|
Bu gün Xanım Zeynəbin (s.a) mövlud günüdürXanım Zeynəb(ə) hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın evində dünyaya göz açmışdır. Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda qeyd olunur ki, Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin. Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur. Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir. Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur. Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. Peyğəmbər xanım Zeynəb(ə)in həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun. Zeynəb(ə) onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq: Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi: "Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.” Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu: "Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.” Çox keçmədi ki, Zeynəbin yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi.Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər. Zeynəb anası Fatimənin Peyğəmbər məscidində Fədək və Əhli-beytin müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi. O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin. Zeynəb anasından sonra Əli kimi atanın tərbiyəsi sayəsində, Həsən və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır. Zeynəb Həsən və Hüseyndən kiçik olamasına baxmayaraq, Fatimə qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. necə ki, görəcəyik o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu. Zeynəb Peyğəmbərdən sonra baş verən qəmli hadisələri müşahidə edib ondan dərs alır, öz ictimai-siyasi və tarixi görüşünü artırır, atasının tükənməz fəzilətləri, ibadət və şücaətindən ilham alırdı. O atasının məktəbində öyrəndiklərinin hamısını Kərbəla, Kufə, Şam kimi böyük səhnələrdə nümayiş etdirib, öz ibadət və tədbiri, səbr və şücaəti ilə bir daha Əli qızı olduğunu sübut etdi. Elə bir Əli ki, bütün ömrünü Allah və Onun razılığı yolunda sərf edib, malik olduğu böyük qüdrətlə yanaşı səbr edib, şücaətlə düşmənini məğlub edərək ədalətə rəvac verib və nəhayət, hər şeyini öz sevgili rəbbinə qurban etmişdir. Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: "Ədalət və düzlük imamı Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir. O, özünü atasına necə çatdırmışdı? Onun yaralı başını, qanlı üzünü gördükdə nə etmişdi? Bu sualların cavabı dəqiq məlum deyil. Amma onun ürək ağrıdan oxşamaları və üzücü nalələri bu müsibətdən necə təsirləndiyindən xəbər verir. Daş ürəkləri əridən, həzrətin dostlarını əldən salan bu hadisə, gör Zeynəb kimi bir qızın incə və lətif qəlbinə nə edəcəkdi. Zeynəb qardaşı Həsən Müctəbanın imaməti dövründə də atasının məzlumiyyəti günlərində olduğu kimi xalqın vəfasızlığı, düşmənlərin hiyləsi, Müaviyənin dəqiq və geniş təbliğatı və nəhayət qardaşının məzlumiyyət və tənhalığından başqa bir şey görmədi. O, öz zaman mühitini yaxşı tanıyır və bilirdi ki, zalım əleyhinə qiyam etmək məsum imam ünvanında kamil insan və saleh bir bəndənin rəhbərliyi ilə yanaşı, vəfalı və müti bir xalqa da möhtacdır. O, şahid oldu ki, Əhli-beytin müdafiə iddiaçıları çətinlik və imtahan zamanı zəiflik göstərir, dini və mənəvi dəyərləri fani dünyaya satıb məsum və ilahi rəhbərlərini öz şeytani arzularına qurban edirlər. Zeynəb dost və düşməni tanıyır, imamının istəklərini icra etməkdən başqa bir şey düşünmürdü. Bu dərd və müsibətlərin, qəm və qüssələrin əzəmət və böyüklüyünü Zeynəb Aşura gecəsi dilinə gətirdi. Qardaşı imam Hüseynin (ə) oxuduğu şerlərdən onların da şəhadətini duyaraq fəryad etdi. «Həzər bu müsibətdən kaş ölüm həyatıma son qoyaydı. Bu gün, anam Fatimə, atam Əli və qardaşım Həsənin dünyadan gedən günlərinə bənzəyir». Bütün bu müsibətlərdə Zeynəbin şüarı Seyyidüş-şühəda İmam Hüseynin şüarıdır ki, Kərbəlanın ağır müsibət dalğalarında dodaqaltı zümzümə edirdi: «...Səbrən əla qəzaikə, la ilahə sivakə, ya ğiyasəl mustəğisin». "Sənin qəza və qədərinə səbr edirəm, İlahi! Səndən başqa Allah yoxdur. Ey kömək istəyənlərin fəryadına çatan!” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Fevral, 2015 12:23 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |