|
Hacı Şahin Həsənli -"Yeni il Azərbaycanda xristian adəti kimi qeyd olunmur"Yeni il əleyhinə təbliğat aparılmasını mən düzgün hesab etmirəm. Kimsə bayramı keçirməyə və ya keçirməməyə məcbur edilə bilməz. Əgər kimsə bunu qeyd etmirsə, bu onun öz haqqıdır. Amma bunu kompaniya şəklində təbliğ etmək, bayram keçirənləri aqressiv tərzdə qınamaq yanlışlıqdır. İnsanların on illər boyu keçirdiyi bir bayrama qarşı belə bir mövqeyin tutulması və bunun dinlə əsaslandırılması, mən belə düşünürəm ki, yanlışlıqdır.
Ahlibeyt.az-ın məlumatına görə bunu Aypara.tv-yə verdiyi geniş müsahibə zamanı ilahiyyatçı alim Hacı Şahin Həsənli qeyd edib. Yeni il bayqamının qeyd olunmasına,İmam Həsən Əsgəri(ə)ın şahadəti,regionun ən böyük məscidinin açılışı,radikal cərəyanların fəaliyyəti,dini cameənin problemləri və bu günlər ilahiyyatçı-araşdırmaçı Elşən Mustafaoğlunun həbsi ilə bağlı sualları cavablandıran QMİ-nin səlahiyyətli nümayəndəsi,"Məşədi Dadaş" məscidinin imam cüməsi ilahiyyatçı Hacı Şahin Həsənli ilə müsahibənin tam mətnini təqdim edirik: Yeni ilin gəlişini qeyd etmək olarmı? Bu kimi bayram günlərinə İslamın münasibəti necədir? - Məlum olduğu kimi İslam təqviminin öz bayramları var. İslamın ən böyük bayramları Qurban və Fitr bayramlarıdır. Eyni zamanda İslam təqvimində Qədir-Xum bayramı böyük bir bayram kimi qeyd olunur və bu bayramları keçirməyi dinimiz də tövsiyə edir. Həqiqətən bu bayramlar böyük dəyərləri özündə cəmləşdirən və ifadə edən bayramlar hesab olunur. Bundan əlavə dinimizlə əlaqəsi olmayan, müəyyən adət ənənələr var ki, dindən qaynaqlanmır və çoxları həmin adət-ənənələrə dinin münasibətini bilmək istəyir ki, din bu bayramlara, adətlərə necə yanaşır. Bu məsələdə başlıca prinsip bu bayramların qeyd edilib-edilməməsində dinin göstərişlərinə əməl olunub-olunmamasıdır. İstənilən bayramı qeyd edərkən İslama zidd əməllər etmirlərsə, yəni əgər həmin bayramların tərkibində olan elementlərdə İslama zidd əməllər yoxdursa, bu bayramların keçirilməsində heç bir qəbahət yoxdur. Bir şərtlə qəbul olunur ki, bizə yad olan mədəniyyətin təbliğinə xidmət eləməsin. Dində belə bir prinsip var ki, islam mədəniyyətinin daşıyıcısı olan xalqlar başqa mədəniyyətlərin içərisində həzm olunmamalıdırlar, yəni, öz dinini və dinin kimliyini qorumalıdırlar. Ona görə də biz dinimizlə bağlı olmayan bayramları qeyd edərkən diqqət etməliyik ki, əməllərimiz başqa mədəniyyətlərin və ya dinlərin atributları, elementləri olmasın. Qaldı ki, yeni il bayramına, yeni təqvim ilinin gəlişi ilə bağlı keçirilən bayramdır və bu bayramı dinimizə zidd olmayan tərzdə qeyd edəriksə, bu zaman hər hansı günaha səbəb olmaz. Yəni bayram süfrəsi açılarsa, insanlar bir-birinə baş çəkərsə, biri-biri ilə ünsiyyətdə olarsa, körpə yaşda uşaqlar əylənərsə, bu cür keçirməyin eybi yoxdur. Yeni il bayramını bəzən xristianlıqla əlaqələndirirlər. Bunu qeyd etmək istəyirəm ki, yeni il Azərbaycanda xristian adəti kimi qeyd olunmur. Azərbaycanda yeni il yeni təqvim ilinin gəlişi kimi qeyd olunur. Burda müəyyən atributlar var. Məsələn, şaxta baba bir əyləncə vasitəsidir və hansısa bir dini tərənnüm edən atribut deyil. Ona görə də bu bayramın şəriətimizin icazə verdiyi çərcivədə qeyd edilməsində qəbahət yoxdur. Yeni il bayramına qarşı təbliğat aparılması düzgündürmü? -Yeni il əleyhinə təbliğat aparılmasını mən düzgün hesab etmirəm. Kimsə bayramı keçirməyə və ya keçirməməyə məcbur edilə bilməz. Əgər kimsə bunu qeyd etmirsə, bu onun öz haqqıdır. Amma bunu kompaniya şəklində təbliğ etmək, bayram keçirənləri aqressiv tərzdə qınamaq yanlışlıqdır. İnsanların on illər boyu keçirdiyi bir bayrama qarşı belə bir mövqeyin tutulması və bunun dinlə əsaslandırılması, mən belə düşünürəm ki, yanlışlıqdır. Bu məsələlərə dözümlü yanaşmaq lazımdır, hər bir insanın özünün seçimi var, kimisi qeyd edir, kimisi qeyd etmir. İmam Həsən Əsgəri(ə)-ın şəhadət günü 31 Dekabra təsadüf etsə də, artıq şam azanından sonra növbəti gün daxil olur və hətta İslam təqvimində İmam Zaman(ə.f.)-ın imamətə çatdığı gün kimi də qeyd olunur. Kimsə bayram süfrəsi arxasında oturacaqsa və qeyd edəcəksə, bunun dinimizlə ziddiyyəti yoxdur. Bunun əleyhinə sanki “ən birinci məsələ yeni il məsələsidir” kimi əks təbliğat aparılmasının qəti tərəfdarı deyiləm və bunu yanlış hesab edirəm. Cəmiyyətimizin İslam maarifinə yiyələnməsi üçün hansı işləri görmək olar? -Cəmiyyətimizin islam maarifinə yiyələnməsi üçün dini dəyərlərimizin elmi təməllərə söykənərək təbliğ olunması olduqca vacibdir. Bu gün gənclərimizin dinə marağı günü-gündən artır və bu marağı da təmin etmək üçün din müasir dildə, gənclərin anlayacağı şəkildə təbliğ olunmalıdır. Belə olmadığı təqdirdə din adından, dinə heç bir aidiyyatı olmayan insanlar danışır və hansısa konkret məqsədləri üçün dindən istifadə edirlər. Mən düşünürəm ki, dini dəyərlərin təbliği üçün ilk növbədə təbliğin “dili” müasir dövrə uyğunlaşmalıdır. Dini təbliğ ağıla və məntiqə söykənməlidir, rasional tərzdə insanlara dini dəyərləri çatdırmalıyıq və bu işi xeyirxahlıqla görməliyik. Hansısa bir məqsəd daşımamalıdır bizim təbliğimiz. Təbliğimiz insanların düz yola istiqamətləndirilməsi, insanlara xoşbəxtliyin bəxş edilməsi üçün edilməlidir. Əgər belə olarsa, təmannasız şəkildə, sağlam tərzdə, elmə, məntiqə uyğun şəkildə din təbliğ olunarsa, o zaman dini dəyərlər də cəmiyyətdə inkişaf edər və yayılar. Yeni açılmış Heydər məscidinin gələcək fəaliyyətini necə görürsüz və ya görmək istərdiz? -Bu məscidin açılması özü özlüyündə böyük və müsbət bir addımdır. Bakı şəhərində ən böyük məsciddir, hətta Qafqazın ən böyük məscididir. Din ayini icra edən insanların sayını nəzərə alsaq, belə məscidlərin tikilməsi təqdirə layiqdir və ümid edirik ki, bu məsciddə də insanlar birgə toplaşacaq və dini maarifləndirmə istiqamətində mühüm addımlar atılacaq. Radikal dini cərəyanların ideoloji cəhətdən qarşısının alınması üçün hansı tədbirlərin görülməsi zəruridir? -Radikal cərəyanlarla iki istiqamətdə mübarizə aparılmalıdır. Birincisi, hüquqi və qanuni müstəvidə. Yəni onlara qarşı qanunun tam gücündən istifadə olunmalıdır. Onlara qarşı cəza mexanizmi işlənməlidir və onların dağıdıcı fəaliyyətinin qarşısı qanuni şəkildə alınmalıdır. Digər tərəfdən də dinin həqiqi, ənənəvi dəyərlərinin Azərbaycanda təbliğ olunmasına ehtiyac var. Bir daha deyirəm, dini təbliğatın keyfiyyətinin yüksəldilməsinə, bu sahədə kadrların hazırlanmasına ciddi ehtiyac var və bu məsələdə dövlət və dini qurumların sıx əməkdaşlığına ehtiyac var. Yəni dövlət və dini qurumlar arasında sıx əməkdaşlıq olmalıdır, ikisi də vahid mövqedən çıxış etməlidirlər. Digər bir addım da sünni və şiə məzhəbinin vəhdətidir. Radikallığa qarşı sünni və şiə məzhəbinin təmsilçiləri eyni mövqedən çıxış etməlidirlər və o cərəyanların dinə heç bir adiyatının olmadığını əməli şəkildə sübut etdirməlidirlər. Bu istiqamətdə kompleks tədbirlər tələb olunur. Bir sıra bu cür tədbirlər həyata keçirilməkdədir və bundan sonra da ciddi şəkildə həyata keçirilməsi önəmlidir. Azərbaycan ziyalısına və jurnalistinə nələri tövsiyə edərdiz və xalqın taleyində onların rolunu necə qiymətləndirirsiz? -Ziyalılar hər zaman cəmiyyətin hərəkət vericisidir. O cümlədən də yazarlar, jurnalistlər ictimayi rəyi formalaşdırır. Ziyalılar xalqın bölüşdüyü dəyərləri bölüşməlidir, xalqa mütərrəqi dəyərləri aşılamalıdırlar, eyni zamanda öz köklərinə də bağlı olmalıdırlar. Ziyalı mənim təsəvvürümdə yüksək intellektual potensiala malik olan bir şəxsdir. Eyni zamanda öz milli, mənəvi köklərinə bağlı olan insandır. Ziyalılarımız mənəviyyatı və elmi özlərində cəm etmiş, birləşdirmiş şəxslər olmalıdır. Belə olarsa, xalqa da düzgün istiqamət verərlər. O cümlədən jurnalistlər də bu məsuliyyəti anlamalıdırlar ki, onların formalaşdırdığı fikirlər insanların bu və ya digər istiqamətdə hərəkət etməsinə xidmət göstərir. Jurnalistika olduqca həssas bir sahədir. Jurnalistlər peşəkar və obyektiv olmalıdırlar. Obyektivlik olmasa, insanların düşüncəsində müəyyən sapmalar və yanlışlıqlar ola bilər . Ona görə də jurnalistikanın vəzifəsi bir məsələni cəmiyyətə hərtərəfli çatdırmaqdır və hər hansı bir şəxsi hissləri biruzə vermədən həqiqəti üzə çıxarmaqdır. İnsan özünün mənəvi tərbiyəsində nədən başlamalıdır və hansı məqamlara xüsusi diqqət etməlidir? -İnsanın mənəvi tərbiyəsi elmdən başlanır. İnsan dini, mənəvi elmlərə yiyələnməlidir və bildiyinə əməl etməyə çalışmalıdır. Söz və əməlin vəhdətinə ehtiyac var. İnsanın özü ilə mübarizə aparması olduqca vacibdir. İnsan özünə qələbə çalmadan digərlərini islah edə bilməz. Cəmiyyəti islah etmək üçün ilk növbədə özünü tərbiyədən başlamaq lazımdır. Özünü tərbiyə də elmlə əməlin vəhdəti deməkdir. İnsanın öz ehtiraslarına, meyllərinə və istəklərinə qələbə çalması deməkdir. Bunun da konsepsiyasını Qurani- Kərim kamil şəkildə insanlara bəyan edir. Dini cameənin ən açıq və önəmli problemi kimi nəyi qeyd edərdiz? -Dini cameənin ən əsas problemlərindən biri din haqda məlumatların yetərli səviyyədə olmamasıdır. Bir də ki, dini səmimi şəkildə yaşamamaqdır. Düzdür, bu, bütövlükdə cameəyə aid edilə bilməz. Kifayət qədər düşüncəli, elmli, imanlı gənclərimiz var, amma bu gənclərin sayının artmasına ehtiyac var. Dini səmimi şəkildə qəlbində yaşadan insanlar olmalıdır. Eyni zamanda da müasir, dünyəvi elmlərə sahib olan insanların dini dəyərləri insanlara aşılamasına, çatdırmasına ciddi ehtiyac var. Yəni bu sahədə müəyyən qədər problemlər var. Çoxları üçün maraqlıdır: Hacı Şahinin öz müəllifliyi ilə kitab nəşr etdirmək planı varmı? -Belə bir fikrimiz var. Artıq əl yazmalar şəkilində var, amma kitab nə zaman nəşr olunacaq, deyə bilmərəm. İşlərin çoxluğu, ictimai, dini fəaliyyət səbəbindən kitab nəşr etdirə bilməmişik, amma belə fikrimiz var hər halda. QMİ-nin əməkdaşı Hacı Elşən Mustafaoğlunun həbsinə münasibətiniz. - İstintaq gedir yəqin ki. Düzdür, hər hansı bir rəsmi məlumat yoxdur, amma ümid edirəm ki, bu məsələ obyektiv şəkildə araşdırılar və hansısa bir rəsmi mövqe ortaya qoyulandan sonra bu məsələyə öz münasibətimizi bildirərik. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Dekabr, 2014 14:55 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |