|
Hacı Şahin Həsənli - “Həmyerlilərimizdən ictihad dərəcəsinə çatanların olmaması təəssüf doğurur”Azərbaycanın dini cameəsində zaman-zaman müxtəlif məsələlər ətrafında yaranan fikir ayrılığıl ciddi polemikaya səbəb olur. Bəzən isə polemika sivil çərçivələri aşır, qeyri-etik davranışlara yol verilir. Son günlər də belə bir hadisənin şahidi olduq. Bu dəfə müzakirələr Azərbaycan Respublikasının vətəndaşı olan qadınların Məşhəd və Kərbəla ziyarətlərinə yollanmasının şəriət baxımından icazəli olub-olmaması ətrafında gedirdi (xatırladaq ki, Qanunvericiliyə uyğun olaraq qadın xarici pasport üçün hicabsız şəkil çəkdirməlidir). Yenə də əsəblər tarıma çəkildi, yenə də bir müsəlman digərini qınadı, bostanına daş atdı. Bəs əslində necə olmalıdır? Və başqa bir məsələ: bir qayda olaraq belə problemlərin həlli üçün ölkədən kənarda fəaliyyət göstərən din xadimlərinə müraciət olunur. Bəs görəsən Azərbaycanda bu tipli məsələlərə aydınlıq gətirə biləcək səviyyədə alimlərimiz niyə yoxdur? Ahlibeyt.az-ın verdiyi məlumata görə,bu suallara cavab tapmaq üçün islam.az ilahiyyatçı Hacı Şahin Həsənliyə müraciət edib: - Əvvəla qeyd etmək istərdim ki, fərqli fikirlərə dözümlü yanaşmaq lazımdır. Cəmiyyət elə bir mədəniyyətə yiyələnməlidir ki, fərqli düşüncələri aqressiv qarşılamasın. Çox təəssüf ki, bəzi dindarlar onların mövqeyini bölüşməyənlərin ünvanına sərt ifadələrə yol verir, onları məsxərəyə qoyur. Əlbəttə ki, bu səhv yanaşmadır. O ki qaldı şəriət məsələlərinə, ümumiyyətlə Azərbaycanda insanlar tarixən fəqihlərə, Nəcəf və Qum din hövzələrində fəaliyyət göstərən alimlərə müraciət ediblər. Amma daha məqbuldur ki, hər ölkədə o məmləkətin reallıqlarını daha yaxşı bilən insanlar ictihad dərəcəsinə çatsınlar. Çünki şəriətin sabit olan hökmləri var ki, onlar dəyişmirlər, bunlar təməl prinsipləridir. Amma bir sıra da məsələlər var ki, zaman və məkan kontekstində dəyişilir. Bu məsələlərə də yaxşı olar ki, ölkə reallıqlarına daha yaxşı bələd olan alimlər rəy versinlər. - Səhv etmiriksə, tarixdə kifayət qədər belə həmyerlimiz olub... - Azərbaycanın müxtəlif bölgələrindən tanınmış müctəhidlər olub, məşhur tələbələr yetişdiriblər. Hətta hazırda həyatda olan məşhur alimlərin ustadları sırasında həmyerlilıərimiz də olub. Amma təəssüf ki, indi bu ənənə qırılıb. 25 ilə yaxındır ki, Azərbaycan müstəqillik qazanıb, bu illər ərzində dini hövzələrdə kifayət qədər həmyerlimiz təhsil alıb və almaqdadır. Ancaq təəssüf ki, ictihad dərəcəsinə çatanları yoxdur. - Bəs bunun səbəbi nədir? - Səbəbi haqqında konkret bir söz deyə bilmərəm. Çünki tədris prosesinin içində deyiləm, ordakı tələbələrimizin elmi səviyyəsinə də bələd deyiləm. Amma fakt fakt olaraq qalır: hazırda belə alim yetişməyib. - ...və son günlər müzakirələrə səbəb olmuş sual: Azərbaycan Respublikasının vətəndaşı olan qadın Məşhəd və Kərbəla ziyarətlərinə gedə bilərmi? - Bəli, burda heç bir problem yoxdur. Bu barədə alimlərimizin də rəyi var. Xarici pasport üçün tələb edilən şəkili ya qadın fotoqraf, ya da qadına məhrəm kişi çəkməlidir. Sərhəd buraxılış məntəqəsində keçid prosedurunu həyata keçirən gömrük əməkdaşı isə qadını əvvəldən tanımamalıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Aprel, 2015 13:40 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |