إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xaçmazda məzhəbindən və milliyətindən aslı olmayaraq Aşura günü hamı məscidə toplanır

Bunu Xacmaz şəhəri "Təzə şəhər məscid"nin imam xətibi Zaur Məmmədov islam.az-a müsahibəsində qeyd etmişdir.


Müsəlman ümməti, Azərbaycan xalqı daha bir Aşuranı qeyd etdi. Bəs ənənəvi olaraq əhalisinin şiə məzhəbinin davamçıları nisbətən azlıq təşkil edən bölgələrimizdə bu gün necə keçdi? Ümumiyyətlə, Məhərrəm ayı belə rayonlarımızda nə ilə səciyyələnir?

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İslam.az bunlara aydınlıq gətirməkdən ötrü Xaçmaz şəhəri “Təzə şəhər məscidi”nin İmam-xətibi Hacı Zaur Məmmədova müraciət edib.

- Hacı, Xaçmaz rayonunda əzadarlıq tarixi barədə oxucularımızı məlumatlandırardınız...

- Əvvəla fürsətdən istifadə edərək sizin vasitəniz ilə bu ayın şəhidi Həzrət Əba Əbdillahil-Hüseyn (ə)-ın şəhadəti münasibəti ilə başda sərvərimiz və zamanın sahibi Həzrət Məhdi (ə.c.) məhzərinə və bütün Əhlibeyt (ə)-ı sevən müsəlmanlara başsağlığı verirəm.

Rayonumuza və rayonda keçirilən əza məclislərinə gəlincə ilk növbədə qeyd etməliyəm ki, Xaçmaz rayonu keçən əsrdə təsis olunmuş bir rayon olduğuna görə əza məclisləri də çox da qədim tarixə dayanmır. Böyüklərimizdən və ağsaqqalarımızdan eşitdiyimə görə təqribən 1947-ci ildən etibarən bu rayonda Peyğəmbər (s) Əhlibeytinə və xüsusi ilə gözünün işığı İmam Hüseyn (ə)-a matəm saxlanılıb. O tarixə qədər rayonumuzun qədim kəndlərinin məscidlərində və bəzi evlərdə qeyd olunurdu. Bu rayonda ilk rəsmi məscid (hazırda istifadədə olan Xaçmaz şəhəri “Təzə şəhər məscidi”) 1956-cı ildə inşa edilib və Aşura ənənəsi o tarixdən bu yana, hətta sovet imperisyasının qadağalarına baxmayaraq, davam etdirilir.

- Xaçmazda bu məclislərə yerli əhali necə yanaşır?

Məlum olduğu kimi Xaçmaz rayonu müxtəlif millətlərin var olduğu  və məzhəb baxımdan çox zəngin bir rayondu. Bölgəmizdə təqribən iyirmi iki dildə danışan və demək olar ki, müsəlman aləmində mövcud olan bütün təriqətləri əhatə edən etnik qruplar yaşayır. Buna baxmayaraq rayonumuzun tarixində bu və digər zəmində hər hansı bir qarşıdurma yaşanmamışdır. Təbii ki, bu da ölkəmizdə mövcud siyasi və ictimai sabitliyin, həmçinin tolerantlığımızın davamiyyətindən qaynaqlanır. Eyni zamanda rayonda bəlkə də ən az saya sahib olan şiə məzhəbinin də müqəddəsləri və mərasimləri birmənalı olaraq çox ehtiramla qarşılanır. Hər il qeyd olunan əza məclislərimiz və xüsusi ilə Aşura gününün izdihamı qeyd etdiyim faktlara əyani bir sübutdur. Belə ki, rayon əhalisi məzhəbindən və milliyətindən aslı olmayaraq Aşura günü səhər saat 09:00-dan etibarən məscidə toplanır və vahid bir ümmət olaraq “Ya Hüseyn” sədaları ilə əzadarlara qoşulurlar. O gün hər kəs Allah ilə öz aralarında olan hacətlərini İmam Hüseyn (ə)-ın və Kərbəlada şəhid olan digər pak şəhidlərin vasitəsi ilə Allaha çatdırır, dualar edir, nəzir və ehsan paylayırlar.

- Məhərrəm və Səfər ayları xalqımızın böyük əksəriyyəti üçün matəm aylarıdır. Bu artıq milli mentalitetimizin bir hissəsinə çevrilib. Bəs Xaçmazda ümumi durum necədir?

- Bizim rayonda bir–iki istisna hallarını nəzərə almasaq Məhərrəm, Səfər və Ramazan aylarında ümumiyyətlə şadlıq məclisləri, əsasən də toylar yığışdırılır. Təbii ki, bu adətin də maraqlı bir səbəbi var. Qeyd etdiyim istisna hallarda toy və şadlıq məclislərini bu aylarda qeyd edənlər böyük bəlalar ilə üzləşiblər.  Xalq bunun tarix boyu şahidi olmuş və artıq bu mövzuya ciddi yanaşmağa başlamışlar. Digər tərəfdən övladı olmayan ailələr, əlacsız xəstəliyi olanlar və digər bu kimi problemləri ilə İmam (ə)-ın qapısına üz tutanlar öz çətinliklərinin həlli möcüzəsini məhz bu məclislərdə tapıblar. Rayonda bu kimi hadisələrin nümunələri həddən artıq çoxdur. Belə olduqda da, təbii ki, məclislərimizin ehtiramı daha da artır. Son illərdə meydana çıxan Əməvi düşüncəli təkfirçi qrupların əks təbliğatı da ancaq matəm ayı daxil olana qədər işləyə bilir. Məhərrəm ayı daxil olduqda xalq yenə də öz bildiyini və məsləhət olduğunu edir.

- Ötən illərdə müqayisədə bu ilki Məhərrəmi fərqləndirən xüsusiyyət varmı?

- Ən çox gözə çarpan bu məclislərə qatılanların sayının artmasıdır. Lakin başqa sahələrdə də dəyişiliklər təbii ki, müşahidə olunur. İlk növbədə məclislərdə ilahi mərifət və nuraniyyətin artması hiss olunur. Bu illərə qədər məclislərdə daim iştirak edən, lakin əsas vacib əməllərini yerinə yetirməyən şəxslər artıq namaz və oruc əhlidirlər. Ancaq Məhərrəm və Səfər aylarında haramdan çəkinənlərin əksəriyyəti artıq ilin hər ayında İlahi sərhədləri qoruyurlar. Təbii ki, bu da məclsilərimizin nuraniyyətini və ruhani keyfiyyətini daha da artırır.

- Son söz olaraq islam.az saytının izləyicilərinə nə deyərdiniz?

- Son söz olaraq Allahdan bu ayın bərəkətini doğma Azərbaycanımıza və xalqımıza lütf etməsini dua edirəm. Ümüd edirəm ki, qeyd olunan bu əzadarlıq məclisləri sadəcə Azərbaycanda deyil, bütün İslam coğrafiyasında xeyrilərə vəsilə olar. Ən böyük təmənnam isə budur ki, inşallah tezliklə biz möminlər işğal olunmuş torpağlarımızın azad olunduğunu görər və oralarda da “Ya Hüseyn” deyərik!


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Noyabr, 2014  13:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!