إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanın tanınmış din xadimi dünyasını dəyişdi

Tanınmış din xadimi "Təzəpir" məscidinin axundu Hacı Əhməd Abbasovun  səhhəti bu gün səhər saatlarından pisləşməyə başlayıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.  Hacı Əhməd Abbasov  bir neçə saat bundan əvvəl ömrünün 73 yaşında haqqın dərgahına qovuşub.Ahlibeyt.az-ın məlumatına görə bunu İslamazeri-yə mərhumun yaxın qohumu ilahiyyatçı Hacı Əlizaman Əliyev bildirib.

Mərhumun sabah saat 11 radələrində Bakının Buzovna qəsəbəsində torpağa tapşırılacağı bildirilir.

Ahlibeyt.az adından mərhumun yaxınlarına başsağlığı verərək ona Allahdan rəhmət diləyirik

Təzəpir məscidinin axundu Hacı Əhməd Abbasov 1942-ci il sentyabrın 21-də Masallı rayonunun Babaser kəndində dünyaya gəlib. Dövrünün nüfuzlu din xadimlərindən sayılan Şeyx Qüdrətullahın ailəsində böyüməsi onun gələcək həyat yolunu da müəyyən edir. Hələ kiçik yaşlarından atasından Qurani-Kərimi oxumağı öyrənir, fars və ərəb dillərində yazmağı bacarır. Hacı Əhməd həmin günləri belə xatırlayır: "Rəhmətlik atam Şeyx Qüdrətullah İranda mükəmməl dini təhsil almışdı. Təkcə Masallıda deyil, ətraf rayonlarda da böyük nüfuzu var idi. Sovet hökumətinin dinə qarşı münasibəti çox pis olduğundan məscidləri bağlayır, ruhaniləri həbs edir, sürgünə göndərirdi. Təbii ki, atam da çətinliklərlə üzləşib, müxtəlif təzyiqlərə məruz qalıb. Bütün bu çətinliklərə baxmayaraq, atam öz övladlarına Qurani-Kərimi öyrədirdi. 8 yaşım olanda artıq Quranı sərbəst oxuyurdum, altıncı sinifdə farsca oxuyub-yazırdım. Yuxarı siniflərdə təhsil alanda isə ərəb dilinin qrammatikasını öyrəndim".

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Şeyx Qüdrətullahın tələbəsi olub. Hacı Əhməd Şeyxülislam cənabları ilə atasının mədrəsəsində tanış olub: "Atam evdə mədrəsə açmışdı. Ətraf yerlərdən də valideynlər övladlarını atamın yanına gətirirdilər.   Din xadimləri üzərində ciddi nəzarət olduğundan uşaqların mədrəsəyə gəlib-getməsi çətin idi. Sübh namazından sonra bir yerə toplaşıb Quran oxuyub, dərslərini alıb sonra dağılışırdılar ki, görən olmasın. Şeyxülislam Allahşükür Paşazadə ilə ilk dəfə evimizdəki mədrəsədə tanış oldum. Babalarımız qohum olduqlarından valideynlərimiz bir-birlərini yaxşı tanıyırdılar. Mədrəsəyə gələndən onunla dostluğumuz başladı.

Dini təhsilini davam etdirmək üçün Özbəkistana getməsi, Buxara və Daşkənddə tanınmış alimlərdən dərs alması Hacı Əhmədin ruhani kimi yetişməsində mühüm rol oynayıb. "1968-ci ildə mən, Allahşükür Paşazadə və Mirəziz Seyidzadə dini təhsil almaq üçün Orta Asiyaya getdik. Çünki SSRİ-də yeganə mədrəsə Özbəkistanın Buxara şəhərində idi. İmtahanları uğurla verib Buxaradakı "Mir Ərəb" mədrəsəsinə qəbul olduq. 1971-ci ildə  İmam əl-Buxari adına Daşkənd İslam Universitetinə daxil olduq. Daşkənd İslam Universiteti sovetlər birliyində ali dini təhsil verən yeganə tədris müəssisəsi idi. Orada çox böyük ustadlardan dərs aldıq. Bu gün də onları rəhmətlə yad edirəm".

Təhsilini bitirəndən sonra Azərbaycana qayıdan Hacı Əhməd biliyini gənclərə öyrətməklə, ölkəmizdə ruhani kadrların hazırlamasında böyük əmək sərf edib: “Əvvəlcə 3 ay Maştağa məscidində axund köməkçisi kimi çalışdım. Qısa müddətdə qəsəbə camaatının hörmətini qazana bildim. Təsadüfi deyil ki, Buzovna məscidinə axund təyin olunanda Maştağa dindarları məni buraxmaq istəmirdilər. Nazirlər Soveti yanında dini müvəkkilik işə qarışandan sonra məsələ həll olundu və 1990-cı ilin martına kimi Buzovna məscidində axund kimi çalışdım. Hələ Buzovna məscidinin axundu olanda tələbələr hazırlayırdım. Şeyxülislam A.Paşazadə bu fəaliyyətimi nəzərə alıb məni Bakıda yeni açılan mədrəsəyə dəvət etdi və Quran təfsirindən dərs deməyə başladım. Sonra mədrəsə Bakı İslam İnstitutuna çevrildi. 17 il müəllim kimi bu elm ocağında çalışdım. Bu ali təhsil müəssisəsinin yaradılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müstəsna xidməti var. Şeyxülislam cənablarının həmin dövrdə necə fədakarlıq etdiyinin şahidiyəm. Tanınmış alim və ziyalımız Hacı Sabir Həsənlinin rəhbərliyi altında bu gün artıq Bakı İslam Universiteti kimi fəaliyyət göstərən bu ali tədris müəssisəsinin formalaşmasında az da olsa mənim də əməyim olub və mən bununla həmişə fəxr edirəm".

Bu gün Azərbaycanda fəaliyyət göstərən Bakı İslam Universitetin təməlini Hacı Əhməd qoymuşdur desək səhv etmərik. Hacı Əhməd Bakı İslam Mədrəsəsinin ilk rektoru olmuşdu. O, bu şərəfli vəzifəni üç ildən artıq yerinə yetirmişdir. Hacı Əhməd hərtərəfli ensiklopedik savada malik bir ziyalıdır. Hələ Buxara mədrəsəsinə getməzdən əvvəl Hacı Əvvəl sərf-nəhv, üsul, əqaid və təfsir elmlərini çox yaxşı mənimsəmişdi. Biz tələbələr Hacı Əhmədin atası ustadımız Şeyx Qüdrətullahın ev mədrəsəsinə gedəndə artıq Hacı Əhməd özü ustad kimi yetişmişdi. Çox vaxtlar biz tələbələrlə Hacı Əhməd özü məşğul olurdu. Bu günlərdə də bizim Hacı Əhmədin elminə ehtiyacımız var. Hacı Əhməd heç də İran ayətullahlarından geri qalmır. Mən ona həmişə Höccatül-İslam vəl müslimin kimi baxıram. Təəssüflər olsun ki, zaman ona müsaid olmadı...

Hələ Bakı İslam Universitetində müəllim kimi çalışdığı illərdə Təzəpir məscidində dini mərasimlərin keçirilməsində yaxından iştirak edən Hacı Əhmədə ölkənin baş məscidinin axundu olmaq da nəsib olub: "Təzəpir məscidinin axundu olmaq çox böyük şərəfdir. Azərbaycan dövləti, onun rəhbərliyinin sayəsində şərəfli bir tarixə malik bu məscid yenidən qurulub. Sovet dövrünün çətinliklərini görən bir insan kimi bu gün dövlətimizin dinə, dindarlara göstərdiyi diqqəti yüksək qiymətləndirirəm. Sovet dövrünün qadağaları ilə bugünkü şəraiti müqayisə etmək belə mümkün deyil. Bu gün gənclərimizin İslama marağı artıb. Mən həmişə onlara tövsiyə edirəm ki, müstəqilliyimizin, dövlətçiliyimizin qədrini bilsinlər. Cəmiyyət üçün yararlı insan kimi yetişmək istəyirlərsə din elmləri ilə yanaşı dünyəvi elmləri də mükəmməl öyrənsinlər. Habelə İslam dinin buyruqlarına əməl etsinlər. Elmin axtardığı bütün sualların cavabı Qurani-Kərimdə var".

Hacı Əhməd tanınmış din xadimi kimi bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Hindistanın keçmiş baş naziri, tanınmış siyasətçi İndira Qandi ilə görüşünü bu gün də xatırlayır: "1980-ci ilin martında Hindistanda keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün Dehliyə getmişdim. O zaman Hindistanın baş naziri İndira Qandi bütün dünyada nüfuzlu siyasətçi kimi tanınırdı. İndira Qandi SSRİ-dən gələn nümayəndə heyətinin üzvləri ilə görüşdü. Həmin görüşdə mən ona Şəki kəlağayısı və milli geyimlərimizdən olan zərli başmaq bağışladım.

1981-ci ildə Əfqanıstana bir həftəlik səfərim də yaddaqalan oldu. 1987-ci ildə isə Allah mənə Həcc ziyarəti qismət etdi, Məkkə və Mədinədə müqəddəs məkanları ilk dəfə ziyarət etmək nəsibim oldu./Kəlaminfo.az/

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2015  20:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!