إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda Gallupun inanclı hesab etmədiyi 54% dini ayinləri mütəmadi yerinə yetirməyənlərdir

Win / Gallup International Association sorğu mərkəzi dünyanın ən inanclı insanlarının yaşadığı ölkələrin sıralamasını dərc edib.

Sorğuda dünyanın 65 ölkəsindən olan 64 min insan iştirak edib. Sorğunun nəticəsinə görə, ən inanclı insanlar Tailandda yaşayır. Bu ölkədə yaşayan 94% insan özlərini dini inanclı hesab etdiyini deyib, 1% isə ateist hesab edib. Sıralamada ikinci yerdə Ermənistan, Banqladeş, Gürcüstan və Mərakeş (hər biri 93%) gəlib. Ən az inanclı insanların yaşadığı ölkələr isə Hollandiya (26%), Çexiya (23%), İsveçrə (19%), Yaponiya (13%) və Çindir (7%). Azərbaycanda isə 34% özünü inanclı, 54% isə inanclı hesab etmədiyini bildirib. Ateist sayı 0 göstərilir, 13% isə suala cavab verməkdə çətinlik çəkdiyini deyib.

Qeyd edək ki, analoji sorğu 5-6 il əvvəl də Gallup tərəfindən keçirilmişdi və o zaman Azərbaycanda inanclı insanların faizi 21% olaraq göstərilmişdi.

Bir çox KİV və bəzi tədqiqatçılar bu sorğu nəticələrini əsas götürərək, ölkəmizdə inanclı, yəni Allaha inanan insanların o zaman cəmi 21% olduğunu, qalanların isə ateist olduğunu önə çəkirdi. Hazırda da eyni vəziyyətdir və bəziləri cəmi 34% azərbaycanlının Allaha iman gətirdiyini sübut etməyə çalışır. Lakin sorğuda diqqət yetirilməli digər rəqəm var: ateist faizi 0%!

Bunu izahı isə çox sadədir. Belə ki, Gallupun sorğularında “inanclı” deyərkən, öz dininin tələblərinə əməl edən insanlar nəzərdə tutulur və insanlardan bu kriteriyaya görə özünü inacnlı kimi dəyərləndirməyi xahiş edir. Yəni bizim dillə desək –DİNDAR. Bəli, Gallup “inanclı” deyərkən məhz “dindar” nəzərdə tutur. Odur ki, 34%-i az hesab etməyək.

Siyahıda birinci yerdə duran Tailandda din olaraq Buddizm üstünlük təşkil edir. Bu dində isə “Allaha inanmaq” anlayışı yoxdur. Sadəcə olaraq “Buddaya sitayiş” nəzərdə tutulur ki, burada da “inananların” Budda qarşısında hər hansı mükəllifiyyəti yoxdur.

Eyni zamanda siyahıda ikinci yerdə olan Ermənistan, Gürcüstanda da analoji vəziyyət hökm sürür. Həftədə bir dəfə kilsəyə gedən erməni və ya gürcü özünü dindar hesab edir.

Müsəlmanlarda isə vəziyyət fərqlidi. Yəni Gallupa görə inanclı müsəlman azərbaycanlı gündəlik ibadətlərini yerinə yetirir və islamın şərtlərinə əməl edir. Bir neçə il öncə təşkilatın keçirdiyi sorğuda bu rəqəm 21 faiz göstərirlirdi. Hazırda isə kifayət qədər artım olduğu nəzərə çarpır.

Qeyd edək ki, Gallupun sorğuları digər sorğular, məsələn Azərbaycanda Dini Araşdırmalar Mərkəzi tərəfindən hər il (DAM) aparılan sorğularla üst-üstə düşür. Təsədüfi deyil ki, DAM tərəfindən aparılan sorğularda də dindar olan əhalinin faiz dərəcəsi hazırkı sorğu ilə uyğunluq təşkil edir. Belə ki, DAM tərəfindən aparılan sorğuda müvafiq olaraq bir neçə il əvvəl 26 faiz (Gallup 21 faiz ), ötən il  isə 36 faiz (Gallup 34 faiz) əhali özünü dindar hesab etmişdi.

Həm  DAM,  həm də Gallup tərəfindən aparılan sorğularda ateistlərin sayı çox aşağıdır. DAM-a görə 1.5%, Gallupa görə 0%. Bu isə o deməkdir ki, Azərbaycanda  Gallupun inanclı hesab etmədiyi 54% sadəcə olaraq dini ayinləri mütəmadi yerinə yetirməyənlərdir. Amma “Allaha inanma” baxımından bu insanlar ateist deyillər.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan cəmiyyəti yetərincə inanclı cəmiyyətdir və hətta qərb təşkilatlarının keçirdiyi sorğularda ateistlərin faiz dərəcəsinin “0” olması bəziləri tərəfindən  yaradılan süni “allahsızlıq” sindromunu kölgədə qoyur.

Mənbə :İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2015  12:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!