إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda “dəyirmi masa” – konfrans keçırıb. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili aparatının rəhbəri Aydın Səfixanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Anna Bayramova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, respublikada fəaliyyət göstərən dini konfessiya və dini icmaların rəhbərləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, konfrans 16 noyabr Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar keçirilən tədbirlərin davamıdır. Azərbaycanda tolerantlığın möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Mübariz Qurbanlı qeyd edib ki,Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük təcrübəni, qazanılan nailiyyətləri müzakirə etmək və ictimaiyyətə çatdırmaqdır.

Azərbaycan tolerantlıq sahəsində dünyada ən qabaqcıl ölkələrdən sayılır. Bunu nəzərə alaraq, Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar Komitə tərəfindən Azərbaycanda və bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanın tolerantlıq sahəsindəki uğurlarını əks etdirən təqdimatla çıxış edərək ölkəmizdə tolerantlığın tarixi, bugünkü vəziyyəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir.Avropalı üçün tolerantlıq hüquqi borcdursa, Azərbaycan üçün bu, mənəvi ehtiyacdır. Azərbaycanda etnik azlıqların nümayəndələrinin öz adət-ənənələrinə uyğun yaşamaları üçün hər cür şərait yaradılıb.

Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri var. Tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu, bizim fərqliliyimiz və zənginliyimizdir. Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunədir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır.

Dünyada ölkələr və xalqlar arasında müxtəlif münaqişələrə dini don geyindirməyə cəhd olunmasının narahatlıq doğurduğunu bildirən Bahar Muradova qeyd edib ki, İslam dünyası beynəlxalq aləmdə münaqişələr dünyası kimi tanınmamalıdır.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, əsrlərdən bəri Azərbaycanda yaşayan dini icmalara dözümlü münasibət mövcuddur. Azərbaycanda məscidlərlə yanaşı kilsə, sinaqoq və digər etiqad yerlərinin olması ölkəmizdəki tolerant mühitin əyani sübutdur. Tolerantlıq, eyni zamanda, insan hüquq və azadlıqlarının qorunmasının təsdiqidir.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin sülh şəraitində birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu yer olub. O, Azərbaycanın tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında tolerantlığın ölkəmiz üçün yeni anlayış olmadığını söyləyib. O deyib ki, Azərbaycan xalqı əsrlərdən bəri bu xüsusiyyətini nümayiş etdirir. Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsidir.

Daha sonra QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, Bakı şəhəri, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Katolik icmasının rəhbəri Vladimir Fekete, Bakı şəhəri, Avropa yəhudiləri icmasının rəhbəri Gennadiy Zelmanoviç Bəhai icmasının sədr müavini Rövşən Abbasov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun şöbə müdiri Sakit Hüseynov Azərbaycanın tolerantlıq ənələri ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrlə davam edən tədbirdə birmənalı olaraq qeyd edilib ki,  tolerantlıq bizim üçün əvəzsiz bir dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2014  17:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!