|
Dini Araşdırmalar Mərkəzi “Günümüzdə milli-mənəvi dəyərlər” mövzusunda silsiləvi tədbirlərə başlayırAzərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzi “Günümüzdə milli-mənəvi dəyərlər” mövzusunda ilahiyyat üzrə ekspertlərin qatılacağı silsilə tədbirlərin təşkilinə start verdiyini açıqladı. Toplantılar milli mənəvi dəyərlər sahəsinin günümüz üçün ən aktual problemlərinin müzakirəsi, problemlərin araşdırılması və həlli yollarının təklifinə həsr olunmuş diskussiyalar şəklində həyata keçiriləcək, diskussiyalara ən müxtəlif baxış bucaqlarını, eyni zamanda müxtəlif məzhəb nümayəndələrini təmsil edəcək ilahiyyatçılar dəvət olunacaqdır. Ahlibeyt.az-ın İslam.az-a verdiyi xəbərə görə, qarşıdan Ramazan ayının gəldiyini nəzərə alaraq silsilə toplantılardan ilki də Ramazan ayının ictimai mahiyyətinin müzakirəsinə həsr edilib. Dəyirmi masa toplantısı şəklində tərtib edilən tədbir tanınmış ruhanilərin, ilahiyyatçı alimlərin, o cümlədən jurnalistika, tarix və sosiologiya kimi humanitar sahələrdə ixtisaslaşmış tədqiqatçıların iştirakı ilə baş tutub. Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov bu tədbirlərin əsas məqsədinin stereotipləşmiş və ixtilaf səbəbi kimi göstərilən dini-ictimai mövzuların elmi diskusiyaya açılmasından ibarət olduğunu qeyd edib. “Geniş xalq kütləsi dini hökm və fətvaları dərindən təhlil etmək savadına və imkanına malik deyil. Milli vəhdət prinsipini yaymaq, streotipləri qırmaq istəyiriksə bu məsələləri ilahiyyatçıların iştirakı ilə fərqli aspektlərdən təhlil etməli, ortaq fikir formalaşdırmalıyıq.” - deyə o qeyd edib. Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov “Ramazan ayının ictimai mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Ramazana aid dini-əxlaqi ənənələrinin yaşadılmasının gənclərin tərbiyəsi üçün əhəmiyyətindən danışıb. Sözügedən ənənələrin yaşadılmasının eyni zamanda xalqın mənəvi dəyərlərinin qorunması olduğunu ifadə edən Aqil Şirinov bu baxımdan Ramazan ayında cəmiyyətin sosial problemlərinin həllinə yönəlmiş ənənələrin yaradılması və yayılmasının əhəmiyyətini xüsusilə qeyd edib. Mühazirəçi onu da qeyd edib ki, Ramazan ayı cəmiyyətdə artıq qıcıq obyektinə çevrilmiş ixtilaflarla, fikir ayrılıqları ilə deyil, həqiqətən mənəvi yüksəliş, cəmiyyətdə xeyriyyəçilik, yardımlaşma, müsbət etiqad ənənələrinin yüksəlişi ilə yadda qalmalıdır. Məruzəçi cəmiyyətdə Ramazan ilə bağlı formalaşan bəzi ənənələri tənqid etmiş, israfdan, özünü göstərmə kimi tendensiyalardan qaçaraq, daha müsbət ənənələrin formalaşdırılmasına çağırmışdır. Daha sonra Milli Elmlər Akademiyasının elmi işçisi Aslan Həbibov opponent qismində çıxış edərək mövzuya dair fərqli fikirləri də iştirakçıların müzakirəsinə çıxarıb. Müzakirələr nəticəsində formalaşan ortaq fikirə görə Ramazan ayı, hədislərdə də təkid edildiyi kimi, fərdlərin ibadət və mənəvi yüksəlişi üçün çalışma ayı olmalı, bununla belə gündəlik həyatda tənbəlləşməyə gətirməməlidir. Bu ayda dindarların, oruc tutanların cəmiyyətə daha çox xeyri dəyməli, xeyriyyəçilik ənənələri inkişaf etdiriməli, vəhdət, dostluq və qarşılıqlı yardımlaşmalarla yadda qalmalıdır. İftar süfrələrinin təşkili zamanı israflara yol verilməməli, eyni zamanda bir birini qonaq etmə ənənələri yaşadılmalıdır. Həmçinin imsak-iftar saatları və Ramazan bayramının vaxtı ilə əlaqədar hər il yaşanan mübahisələr ətrafında da geniş müzakirələr olub. İştirakçıların fikrincə imsak və iftar saatları, yeni ayın gəlişi ilə bağlı ixtilaflar dini deyil, daha çox elmi yanaşma fərqliliyindən qaynaqlanır. Ona görə də bu məqamda müxtəlif fikir daşıcıyılarının bir-birini ittiham etməsinə heç bir zərurət yoxdur. Dindarlar etimad etdikləri məzhəb və alimlərə uyğun hərəkət edə bilərlər. Bununla belə sıravi dindarları maraqlandıran məsələnin elmi izahından çox, təqvimlərdəki fərqlərdir. Ona görə də ümumən götürdükdə, son illərdə ölkədə vahid təqvim tərtib etmək təşəbbüsü təqdirəlayiqdir. Lakin bu təşəbbüs də bütün tərəflərin və məzhəb nümayəndələrinin mövqeyini qoruyaraq həyata keçirilməli, əksinə yeni ixtilaf və mübahisələr üçün əsas olmamalıdır. Bayram namazına gəldikdə də müvafiq qanunvericiliyə görə Azərbaycanda bayram 2 gün qeyd edilir və müsəlmanlar bu günlərdən hər hansı birində namaz qıla bilərlər. Onu da qeyd edək ki, Dini Araşdırmalar Mərkəzi dini-sosial problemlərin müzakirəsini və doğru dini biliklərə əsaslanan milli ictimai təfəkkürün formalaşdırılmasını nəzərdə tutan toplantıları önümüzdəki aylarda da davam etdirəcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2015 14:28 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |