إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dövlət Komitəsi Almaniya Bundestaqında qəbul edilən qətnamə ilə bağlı bəyanat yayıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi iyunun 12-də Almaniya Bundestaqında qəbul edilən qətnamə ilə bağlı bəyanat yayıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,DQİDK mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki,İyunun 12-də Almaniya Bundestaqında ölkəmizə qarşı qərəzli, böhtan xarakterli, ictimai-siyasi  sabitliyə, inkişafa və mövcud  tolerantlıq mühitinə kölgə salmağa cəhd edən qətnamə qəbul olunub.

Qətnamədə ölkəmizdə din azadlığının məhdudlaşdırılması, qeyri-islam dini icmalara qarşı ayrı-seçkilik və diskriminasiya hallarına yol verildiyi iddia olunur. Məqsədyönlü və qərəzli xarakter daşıyan, heç bir əsası olmayan, cəfəngiyyat dolu bu sənədin qəbul olunması iki ölkə arasında münasibətlərə zərər gətirməklə yanaşı, Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi etirazla qarşılanıb.

Bildirmək istəyirik ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya və “Dini etiqad azadığı haqqında” Qanunla təsbit olunub. Dövlətin  din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycan dünyəvi dövlət olsa da, dövlət tərəfindən daima dinə xüsusi diqqət və qayğı göstərilir. Məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da təmir-bərpa edilir, yeniləri tikilərək inanclı insanların istifadəsinə verilir. Hər il dövlət başçısı tərəfindən Prezidentin Ehtiyat Fondundan dini icmaların fəaliyyəti üçün maliyyə vəsaiti ayrılır. Bu il üçün də ayrılmış həmin vəsaitin 400 min manatı qeyri-islam dini icmalarına verilmişdir.

Azərbaycan xalqı tarixən tolerant və multikultural xalqdır. Ölkəmizdə heç bir tarixi dövrdə dini, irqi və etnik zəmində qarşıdurma halları baş verməyib. Azərbaycanın tolerantlığı, dövlətin multikulturalizm siyasəti bütün dünyada nümunə və müsbət  təcrübə kimi qəbul edilir. Dini etiqadından asılı olmayaraq, qanunvericiliyin tələblərinə cavab verən bütün İslam və qeyri-islam dini icmalar rəsmi dövlət qeydiyyatına alınır və sərbəst şəkildə fəaliyyət göstərir.

Bəyanatda qeyd olunur ki, Almaniyada son illər geniş vüsət alan islamafobiya prosesləri etnik və dini zəmində toqquşmalarla müşayiət olunur və bu proses indi də davam etməkdədir.

Almaniya 2010-cu ildə rəsmi şəkildə multikulturalizmdən imtina edərək,  bu gün yaşanan İslam əleyhinə hərəkatlara və islamafobiyanın geniş yayılmasına rəvac verib. Yaxşı olardı ki, Almaniya Bundestaqında Azərbaycanla bağlı məsələni müzakirə edən bəzi deputatlar və ayrı-ayrı siyasi dairələr öz ölkələrindəki islamafobiya, anti-islam hərəkatını, dini və etnik ayrı-seçkiliyin səbəblərini və fəsadlarını müzakirə edərək qiymətləndirsinlər.

Bu cür neqativ halların yaşandığı, insanların dövlət səviyyəsində dini ayrı-seçkliyə məruz qaldığı cəmiyyətin ali qanunverici orqanının ölkəmizə dair insan haqlarının pozulmasını iddia etməsini və ölkəmiz haqqında əsassız ittihamlar səsləndirməsini qəti şəkildə pisləyirik. Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışan heç bir qüvvə bu istəyinə nail ola bilməyəcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2015  09:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!