إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İntihar - Depressiya anında insan öz-özünə yardım etmək iqtidarında olmur

Azərbaycanda son zamanlar aktual problemlərdən biri də intiharların çoxalmasıdır. Müxtəlif çətinliklərlə üzləşən, çıxış yolu tapa bilməyən insanlar çarəni özlərinə qəsd etməkdə görürlər. Sanki o zaman dərdlər gedəcək və rahatlıq tapacaqlar. İntihar nədir? İntihar qəza olaraq və şüur yerində ikən bədbəxtçilik nəticəsində özünü öldürməyə deyilir. İntihar qarşısı alına biləcək ölüm səbəbidir və şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hisləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.

Ahlibeyt.az-ın məlumatına görə,AzadNews məsələ barədə psixoloq və ilahiyyatçırəyilərini öyrənib.

Öncə sualları psixoloq Elmir Əkbər cavablandırıb:

Hansı psixoloji səbəb insanı intihara vadar edə bilər?

–  İntihar insanın ağlına ani olaraq müxtəlif səbəblərdən gələ bilər. Bu insanın yaşından, cinsindən, vəzifəsindən, sosial durumundan asılı olaraq dəyişir. Kiminin banka borcu var, kimisi sevgisinə cavab ala bilmir ona görə intihar etmək istəyir. Düzdür, bir qrup intihar var ki, ruhi xəstəliklərdən olur. Onları bir kənara qoyuram. Sağlam insanlar da depressiyanın müəyyən bir həddində özünə qəsd etmək qərarına gəlir.

İnsan necə o duruma gəlir ki, artıq normal qərar verə bilmir və özünü öldürməklə problemdən qurtulacağını düşünür?

– İntiharların çoxalmasında əsas səbəblərdən biri cəmiyyətimizdə baş alıb gedən biganəlik və laqeydliyin olmasıdır. Məni psixoloq kimi narahat edən də budur. Yəni, insanların bir-birinə qayğı göstərməməsi belə vəziyyətlərə gətirib çıxarır. Bəziləri ola bilsin ki, göstəriş xətrinə "özümü öldürəcəyəm" kimi ifadələr işlətsin. Lakin bizim cəmiyyət olaraq ixtiyarımız yoxdur ki, heç kimin “SOS” çağırışına reaksiya verməyək. Hətta yalan dediyini düşünsək belə, mütləq yenə də biz ona ciddi yanaşmalıyıq, bir-birimizə diqqətli olmalıyıq. Axı intihar qəfildən yaranan bir akt deyil. İntihardan qabaq insan ruh düşkünlüyü, depressiya yaşayır. Deyir ki, sanki həyatın mənası yoxdur, artıq əvvəlki kimi həyatdan zövq ala bilmir, ağzının dadı gedib, sanki rənglər solğunlaşıb, bilmir nə üçün yaşayır, yaşamağın mənasını itirib və s. kimi sözləri eşitdikdə, artıq o insan üçün narahat olaq və onun qeydinə qalaq. İnsan dərdini bölüşdükcə rahatlaşır. Cəmiyyətdə laqeydlik olduğuna görə, bu hallar aktuallaşır.

Son zamanlar cəmiyyətimizdə baş verən intiharlarla bağlı nə deyə bilərsiniz?

– Hazırda məni ən çox narahat edən gənclərin, yeniyetmələrin, uşaqların intiharının sayının artmasıdır. Bunların da müxtəlif səbəbi var. Məsələn, valideynlər övladları ilə kifayət qədər düzgün maraqlanmırlar, vaxtında mütəxəssisə müraciət etmirlər. Nervopatoloqa aparırlar, iki-üç dərman yazdırırlar vəssəlam. Dərmanla insanın ürəyinin yolunu tapmaq olar? Uşaqla maraqlanmaqdansa, qeydinə qalmaqdansa, psixoloji konsultasiya aparmaqdansa, dərmanlarla başlarından edirlər.

Cəmiyyətə, intiharın eşiyində olan insanlara nələri tövsiyə edə bilərsiniz?

– ­İnsanlar bir-birinə sevgi ilə, qayğı ilə yanaşsınlar. Hər bir kəs, xüsusilə gənclər, mütəxəssisə müraciət etsinlər, vaxtında psixoloji konsultasiyaya da getsinlər. Çünki depressiya anında insan öz-özünə yardım etmək iqtidarında olmur. Sonda onu da qeyd edim ki, gəlin cəmiyyət olaraq öz üstümüzdən məsuliyyəti atmayaq.

Mövzu ilə bağlı ilahiyyatçı rəyi ilə də maraqlandıq. İlahiyyatçı Əfqan Muradov İslam dininin intihara necə yanaşmasından danışdı. O bildirdi ki, intihar etmək böyük günahlardandır. Onun bağışlanması məsələsi də çox çətindir. Şəriət baxımından haramdır və yolverilməzdir. İnsanın öz canına qəsd etməsi barədə Qurani-Kərimin Nisa surəsinin 29-cu ayəsində Allah belə buyurub: "Və özünüzü öldürməyin, həqiqətən Allah sizə rəhimlidir". Bu insanın iradəsinin zəifliyidir və əqidəsinin formalaşmamasıdır. Canına qəsd ətmək insanın mücahid, mübariz olmamasından, qorxaq olmasından irəli gəlir. İstərdik ki, intihar yerinə mübarizə aparmağı seçsinlər.

Müsahib insanın problemlərdən, psixoloji vəziyyətdən təkbaşına qurtula bilməyəcəyini vurğuladı: "Mütləq psixoloqa, inandığı bir ruhaniyə müraciət etməlidir. Yəni özbaşına qərar verməməlidir. Çünki belə olan halda insana elə gəlir ki, ən düz qərarı özü verir. Bu səbəbdən Allah-Taala Şura surəsində buyurur: "Və əmruhum şura bəynəhum - Bütün işlərinizdə məsləhətləşin". Hətta peyğəmbərə Allah buyurub ki, işlərində məsləhət elə. Hansı ki, Allah tərəfindən bir işə hökm olubsa, ona şamil olunmur. Amma Allah tərəfindən o işə hökm olunmayıbsa, insanlar aralarında öz məsləhətlərini həll etmək istədikdə, gərək peyğəmbər də olsa, məsləhətdən kənar getməsin.”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Avqust, 2015  17:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!