suallar verir. Suallar mütləq cavablandırılmalıdır. Biz isə bəzən suallara cavab əvəzinə, gənclərə qarşı aqressiya nümayiş etdirirk. Onlara müxtəlif damğalar vururuq. Bu səhv siyasət, dini bu günə uyğunlaşdıra bilməməzlikdən doğan amillərdir. Belə halların dinə cazibə deyil, insanları dindən uzaqlaşdırmağa gətirib çıxaracağı şübhəsizdir.

Günümüzdə dinin siyasi cərəyan kimi təqdim edilməsinin əleyhinəyik. Din müxalifət mövqeyində duran bir məktəb deyil, o, bəşəriyyətin dünya və axirət səadətinin yeganə təminatçısı, real həyat tərzidir. Dini hansısa cəbhə və cinaha aid etməklə onu cılızlaşdırmış olarıq. Din müxalifət və iqtidarın fövqündə dayanan bir dəyərdir.

Əlbəttə, Peyğəmbərin (s) həyat tərzinə baxanda dini həm siyasi, həm ictimai, həm mədəni və sair sahələrdə görmək olar. Lakin bunu bir dəyərin daxilində məhdudlaşdırmaq səhv olardı. Din bir siyasi cərəyan deyil. Dini təkcə siyasiləşdirmək də səhv olar. Əlbəttə, İslam siyasətdən də kənar bir din deyildir. Lakin o kompleks formada fəaliyyəti ilə İslamdır və bu kompleks forma İslamı heç bir kəsin maraqları çərçivəsinə düşməsinə imkan vermir.

Hacı Şahin Həsənli neçə ildir ki, cəmiyyətə dini çatdırmaqla məşğuldur? Bu sual növbəti sualımızın müqəddiməsi olduğu üçün sizdən bunu soruşmaq istərdik.

- Təqribən iyirmi ildən artıq bir zaman olar.

Təcrübəniz və ictimai işlərdə fəallığınız sizə bu nöqtədə daha çox şeylər verdiyini söyləsək yanılmarıq. İctimai təbliğatın əsas opponenti kimi bu günün təbliğatçılarının vəziyyətini necə analizə edirsiniz?

- Əlbəttə, bu günün tələblərinə cavab verən ruhanilərimizin sayı azdır. Amma sevindirici hal budur ki, yeni nəsil din xadimləri də formalaşmaqdadır. Bu da qeyd olunmalıdır ki, yaşlı nəsil din xadimlərinin bu günə gəlib çıxan dini dəyərlərin inkişafında rolu az deyil, lakin bu gün, günümüzün reallığını özündə əks etdirən, kriteriyalara cavab verən ruhanilərimizin sayı bir o qədər də çox deyil. Ancaq artım inkişafın olacağı şübhəsizdir. Çünkü burada bir sosial ehtiyac özünü biruzə verdiyindən bu təfəkkürlü ruhanilərin inkişafı qaçılmazdır. Dinamik həyat eşqli gəncləri din ətalətə sürükləməmək üçün dinin bu gününü ruhanilərimiz tanımalı və tətbiqatı bacarmalıdırlar. Bu gün cəmiyyət elmi çəkiyə malik olan fikir və düşüncələri sadə dildə dinləməklə əldə etmək istəyir. Söz yığımı deyil, elmi və idrakı öz əhatəsinə alan fikir və düşüncələri hər kəsin başa düşəcəyi sadə dildə ifadə etmək bu günümüzün ehtiyaclarındandır.

İslamın Azərbaycanda tam oturaq hala gəlməsi üçün mövcud vəziyyət bizə çoxmu uzun bir zaman vəd edir?

- Təbii ki, bir qədər zaman aparacağı şübhəsizdir. Müəyyən bir zaman ifadə etmək çox çətindir. Amma bu davamlı, eyni halda uzunmüddətli bir prosesdir.

Bəzi tarixi mütəfəkkirlər bu əsri “din əsri” adlandırır. Bir zamanlar bizə dinin elmlə aradan gedəcəyini deyirdilərsə, amma zaman keçdi bu təfəkkürdə olan kommunist dünyagörüşü tarixin arxivinə göndərilərək dinin aktuallığını əlindən ala bilmədi. Bu, özlüyündə müsbət və pozitiv bir prossesdir.

Bu da qeyd olunmalıdır ki, din məsələsi çox həssas məsələdir. O yanlış anlaşılarsa, ən təhlükəli bir amilə çevrilir. Doğru anlaşılan din insanlığın səadəti, xoşbəxtliyi olduğu kimi, səhv anlaşılma böyük təhlükə mənbəyi ola bilər. Yanlış başa düşülən din dinsizlikdən daha çox təhlükəli olur. Cinayətkar öz əməlinin cinayət olduğunu bilir, bu əməli etdiyi zaman və ya etdikdən sonra çox zaman vicdan əzabı çəkir. Çünki bu işin pisliyini anlayır. Lakin din adı ilə baş kəsən bunun əksidir. O görəcəyi işə din donu geyindirir və bu əməl heç zaman onu narahat etmir. Qarışıq dünyada həqiqi dinlə saxta dinin aldadıcı şuarçılığı insanlığı aldadınca, onun istiqamətdən çıxmış təfəkkürü hər cür cinayət etməyə hazırdır və günümüzdə bunun şahidi də oluruq. Belə bir dönəmdə dində daxili islahata ehtiyac vardır. İslahat insanları qorxutmamalıdır. Əlbəttə, dinin özəyi, təməl prinsipləri dəyişməzdir, lakin zamana uyğunlaşdırmaqla bunun inkişafı ümumbəşəri missiyanın həyata keçməsi üçün əvəzsiz rola malik ola bilər.

Əlbəttə, bunun üçün kompleks tədbirlər görülməlidir. Təkcə məscidlər bu məsələni həll edə bilməz. Həlli üçün məscidləri elm və mədəniyyət mərkəzinə çevirmək lazımdır. Geniş kitabxanalara malik olan bu ocaqlarda elmə daha çox yer ayrılmalıdır. Bu günün məscidi öz funksiyasında dəyişiklik etməlidir. Ora elm və mədəniyyət ocağı kimi əqidə dünyagörüşünü formalaşdırmalıdır. Məscidlər təkcə dini deyil, dünyəvi elmlərin də yer aldığı bir məkan olmalıdır. Buna İslam tarixində rast gəlmək olur. Xüsusi olaraq, İmam Sadiqin (ə) dövründə bunlar müşahidə olunan hallar idi. Təbii ki, məscid universitet ola bilməz, lakin müasir dünyanın tələbləri ilə uzlaşan İslam, ehtiyacları ödəyən din kimi bu sahələri də əhatə etməlidir.

Qeyd etdiyimiz kimi bu, təkcə məscidlərlə kifayətlənə bilməz. Eyni halda kütləvi informasiya vasitələri, tədbirlər, elmi-praktiki seminarlar və sair müxtəlif aspektlərdən İslam araşdırılıb insanlara çatdrılmalıdır. Bu prosesə mütləq ziyalılar da cəlb olunmalıdır. Bütün bunların isə müəyyən bir zamana ehtiyacı olduğu şübhəsizdir. Bir məqam da vurğulanmalıdır ki, bütün bunların əldə olunması üçün əsas tərəf olan ruhanilərin birlik və vəhdəti əhəmiyyətli dərərcədə rola malikdir. Vəhdət şüardan daha çox əməli nəticəyə gəlib çıxmalıdır. “Mənim təki düşünməyən mənim düşmənimdir” düşüncəsindən çıxıb hər kəsin düşüncə tərzinə hörmətlə yanaşmalıyıq. İslama görə, düşmən insanlıq, bəşəriyyətə qarşı düşmən olandır. Bu baxımdan cəmiyyətdə dolaşan fikirlərin fövqü həqiqi vəhdət və birlik amilləri olmalıdır. Məqsədə gedən yolun əsas amili məhz vəhdətlə formalaşa bilər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2015  09:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!